AMEA-nın “Elm TV” internet televiziyasında ölkəmizdə aparılan iqtisadi islahatlar və bu sahədə elmi tədqiqatlara dair videosüjet yayımlanıb.
Videosüjetdə bildirilir ki, Azərbaycanda vergi mühitinin yaxşılaşdırılması və onun biznes fəaliyyətinə müsbət təsirlərin artırılması məqsədilə qanunvericilik bazası təkmilləşdirilib, vergi inzibatçılığında səmərəliliyin artırılması ilə bağlı əməli addımlar atılmaqdadır.
Reportajda AMEA-nın İqtisadiyyat İnstitutunun Maliyyə, pul-kredit siyasəti şöbəsinin müdiri, i.ü.f.d., dosent Yaşar Məmmədov ölkəmizdə vergi islahatlarının davamlı olaraq həyata keçirilməsinin vacibliyindən danışıb.
Qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların ölkəmizin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edən Y.Məmmədov Azərbaycanda maliyyə, vergi və digər sahələrdə davamlı olaraq həyata keçirilən islahatlardan bəhs edib.
Biznesin, vergi ödənilməsi sahəsində bütün proseslərin tam elektronlaşdırılmasına keçid prosesinin təmin olunmasının zəruriliyi məsələsinə toxunan Y.Məmmədov Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında mövqeyinin yüksəldilməsi və ölkədə vergi mühitinin daha da yaxşılaşdırılması istiqamətində bəzi təkliflər irəli sürüb.
O, AMEA-nın İqtisadiyyat İnstitutunda bu istiqamətdə ciddi tədqiqatlar aparıldığını qeyd edərək, Azərbaycanda həm biznesin, həm də vergi ödənilməsinin asanlaşdırılması üçün islahatların bir neçə istiqamətinə daha çox diqqət yetirməyin əhəmiyyətini bildirib.
Ölkəmizin iqtisadi mənzərəsini şərh edən alim qeyd edib ki, aparılan iqtisadi islahatlar Azərbaycanın mövqeyinə müsbət təsir göstərməklə, xarici iqtisadi əlaqələrin genişləndirilməsinə, əlverişli investisiya mühitinin yaradılmasına, qeyri-neft sektorunun inkişafı, o cümlədən makroiqtisadi göstəricilərin yüksəldilməsi kimi vacib məsələlərin həllinə yönəldilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.