Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.03.2021 17:41
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Elm günü qeyd olunub

Şərqşünaslıq İnstitutunda Elm günü qeyd olunub

Martın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ölkəmizdə elmə dövlət qayğısından danışaraq, Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə respublikada Elm gününün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.

G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər Baxşəliyeva ulu öndərin həmin görüşdə söylədiyi sözləri yada salıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

G.Baxşəliyeva Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən, məqsədyönlü, ölkənin milli maraqlarının qorunmasına və əhalinin sosial təminatının artırılmasına yönəlmiş dövlət siyasəti nəticəsində Azərbaycanın qüdrətli iqtisadiyyata, güclü hərbi potensiala, beynəlxalq və regional səviyyədə söz sahibliyinə malik olduğunu deyib. Bütün bunların nəticəsi olaraq Azərbaycan həm ölkə daxilində, həm də regional və beynəxalq səviyyədə yeni reallıq yaratmağa nail olub.

Akademik bildirib ki, Şərqşünaslıq İnstitutu fəaliyyətdə olduğu 63 il ərzində elmimizə böyük töhfələr verib, burada akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəbləri yaranıb. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır. İnstitutun direktoru qeyd edib ki, bu illər ərzində 800-ə yaxın monoqrafiya, kitab, məqalələr məcmuəsi nəşr olunub və bunların da yarıdan çoxu müstəqillik illərinə təsadüf edir. 

Tədbirdə institutun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Esmeralda Həsənova, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasov və başqaları çıxış edərək, Azərbaycan elminin tarixində Şərqşünaslıq İnstitutunun tutduğu yerdən danışıb, müəssisənin kollektivinin əzmlə, böyük həvəslə çalışıraq milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını, onu inamla yeni zirvələrə doğru apardığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: