Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.02.2021 16:37
  • A-
  • A
  • A+

MEK-də Heydər Əliyev lektoriyasının ilk məşğələsi keçirilib

MEK-də Heydər Əliyev lektoriyasının ilk məşğələsi keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyası keçirilib.

“Heydər Əliyev və dil siyasəti” mövzusunda keçirilən ilk lektoriyanı giriş sözü ilə açan MEK-in direktoru, professor Məmməd Əliyev dahi lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin inkişaf etdirilməsi, dilin yad təsirlərdən qorunması üçün misilsiz xidmətləri haqqında elmi diskussiyaların aparılmasının vacibliyini  qeyd edib. Vurğulanıb ki, ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməlidir. Heydər Əliyev lektoriyasının keçirilməsinin əsas məqsədlərindən biri də məhz fenomen şəxsiyyət Heydər Əliyevin dəyərli ideyalarını gənc nəsillərə layiqincə çatdırmaqdır.

Bildirilib ki, ümummilli lider ana dilini sadəcə öyrənmək yox, onu ürəkdən sevməyi də tələb edərək deyirdi: "Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun".

“Bu gün çox böyük inamla demək olar ki, ulu öndər Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına göstərdiyi qayğı, dahi liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, bir sıra xalqlar bugün Azərbaycan dilinə maraq göstərir, bu dili öyrənməyə çalışırlar. Dövlətimizin nüfuzu artdıqca, dilimizin rolu və mövqeyi də güclənir”, - deyə professor söyləyib.

Sonra Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sənubər Abdullayevanın “Heydər Əliyev və dil siyasəti” mövzusunda geniş məruzəsi dinlənilib.

O, dilimizin dövlət müstəvisində tanınmasının, onun milli və beynəlxalq arenalarda təmsil olunmasının məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladaraq vurğulayıb ki, dahi rəhbərin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, Azərbaycan dili də dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib.

Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul plenumunda respublikanın rəhbəri seçilən Heydər Əliyevin gündəlik fəaliyyətində, ümummilli siyasi xəttində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu. Məhz həmin dövrdə keçən əsrin 60-80-ci illərində Azərbaycanda dilçilik elmi xüsusilə zəngin inkişaf yolu keçib, böyük uğurlar və elmi nailiyyətlər qazanıb. 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Respublika Dövlət Mükafatına layiq görülüb. Yenə həmin dövrdə Azərbaycan keçmiş Sovetlər İttifaqında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınıb. 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilib.

Qeyd olunub ki, şifahi ədəbi dilimizin ilk abidələrindən sayılan, milli varlığımızın mötəbər qaynağı olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında 1997-ci ildə Heydər Əliyevin imzaladığı Fərman məhz tariximizə, mədəniyyətimizə, dilimizə göstərdiyi böyük qayğının nəticəsidir. Vurğulanıb ki, Heydər Əliyevin 2001-ci il tarixli Fərmanına əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Tədbir zamanı MEK tərəfindən hazırlanmış ulu öndər Heydər Əliyevin Azərbaycan dili haqqında müdrik kəlamları və dahi liderin dil siyasətini müxtəlif aspektlərdən tədqiq edən alimlərin əsərlərinin yer aldığı videoslayd nümayiş olunub.

Sonda professor Sənubər Abdullayeva MEK-in xatirə kitabına ürək sözlərini yazıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: