Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm TV”də Nəsib bəy Yusifbəylinin 140 illiyi münasibətilə videosüjet yayımlanıb
31.05.2021 17:26
  • A-
  • A
  • A+

“Elm TV”də Nəsib bəy Yusifbəylinin 140 illiyi münasibətilə videosüjet yayımlanıb

AMEA-nın “Elm TV” internet televiziyasında Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətində iki dönəm baş nazir vəzifəsini yerinə yetirən Nəsib bəy Yusifbəylinin anadan olmasının 140 illiyi münasibətilə videosüjet yayımlanıb.

Videosüjetdə N.Yusifbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Ekran əsərində 1881-ci ildə Gəncədə ziyalı ailəsində anadan olan N.Yusifbəylinin Odessa Universitetində hüquq təhsili almasından, İsmayıl bəy Qaspiralının nəşr etdiyi “Tərcüman” qəzeti ilə əməkdaşlıq əlaqələrindən bəhs olunub.

Süjetdə AMEA-nın Elm Tarixi İnstitutunun şöbə müdiri Bayram Quliyev N.Yusifbəylinin Bakıda “Açıq söz” qəzetindəki mətbu fəaliyyətindən, Məmməd Əmin Rəsulzadə ilə tanışlığından, Zaqafqaziya seymində dövlətçilik fəaliyyətindən, maarif və daxili işlər naziri, eləcə də  Nazirlər Şurasının sədri kimi gördüyü işlərdən danışıb.

Qeyd olunub ki, N.Yusifbəylinin Xalq Maarifi Nazirliyində həyata keçirdiyi ilk məsələ Azərbaycan dilinin dövlət dili elan edilməsi olmuşdur. Bundan başqa, Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar, Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması məhz N.Yusifbəylinin xidmətləri sayəsində gerçəkləşdirilmişdir.  

Vurğulanıb ki, dinin dövlətdən ayrılması siyasətinin əsasının qoyulması, Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması, savadsızlığa qarşı kursların açılması, məktəb dərsliklərinin nəşri, hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında qərar görkəmli dövlət xadimi N.Yusifbəylinin fəaliyyəti dövrünün mühüm hadisələri sırasındadır.

Videosüjeti təqdim edirik:

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: