Cənub regionunda fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində aparılan tədqiqatların vahid mərkəzdən idarə olunması modelini yaratmaq məqsədilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) elmi-praktik istiqamətlər üzrə Koordinasiya Şurası yaradılıb.
Mərkəzin direktoru, Koordinasiya Şurasının sədri, professor Fərman Quliyev bildirib ki, Koordinasiya Şurası AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” 2017-ci il 4 dekabr tarixli Qərarı və AMEA-nın Nizamnaməsinin “Akademiyanın vəzifələri” bölməsinə uyğun olaraq yaradılıb. Onun sözlərinə görə, Koordinasiya Şurasının yaradılmasında məqsəd regionda müvafiq elmi istiqamətlərin inkişaf etdirilməsi, həmin elmi istiqamətlərdə aparılan tədqiqat işlərinin əlaqələndirilməsi, müxtəlif elmi strukturların birgə tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsi, onların nəticəliliyi və səmərəliliyinin yüksəldilməsi və təsərrüfatlara tətbiqinin təmin edilməsidir. Alim qeyd edib ki, Koordinasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, AMEA-nın Nizamnaməsini, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnaməni rəhbər tutub: “Koordinasiya Şurasının fəaliyyətinə regionda müvafiq elmi istiqamətlərdə fundamental və tətbiqi elmi tədqiqatların prioritet istiqamətlərini və mövzularını müəyyənləşdirmək, elmi tədqiqat və ali təhsil müəssisələrində bu istiqamətlər üzrə tədqiqatların aparılmasını təmin etmək, regionun elmi tədqiqat və ali təhsil müəssisələri tərəfindən elmi tədqiqat işlərinin planlarının hazırlanmasına, prioritet elmi istiqamətlərin və mövzuların müəyyən edilməsinə nəzarət etmək, elmi tədqiqat işlərinin vəziyyətini araşdırmaq, ildə 2 dəfədən az olmayaraq bu sahədə təhlillər aparmaq və Koordinasiya Şurasının bu barədə qərarını müvafiq müəssisələrin nəzərinə çatdırmaq daxildir”.
Koordinasiya Şurasının sədri, professor Fərman Quliyev əlavə edib ki, Lənkəran-Astara bölgəsi üçün xarakterik çay və sitrus bitkilərinin yeni yüksək məhsuldar və davamlı sortlarının yaradılması və artırılması, biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, Lənkəran-Astara bölgəsində yabanı floranın növ tərkibinin öyrənilməsi, mədəni bitki ehtiyatlarının müəyyənləşdirilməsi, biomüxtəlifliyin qiymətləndirilməsi və genefondun qorunması üçün təkliflərin hazırlanması da qarşıda əsas vəzifə kimi durur. Onun sözlərinə görə, həmçinin etno-mədəni proseslərin regional məsələləri, Azərbaycanın maddi və mənəvi mədəniyyətinin səciyyəvi xüsusiyyətlərinin öyrənilməsi, Lənkəran-Astara regionunda uzunömürlülük fenomeninin müxtəlif aspektlərinin tədqiqi diqqət mərkəzində olacaq: “Bu istiqamətdə fəaliyyətimizi genişləndirməkdən ötrü Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı rayonlarında fəaliyyət göstərən elmi tədqiqat, təhsil, aqrar və digər istehsalat yönümlü 17 müəssisəni təmsil edən 25 nəfəri Koordinasiya Şurasının tərkibinə daxil etməklə, elmi tədqiqat və istehsalat fəaliyyətlərini vəhdət halında inkişaf etdirməyə səy göstərəcəyik. Bu məqsədlə Koordinasiya Şurasının Əsasnaməsi hazırlanıb, müzakirə olunacaq məsələlər, şuranın rəhbər heyəti və tərkibi müəyyənləşdirilib”.
Fəaliyyət proqramında regionun sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi istiqamətlərin və problemlərin tədqiq olunacağını, elmi problemlərin müasir dünya təcrübəsinə əsaslanacağını vurğulayan Fərman Quliyev bildirib ki, bölgəni prioritet elmi işlərin müəyyən edilmiş tələblərinə uyğun kadrlarla təmin etmək, aktual mövzuların siyahısını tərtib etmək, onu elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuralarına tövsiyə etmək, doktorantura və dissertanturaya cari və perspektiv qəbul planlarının hazırlanmasında iştirak etmək, elm və ali təhsil müəssisələrindən alınmış məlumatları müzakirə etmək, bu barədə AMEA-nın Rəyasət Heyətinə, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına və müvafiq dövlət orqanlarına təkliflər vermək nəzərdə tutulub: “İnanırıq ki, respublikada ilk dəfə olaraq AMEA Lənkəran Regional Elmi Mərkəzində regionda fəaliyyət göstərən elmi-praktik yönümlü müəssisələrin bazasında yaradılan elmi-praktik istiqamətlər üzrə Koordinasiya Şurası elmi tədqiqat işlərinin planlaşdırılmasında respublika və dünya təcrübəsindən istifadə edəcək, onların sosial-iqtisadi, elmi-texniki və s. vəzifələrinin həllinə yönələn fundamental istiqamətləri müəyyənləşdirəcək, elmi nailiyyətlərin təcrübədə tətbiqi və s. məsələləri öyrənib ümumiləşdirməklə Azərbaycan elminə öz töhfələrini verəcək”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.