Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.04.2026 12:00
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşı Özbəkistanda tələbələrə ustad dərsi keçib

Ədəbiyyat İnstitutunun əməkdaşı Özbəkistanda tələbələrə ustad dərsi keçib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova Asiya Texnologiyalar Universitetinin rektoru Raxmonov Lochin To'xtamishovichlə görüşüb.

Görüş zamanı universitet rəhbərliyinə Azərbaycanın bayrağı və milli dəyərlərimizi özündə əks etdirən müxtəlif simvolik hədiyyələr təqdim edilib. Eyni zamanda Aytən Qurbanovanın təşəbbüsü ilə universitetdə Azərbaycan mərkəzinin açılması və ən qısa zamanda fəaliyyətə başlaması rəhbərlik tərəfindən qərara alınıb.

Daha sonra özbəkistanlı tələbələrə “Türk dünyası: ortaq milli dəyərlər və ortaq dil” mövzusunda ustad dərsi keçib. Məruzə zamanı Türk xalqlarının ortaq tarixi kökləri, zəngin ədəbi-mədəni irsi, dil birliyi və qarşılıqlı təsir məsələləri geniş şəkildə təhlil olunub.

Çıxışda türk dillərinin inkişaf mərhələləri, ortaq leksik və semantik xüsusiyyətlər, eləcə də müasir dövrdə türk dilləri arasında inteqrasiya prosesləri diqqətə çatdırılıb. Eyni zamanda, ortaq milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Ustad dərsi tələbələr tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında fəal müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb.

Tədbirin sonunda universitet rəhbərliyi, müəlim kollektivi və tələbələr belə görüşlərin elmi və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: