Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.02.2021 10:35
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

İdarəetmə Sistemləri İnstitutunda Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş onlayn seminar keçirilib. Seminarda institutun rəhbərliyi, GAMŞ üzvləri, Təhsil və İctimaiyyətlə əlaqələr şöbələrinin nümayəndələri və qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində fəaliyyət göstərən alimlər iştirak ediblər. Həmçinin tədbirə Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Diplomatik Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri və Bakı Dövlət Universitetinin, Sumqayıt Dövlət Universitetinin bir qrup tələbələri dəvət olunub.

Tədbiri giriş nitqi ilə açan institutun GAMŞ sədri, r.ü.f.d. Rəşad Məstəliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən ölkədə gənclər siyasətinin təməli qoyulub və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həmin siyasət uğurla davam etdirilir. O AMEA-da müasir Azərbaycan gəncliyinin elm və təhsil sahəsi ilə bağlı dövlət proqramlarının icrasında fəal iştirakını ehtiva edən layihələri nəzərə çatdırıb və bu layihələrin gənclərin elmi inkişafında əhəmiyyətli rolunu qeyd edib.

Sonra institutun baş direktoru, akademik Əli Abbasov seminar iştirakçılarını gənclər günü münasibətilə təbrik edərək ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının dövlət siyasətinin həmişə prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Akademik gənclərin bilik və bacarıqlarını yüksək qiymətləndirən ümummilli liderin bu istiqamətdə siyasi kursunun hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Akademik “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf Proqramı”nın prioritet istiqamətlərini qeyd edərək ölkədə yüksək səviyyəli gənc kadrların yetişməsi istiqamətində AMEA-da görülən əməli tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. O dövlət başçısı tərəfindən cari ilin 25 yanvar tarixli Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına müvafiq olaraq AMEA-da keçirilməsi nəzərdə tutulan elmi konfranslarla bağlı seminar iştirakçılarını məlumatlandırıb. 

Ə.Abbasov Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2011-ci il tarixli sərəncamına əsasən “Elm və texnologiyaların inkişafına verdiyi töhfələr və mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə” Lütfi Zadənin “Dostluq” ordeni ilə təltif edildiyini və həmin ildən başlayaraq Lütfi Zadə elminə həsr olunmuş konfransların həyata keçirildiyini diqqətə çatdırıb.

Akademik sonda Lütfi Zadənin qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyəsinin son nəticələrini və gələcək inkişaf istiqamətini də qeyd edib.

Sonra GAMŞ sədr müavini, k.e.i. Lamiyə Nəcəfova çıxış edərək pandemiya dövründə gənclərin müxtəlif sosial layihələrdə iştirakından və “Bu günün təhsilli gənci - sabahın qəhrəmanıdır” adlı layihəsindən söz açıb.

Seminarın əsas məruzəçisi olan İSİ-nin baş elmi işçisi, professor, t.e.d. Ramin Rzayev çıxış edərək qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdən olduğunu qeyd edib. R.Rzayev Lütfi Zadənin irəli sürərək inkişaf etdirdiyi nəzəriyyələrin müxtəlif elm sahələrinin, xüsusilə də süni intellekt sahəsində tədqiqatların inkişafına təkan verdiyini və bu nəzəriyyələrin üstün intellektual texnologiyalara güclü təsir göstərərək müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadıqlarını vurğulayıb. R.Rzayev Soft Computing texnologiyası mövzusunda təqdimat nümayiş etdirərək tədbir iştirakçılarına 5 laylı neyron şəbəkələr modeli haqqında ətraflı məlumat verib.

Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxışında Lütfi Zadə ilə bağlı xatirələrini bölüşərək insan fəaliyyətinin ən maraqlı istiqamətinin elm olduğunu vurğulayıb və gənclərə bu məsuliyyətli işdə uğurlar diləyib.

Seminarda r.e.d., professor İlqar Məmmədov, AzMİU-nun Strateji İnkişaf üzrə prorektoru, t.e.d. Ülkər Səttarova, ADİU-nin dosenti, r.ü.f.d. Hilalə Cəfərova, ADA Universitetinin dosenti, t.ü.f.d Samir Rüstəmov və İSİ-nin magistrantı Pünar Quliyeva Lütfi Zadə irsi, süni intellekt və Data science mövzuları ətrafında çıxış ediblər.

Sonra İSİ-nin Təhsil şöbəsinin rəhbəri, r.ü.f.d. Sevinc Quliyeva çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ildən AMEA-da Magistratura pilləsinin yaradılmasının elmin inkişafında gənclərin rolunun artırılmasına təkan verdiyini qeyd edərək,magistrların yüksək səviyyədə təhsil alması və inkişafı üçün yardılan şəraitdən söz açıb.

Tədbirdə, həmçinin AMEA İSİ-nin doktorantı Vüqar Həşimov, Arxeologiya və Etnoqrafiya  İnstitutunun magistrantı Nərmin Abbaszadə çıxış edərək AMEA-nın magistraturasında tədrisin üstünlüyündən söz açıblar.

Sonda akademik Ə.Abbasov dövlət quruculuğunda gənclərin iştirakı və onların mənəvi inkişafı üçün ölkədə yaradılan yüksək şəraitin böyük diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edib və gəncləri təbrik edərək onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: