Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.02.2021 16:54
  • A-
  • A
  • A+

Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib

Fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının 2021-ci ildə ilk onlayn iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, bölmənin elmi təşkilatlarının direktorları, BTEB Elmi şurasının üzvləri və aidiyyəti əməkdaşlar iştirak ediblər.

Tədbiri Biologiya və Tibb Elmləri Bölməsi Elmi şurasının sədri, akademik İradə Hüseynova açaraq iştirakçıları salamlayıb və onları gündəlikdə duran məsələlərlə tanış edib. İlk olaraq akademik İradə Hüseynova bölmə üzvlərindən AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadəni, AMEA-nın müxbir üzvləri Elşad Qurbanovu 70, İbrahim Cəfərovu 65 illik, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Həsən Babayevi 60 illik yubileyləri münasibətilə təbrik edərək, onların BTEB-in Fəxri fərmanı ilə təltif olunduqlarını bildirib. Sonra vitse-prezident yığıncaq iştirakçılarına Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin mart ayının 30-da 75 yaşının tamam olacağı barədə məlumat verib, alimin məhsuldar elmi-təşkilati fəaliyyəti haqqında danışıb və vurğulayıb ki, AMEA rəhbərliyinə bu məsələ ilə bağlı müvafiq təqdimat verilib.

Akademik İradə Hüseynova AMEA Rəyasət Heyətinin "AMEA-da 2021-2025-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin planları haqqında" 8 yanvar 2021-ci il tarixli 1/3 nömrəli qərarı haqqında məlumat verib. Natiq qeyd edib ki, institutların elmi tədqiqat planları bölmədə əvvəlcədən baxılaraq geniş müzakirə olunub və lazımi düzəlişlər edilib, hazırda planlar AMEA Rəyasət Heyətinə təqdim oluna bilər.

Bundan əlavə, BTEB-in elmi təşkilatlarının 2021/2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul planına dair təklifləri ətraflı müzakirə edilib.

Daha sonra gündəlikdə yer alan digər məsələlər – Dendrologiya İnstitutunun Elmi şurasının tərkibində, Botanika, Torpaqşünaslıq və Aqrokimya institutlarının strukturlarında qismən dəyişikliklər haqqında müzakirələr keçirilib və müvafiq qərarlar verilib.

Sonda gündəlikdəki kadr məsələsi BTEB Elmi şurası üzvlərinin diqqətinə çatdırılaraq,  biologiya elmləri doktoru, dosent Zümrüd Məmmədova Dendrologiya İnstitutunun Efiryağlı bitkilər laboratoriyasının müdiri vəzifəsinə təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: