AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Kübra Əliyeva və bu elmi müəssisənin Qafqaz Albaniyasının incəsənəti və memarlığı şöbəsinin əməkdaşları Makedoniyanın Ohrid şəhərində keçirilmiş “Mədəni irs, yerli iqtisadi inkişaf, turizm və media arasında interdisiplinar əlaqələrə baxış” mövzusunda III Beynəlxalq konfransda iştirak ediblər.
Tədbirdə Kübra Əliyeva uzun illər üzərində tədqiqat apardığı “Bəla” və “Bədnəzər"ə qarşı mübarizə üsulları və onların Azərbaycan arxeologiyası, incəsənəti və mifologiyasında rəmzləri”, institutun Qafqaz Albaniyasının incəsənəti və memarlığı şöbəsinin kiçik elmi işçisi Kamilə Mehdiyeva isə “Azərbaycan tərəkəmələrinin xalça məmulatları” mövzusunda məruzələrlə çıxış ediblər.
Azərbaycanlı alimlərin məruzələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Hər iki çıxış xüsusi serftifikatla qiymətləndirilib.
Qeyd edək ki, məruzəçilər hazırda məqalələrinin Kembric üslubu ilə çapa hazırlanması prosesi üzərində işləyirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.