Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutunun alimi Özbəkistanda elmi ezamiyyətdə olub
28.04.2026 11:43
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi Özbəkistanda elmi ezamiyyətdə olub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Leyla Kərimova 6-17 aprel 2026-cı il tarixlərdə Özbəkistan Respublikasında elmi ezamiyyətdə olub, bir sıra elmi və mədəni tədbirlərdə iştirak edib.

Ezamiyyətin ilk günlərində alim Fərqanə Dövlət Universiteti və Kokand Universitetinin Filologiya fakültələrində təhsil alan tələbələr üçün Azərbaycan ədəbiyyatına dair elmi seminarlar keçib. O, Azərbaycan ədəbiyyatı tarixi, müasir ədəbi proses, XIX–XX əsrlərdə ədəbi-ictimai mühit, repressiya qurbanı olmuş ədiblərin həyat və yaradıcılığı, həmçinin I Türkoloji Qurultay və Azərbaycan–Özbəkistan ədəbi əlaqələri barədə mühazirələrlə çıxış edib.

12-15 aprel tarixlərdə L.Kərimova özbək tələbələr üçün Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun və Hüseyn Cavid kimi klassiklərin irsi haqqında ustad dərsləri keçib, Əlyazmalar İnstitutunun fəaliyyəti, əlyazma fondu, eləcə də elmi-tədqiqat müəssisəmizdə aparılan tədqiqat və transfoneliterasiya işləri barədə geniş məlumat verib.

Səfər zamanı əməkdaşımız Özbəkistanın müxtəlif kitabxanalarını ziyarət edib, burada elmi-tədqiqat işləri aparıb. Alim həmçinin Kokand şəhərində yerləşən Əlyazmalar Muzeyi və Fərqanə Şəhər Kitabxanasının əlyazma fondu ilə də tanış olub.

16-17 aprel tarixlərdə Leyla Kərimova özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Oripovun 85 illik yubileyinə həsr olunmuş tədbirdə məruzə edib, çıxışına görə Fərqanə Dövlət Universitetinin “Təşəkkürnamə”si ilə təltif olunub. Tədbirdən sonra alim Abdulla Oripovun yaradıcılığı ilə bağlı Özbəkistan Televiziyasına müsahibə verib, tədbir haqqında təəssüratları ilə bölüşüb.

Ezamiyyət çərçivəsində Leyla Kərimovanın elmi fəaliyyəti universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Alim oxuduğu mühazirələr və keçdiyi ustad dərsləri ilə elm və təhsil sahəsində verdiyi töhfələrə görə Fərqanə Dövlət Universitetinin “Sertifikat”ı ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: