Avqustun 4-də saat 10:00-da AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) dahi Azərbaycan alimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 100 illik yubileyinə həsr olunan onlayn mini-konfrans keçiriləcək.
Konfransda ŞAR-ın gənc əməkdaşları Lütfi Zadənin həyat və yaradıcılığı ilə tanış olacaq, öz apardıqları elmi araşdırmalar barədə məruzələr edəcəklər. Toplantıda gənclərlə yanaşı, təcrübəli əməkdaşların da iştirakı gözlənilir.
Qeyd edək ki, mini-konfransın proqramı iştirakçıların sayından asılı olaraq tərtib ediləcək.
Tədbirdə iştirak etmək istəyənlər qeydiyyatdan keçməli və öz çıxışlarının tezislərini ismailovnshao@gmail.com ünvanına göndərməlidirlər. Qeydiyyatdan keçmək üçün göstərilən email ünvanına şəxsin özü haqqında məlumat verməsi və iştirak edəcəyini bildirməsi kifayətdir. Tezislərin son göndərilmə tarixi 1 avqust 2021-ci ildir.
Tezislər aşağıdakı formatda tərtib olunmalıdır:
- A4 ölçülü vərəqdə, qalın baş hərflərlə, Times New Roman şrifti ilə, qısa və lakonik şəkildə, ingilis dilində məruzənin adı, növbəti sətirdə qalın şriftlə müəlliflərin soyadı və inisialları, sonra iş yeri və ünvanı, e-mail ünvanı (əlaqə üçün), tezisin abstraktı və sonda açar sözlər verilməlidir.
Tezislər toplusu redaktədən sonra elektron şəkildə rəsədxananın saytında yerləşdiriləcək. Həmçinin konfrans materiallarının məqalə şəklində “Azərbaycan Astronomiya Jurnalı”nda nəşri planlaşdırılır.
E-mail: ismailovnshao@gmail.com
Tel.: (+994 50) 321 56 34; (+994 50) 623 06 31
Ünvan: Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.