Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.04.2021 13:00
  • A-
  • A
  • A+

Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir

Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib.

Tədbir Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilib.

Vebinarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Nizami Gəncəvi İli”nin elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrildiyini, eyni zamanda, klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğunu bildirib. K.İmanov Prezident İlham Əliyevin qətiyyəti və diplomatiya istedadı sayəsində qazanılmış bu möhtəşəm tarixi qələbəyə görə ona hədsiz minnətdarlığını bildirərək, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini dövlətimiz tərəfindən tarixi şəxsiyyətlərimizə, klassik mədəniyyətimizə verilən yüksək dəyərin bariz nümunəsi kimi hər birimizin ürəyindən xəbər verdiyini vurğulayıb. Agentliyin rəhbəri bildirib ki, Nizami yaradıcılığı poeziyanın parlaq səhifələri olaraq, zəngin dünyagörüşü və biliklər zirvəsidir. Dahi şairin sönməz yadigarına uyğun olaraq, onu yalnız söz ustası kimi tanımaq ədalətsiz olardı. Dünya ədəbiyyatının 5 ən görkəmli dahi şairi sırasına daxil edilən böyük Nizami gözəl elmşünas və alim idi, dünyanın ozamankı təbiət elmləri, riyaziyyat və humanitaristika nailiyyətlərini bədii, şeir dilində dərk etmiş və açıqlamış şəxsiyyət idi. Nizaminin bilikləri zamanına uyğun olan ən yüksək təbiətşünaslıq və həndəsə, kosmologiya və musiqişünaslıq, psixologiya və etnoqrafiya, dərin ilahiyyat nümunələri idi.

Vebinarda çıxış edən Mədəniyyət naziri Anar Kərimov bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bədii irsi milli ədəbiyyatımızı dünya bədii fikrinin ön sıralarına çıxarıb, türk-İslam intibahını özünün ən uca zirvələrinə qaldırıb. Odur ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə Azərbaycan üçün deyil, türk, Şərq və dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Bu Sərəncam Azərbaycanın ədəbi və bədii irsinə dövlətimizin ən ali formada ehtiramının göstəricisidir.

Sonra çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin vurğulayıb ki, dahi söz ustadı nəinki Azərbaycan ədəbiyyatı və tarixində, ümumiyyətlə dünya mədəniyyətində tanınır. Beynəlxalq Mərkəz onun irsinin qorunması ilə yanaşı, şairin ideyalarını, o cümlədən açıqlıq, tolerantlıq və s. daim təbliğ edir. Bütün ədəbiyyatsevərlər Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi dəyərlərə inanırlar. Nizaminin yaradıcılığı İslam dünyasını dərindən bilənlər üçün gözəl bir nümunədir. Onun “Xəmsə”si dünya ədəbiyyatının zirvəsi sayılır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva vurğulayıb ki, Nizaminin əsərləri hər zaman müasirdir. Bu gün də nizamişünaslıqda yeni fikirlər söylənilir, şairin yaradıcılığı yeni estetik baxışlar tələb edir. Nizaminin yaradıcılığı bütün türk dünyasının, bütövlükdə bəşəriyyətin sərvətidir.

ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib. Eyni zamanda, Azərbaycanın dünyaya açıq olan bir ölkə olduğunu, sülhə töhfə verdiyini qeyd edib. Vurğulayıb ki, şairin əsərlərində təbliğ edilən tolerantlıq, sülh, sevgi hər zaman aktualdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, dünyanın müxtəlif kitabxanalarında Nizaminin əsərləri qorunub saxlanılır, qəzəlləri, poemaları ayrı-ayrı dillərə tərcümə edilir. Bu, şairin əsərlərinin mütaliə dairəsinin geniş olduğunu göstərir. Nizami Gəncəvi türk dünyasının qürurudur. Hələ 1979-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Təsadüfi deyil ki, 1991-ci ili UNESCO “Nizami İli” elan edib.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Nizami Gəncəvi Şərq renessansının yaradıcısıdır. Nizami ədəbiyyatı öz dövrünün siyasətindən mənəviyyatına doğru inkişaf etdirib və böyük mənəviyyat dastanları yaradıb. Nizami humanizmi orta əsrlər Şərq və Qərb humanizminin zirvəsində dayanıb. Azərbaycanın dünya nizamişünaslığının mərkəzi olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli istər ulu öndər Heydər Əliyev tərəfindən, istərsə də Prezident İlham Əliyev tərəfindən ölkəmizdə nizamişünaslığın inkişafı üçün geniş şərait yaradıldığını vurğulayıb. Xatırladıb ki, 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

AMEA-nın vitse-prezidenti “Nizami Gəncəvi Ensiklopediyası” ilə bağlı görülən işlərdən danışıb, payızda beynəlxalq konfransın keçiriləcəyini bildirib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov şairin irsinin təbliği istiqamətində görülən işlərdən söz açıb, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri qeyd edib. Xatırladıb ki, 2019-cu ildə Nazirlər Kabinetinin qərarı ilə Nizami Gəncəvinin əsərləri dövlət varidatı elan edilib.

Kembric Universitetinin professoru xanım Kristin van Ruymbeke videomüraciətində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı şairin elmə, insana yüksək dəyər verdiyini bildirib. Qeyd edib ki, şair insanı cəmiyyətlə, təbiətlə vəhdətdə verib ki, bu məsələlər bu gün də önəmlidir.

Vebinarda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Nizami yaradıcılığı – qlobal mənəvi dəyər kimi” və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Azərbaycan-türk mədəniyyətinin zirvəsi Nizami Gəncəvi" mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda məruzəsi dinlənilib.

"AzərTac"

  • Paylaş: