Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

22.02.2021 10:00
  • A-
  • A
  • A+

Zəyəmçay vadisindən tapılan rapira-qılınc barədə məqalə çap olunub

Zəyəmçay vadisindən tapılan rapira-qılınc barədə məqalə çap olunub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitri Kiriçenkonun “Zəyəmçaydan (Azərbaycan) tapılan Orta Tunc dövrü rapira-qılıncı” adlı məqaləsi ingilis dilində Bioarxeoloji və Etnomədəni İrs İnstitutunun (Moldova/Rumıniya) “Revista de Arheologie, Antropologie şi Studii Interdisciplinare” (RAASI, №2, 2020) jurnalında dərc edilib.

2016-cı ildə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi (The South Caucasian Pipeline Expansion project/SCPX) üzrə torpaq işləri zamanı ağır inşaat texnikası təsadüfən bir kurqanı aşkar edir. Kurqanın örtüyündə tunc rapira formalı qılınc tapılır. Nəticədə başda D.Kiriçenko olmaqla, Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası kurqanda arxeoloji qazıntılar aparıb.

2 saylı kurqan kimi qeyd edilən abidə Şəmkir rayonunun ərazisində Düyərli kəndi yaxınlığında Zəyəmçay kəndinin sağ sahilində yerləşir. İlk dəfə Zəyəmçay vadisindəki kurqanlar tarix elmləri doktoru, professor Nəcəf Müseyibli tərəfindən arxeoloji kəşfiyyat işləri zamanı 2000-ci illərin əvvəlində aşkar olunaraq Azərbaycanın arxeoloji abidələr reyestrinə daxil edilib.

SCPX layihəsi çərçivəsində Zəyəmçay vadisində Azərbaycan arxeoloqları (Ş.N.Nəcəfov, D.A.Kiriçenko, V.A.Əsədov) tərəfindən Orta - Son Tunc - İlk Dəmir dövrünə aid altı kurqan tədqiq edilib.

BP şirkətinin maliyyə dəstəyi ilə Mayamidəki (ABŞ) Beta laboratoriyasında  aparılmış radiokarbon analiz əsasında qeyd edilən kurqanın e.ə. XVII əsrə, Orta Tunc dövrünə aid olduğu müəyyənləşdirilib.

Zəyəmçay kurqan qrupunun 2 saylı kurqanından aşkar edilmiş tunc rapiranın uzunluğu 99 sm, çiyinlərinin eni 5 sm, mövcud saplaq hissəsinin uzunluğu 4.4 sm-dir. Saplağın ortasında dəstəyə bərkidilmək üçün 0.5 sm diametrində dəlik var. Qılıncın tiyəsi nazikdir, iti ucuna doğru daralır, hər iki tərəfindən tiyə boyunca uzanan mərkəz beli qabarıqdır, tiyənin ülgüc hissəsi isə itilənib.

Zəyəmçay tapıntısından fərqli olaraq, rapira-qılınclar Azərbaycan ərazisində ilk dəfə XIX əsrdə Talış dağları zonasında aşkar ediliblər, amma onlar Azərbaycanın cənub regionlarındakı tapıntılar kimi sonrakı dövrə (Son Tunc - İlk Dəmir) aiddirlər.

Ümumilikdə Cənubi Qafqaz ərazisində bugünədək Orta Tunc dövrünə aid 18 rapira-qılınclar aşkarlanıb. Rapira tipli qılıncların yayılma arealı əsasən, Cənubi Qafqazın mərkəzi hissəsində cəmləşib.

Zəyəmçaydan tapılan rapira-qılınc cari dövr üçün Azərbaycan ərazisində Orta Tunc dövrünə aid hələlik yeganə nümunədir.

Qeyd edək ki, məqalənin işıq üzü gördüyü jurnal Mərkəzi və Şərqi Avropa Onlayn Kitabxanası elektron sisteminin (CEEOL/Central and Eastern European Online Library) siyahısına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: