“Bəzən məndən soruşurlar ki, bu qədər gərgin işləri aparmağım necə mümkün olubdur? Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir”
Heydər ƏLİYEV
AMEA-nın müxbir üzvü Yaşar Qarayev Ulu Öndərin 75 illiyi ərəfəsində qələmə aldığı məqaləsində yazırdı: “Heydər Əliyev olmaq, ümumiyyətlə, çətin işdir. 75 il fasiləsiz, hər ay, hər gün sərasər Heydər Əliyev olub qalmaq isə xüsusilə çətindir”.
Həyatda Heydər Əliyev olmağın çətinliyinə etiraz edən tapılmaz. Bu işin ədəbiyyatda əksi, gerçəkdəki Heydər Əliyevi tarixi yaddaşdan ədəbi yaddaşa köçürmək, onun bədii obrazını yaratmaq ikiqat çətindir. Əgər bu obraz, bu bədii portret uşaqlar üçün yaradılırsa, azyaşlı oxucu üçün təqdim olunursa, işin ağırlığı bir qədər də artmış olur.
Heydər Əliyev bütün ağır və çətin işlərin içərisində xalqın gələcəyi hesab etdiyi uşaqlara da zaman ayırır, onların qayğı və problemləri, uğurlarıyla maraqlanırdı ki, bu da əslində onun mənəvi-əxlaqi dəyərlərə söykənən siyasi kursunun, Azərbaycan ideyasının tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Heydər Əliyevin ənənə halını almış, hər il qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Günü tədbirlərində dərinməzmunlu çıxışlarını nəzərdən keçirdikcə onun bu sahədəki çoxyönlü işlərinə şahidlik edirik. Uşaqlara, yeniyetmələrə xitabla başlayan çıxışlar, əslində, Heydər Əliyevin gələcək nəslin tərbiyəsində, kamil şəxsiyyətlərin yetişməsində, azad və müstəqil Azərbaycanın idarəçiliyinin layiqli davamçılara ötürülməsi sahəsində gördüyü proqram xarakterli işlərin ifadəsi idi.
Çıxışlarının hamısında uşaqlara dərin sevgi və ehtiram ilə yanaşı, istedadlarına, qabiliyyət və kamallarına bir etimad və əminlik əks olunurdu. Bu arxayınçılıq və əminliyi şərtləndirən amillər onların idman, incəsənət-musiqi, rəqs, rəsm sahəsindəki bacarıqları və uğurları ilə yanaşı, həm də elm və təhsildə, olimpiadalarda əldə etdikləri nailiyyətlər idi.
Təbii ki, tarixi şəxsiyyətlərin öyrənilməsi, onların fəaliyyətlərinin tədqiqi elmi tarixin vəzifəsi olduğu qədər bədii ədəbiyyatın da borcudur. Ədəbiyyat tarixin yetişdirdiyi simaların obrazını yaratmaqla, həm də dünən, bu gün və sabah arasında ünsiyyət körpüsü qurmuş olur.
Heydər Əliyevin uşaq ədəbiyyatındakı obrazına işıq saldıqda göz önündə xilaskar, varlığı ümid və nicat vəd edən, Azərbaycanın özünəqədərki milli dövlətçilik, idarəçilik təcrübəsini bir daha nümayiş və təsdiq etdirən, təkcə həmfikirlərinə deyil, həm də opponentlərinə qəbul etdirən bir şəxsiyyət, xalqının qəhrəmanı, müdrik lider, millət atası kimi görünür. Heydər Əliyevin obrazına daha çox poeziyada rast gəlirik. Ulu Öndər haqqında uşaqlar üçün saysız-hesabsız şeirlər yazılmışdır. Nəbi Xəzri “İradə möcüzəsi”, Valeh Mirzə “Ruhu canımızdadır”, Şövkət Məmmədbəyli “Yaşayacaqdır”, Uğurlu Xəlilov “Biri Günəş, biri Heydər”, Xıdır Alovlu “Vətənləşən vətəndaş”, Aygün Bal “Heydərin davamçısı gərək ki, Heydər olsun”, Bəhlul Ataxanlı “Dünyanın Heydər oğlu”, İlqar Dağlaroğlu “Heydər baba”, Aynur Hüseynova “Körpələr babası sən, Heydər baba”, Səmid Mövsümov “Qayəsi nur, özü də nur”, Samir Səyyadoğlu “Haqqımızdır öyünmək”, Əkbər Qoşalı “Ümidsiz ha deyilik”, Ələmdar Quluzadə “Heydər baba, öndər baba”, Rafiq Yusifoğlu “Rəhbərin heykəli”, “Ulu Öndər”, Nəriman Hüseyn “Nur övladı”, Fərid Ağamirzəyev “Heydər baba”, Oqtay Zəngilanlı “Ulu Heydər”, “Millət atası”, “Bir millət, iki dövlət” və adını çəkmədiyimiz yüzlərlə şeirdə Ulu Öndərin portretinə müxtəlif yöndən işıq tutulur.
Bədii nümunələrdə Heydər Əliyevdən həm tarixin və zamanın yetirdiyi, həm də tarixin özünü yaradan, onu yönləndirən kimi danışılır. Elə söykənən, elin söykəndiyi, yol açan, özü yol olan, xalqdan güc alan, xalqın güc aldığı, genetik yaddaşın, tarixi təcrübənin yetirdiyi və özü nümunəyə, məktəbə çevrilən, vətənin həm əsgəri, həm generalı... Bu dilemmalar bəzən eyni şeirdə, bəzən də ayrı-ayrı, tam fərqli bədii nümunələrdə özünü göstərir:
Heydər, öz yurdunun sadiq əsgəri,
Türkün ən qüdrətli generalıydı.
(Vahid Əziz)
Qəlbini bürüyüb Azərbaycana,
Qəlbinə bürüyüb Azərbaycanı.
(Məstan Günər)
Sən tarixi yaza-yaza
Özün də tarix oldun.
(Rafael Hüseynov)
Sevimli uşaq şairi və yazıçısı Zahid Xəlilin Ümummilli Liderə həsr etdiyi silsilə-“Oxu, Surxay”, “Bulaq”, “O gecə”, “Əl”, “Heydər körpüsü”, “Azərbaycan xiyabanı”, “Uçaq”, “Dağlar” şeirləri var. Bu şeirlərdə bütün övladları öz balası kimi sevən, onlara qayğı və diqqət göstərən, uğurlarından fərəhlənən, qürur keçirən dahi şəxsiyyət kimi söz açılır. Müəllif Ümummilli Liderin adı verilən park və xiyabanlardan, bulaqlardan danışır, onların əsrarəngiz və gözəlliyinin sirrini adlarından alması ilə izah edir. Şair üçün Babadağdan da uca, buludlardan da yüksək zirvə olan Ulu Öndərin saldığı yol - Heydər yolu kiçik oxuculara örnək göstərilir, bildirilir ki, bu yol xoş əmələ söykəndiyi üçün sonu uğura çıxır.
Leyla Əliyevanın “Mənim babam” şeirini fərqləndirən başlıca cəhət odur ki, əgər digər şeirlərdə müəlliflər öz qəhrəmanlarını böyüklərin söhbətlərindən, onun haqqında danışılanlardan, gördüyü işlərdən, tədbirlərdən tanıyıblarsa, bu şeirdəki təəssürat qəhrəmanıyla daimi ünsiyyətdən, baba-nəvə münasibətindən, sıx müşahidələrdən yaranmışdır:
Mənim babam gözəl insan,
Sevimlidir, mehribandır.
Yüz il, min il yaşayasan -
Desəm ona, yenə azdır.
İnsan var ki, qəlbi qara,
Bəd əməlі, bəd niyyəti.
Onlar hara, babam hara...
Bir insandır ədalətli,
Öz xalqına sədaqətli,
Mənim babam.
Kömək edər, əluzadar,
Dara düşsə bircə adam.
Bax, belə bir ömür yaşar.
Mənim məğrur,
Mənim əziz Heydər babam!
Rafael Hüseynovun “Sədaqət dərsi”, “Sən tarixi yaradan”, “Arzun” şeirləri Heydər Əliyevin bədii portretini əks etdirmək baxımından uşaqlar üçün uğurlu nümunələrdir. Bu poetik mətnlərdə Ulu Öndərdən bir məktəb, bir örnək kimi bəhs olunur. Bu məktəbdə vəfa dərsi var, ləyaqət, sədaqət dərsi var. Bu məktəb çətinliklər qarşısında mətanətli, dəyanətli olmağı, arzuların uğrunda əzmkar olmağı öyrədir. Bu bədii nümunələrdə poetik qəhrəmandan dönə-dönə oxunmalı kitab kimi danışılır. Bu kitabda “bir qəhrəmanın yenilməzlik hekayəti”, “sadədən sadə insanın dahi olmaq şücaəti” yazılıb.
Heydər Əliyevin bədii obrazına nəsr əsərlərində də müraciət olunmuşdur. Sevinc Nuruqızının “Yaradılış” hekayəsi Heydər Əliyevin portretini toxuyan xalçaçı qadınla uşaqların təsadüfi və maraqlı görüşləri, dialoqları üzərində qurulub:
- Xalq çətində və darda ona arxalanıb. Onun böyük qəlbinə və siyasi məharətinə sığınıb. Onun bir çağırışı ilə meydanlara axışıb.
- Onun ətrafında yumruq kimi birləşib. Bu insan xalqa güvən verib, xalqda özünə inam yaradıb, xoşbəxt gələcəyə aparan yolda cəsarətlə addımlayıb. Gecəsini gündüzünə qatıb. Yorulmadan çalışıb... Ömrünü xalqının yolunda şam kimi əridib. Əsl siyasi lider olmağı bacarıb... Böyüklərin və uşaqların dostuna çevrilib...
- Uşaqlar diqqətlə dinləyirdi. Qadının həlim səsi və təsvir etdiyi qəhrəmanın insani keyfiyyətləri onları elə bil sehrləmişdi.
Artıq heç nə deməyə ehtiyac yox idi... Uşaqlar yerbəyerdən səsləndilər:
- Heydər baba...
Heydər Əliyevin uşaq ədəbiyyatında obrazı güclü dövlət qurmağı bacaran, Azərbaycanın əbədiliyini təmin edən, Vətənə tuşlanan zərbələrə sinə gərən, 7-dən 77-yə hər kəsin qayğısını şəxsi problemi hesab edən “Heydər baba” kimi görünür.
Aygün BAĞIRLI, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent
“Azərbaycan” qəzeti