Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçiriləcək
17.04.2025 15:56
  • A-
  • A
  • A+

“Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçiriləcək

23 may 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun təşkilatçılığı ilə 2025 - “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransın məqsədi milli dövlətin mənəvi əsaslarının gücləndirilməsində folklor resurslarından istifadə imkanlarının yenidən nəzərdən keçirilməsi, etnik mədəniyyət və milli dövlətçilik şüuru istiqamətində tədqiqatların nəticələrinin dəyərləndirilməsi və perspektivlərlə bağlı elmi fikir mübadiləsinin aparılmasıdır. 

Konfransın mövzu dairəsi aşağıdakı istiqamətləri əhatə edir:

-Milli ideologiyanın formalaşmasında folklor

-Dövlət və xalq mərasimləri

-İdarəetmə və folklor: ənənəvi dəyərlərdən dövlət hüququna

-Milli kimlik və folklor

-Folklorda dövlət və hökmdar

-Milli müstəqillik dövründə folklorşünaslıq

-Müasir folklorşünaslığın nəzəri-metodoloji problemləri

Konfransın formatı: əyani

İştirakçı üçün şərtlər:

Tədbirdə iştirak etmək istəyənlər 10 may 2025-ci il tarixinə qədər konfransın elektron ünvanına (konfransmillidovlet@gmail.com) xülasə (250-300 sözdən ibarət olmalıdır)  göndərməlidirlər.

Məruzələrin qəbul edilib və ya edilməməsi haqqında müəlliflərə məlumat verilməsi tarixi: 12 may 2025-ci il (elektron poçt ünvanı vasitəsi ilə).

Təşkilat Komitəsi tərəfindən qəbul edilmiş məruzələrin tam mətnləri 30 may 2025-ci il tarixindən gec olmayaraq göstərilən (konfransmillidovlet@gmail.com) e-mail ünvana göndərilməlidir.

Qəbul edilmiş məruzələrin mətnləri elektron kitab halında Folklor İnstitutunun saytında yerləşdiriləcəkdir.

Məruzənin yazılma qaydaları:

Məruzənin mətni Microsoft Word redaktorunda yığılmalıdır. Həcmi 15 səhifəyə qədər, formatı A4, Times New Roman, 12 pt, yuxarı və aşağı xətlər 20 mm, sol xətt 30 mm, sağ xətt 15 mm, sətirlərarası məsafə 1,5, abzas 1,25 olmalıdır. Müəllifin adı və soyadının altında elmi dərəcəsi, elmi adı, təmsil etdiyi müəssisənin adı, ORCID ID və e-poçt ünvanı qeyd olunmalıdır. Mətndə qeydlər, formullar, cədvəllər, qrafiklər və səhifə nömrələri olmamalıdır. Mənbələr mətnin içində mötərizədə verilir, məsələn (Talıbzadə, 2006: 28). Müəllifi göstərilməyən ensiklopediya, toplu və s.lərə istinadda əsərin adı yazılmalıdır. “Ədəbiyyat” bölməsində ardıcıllıq əlifba sırası ilə düzənlənir (10 pt), nömrələnmir, aşağıdakı nümunəyə uyğun göstərilir:

Bailey, N.W. (2012). Evolutionary models of extended phenotypes. Trends in Ecology & Evolution, 27(3), 561-569.

Dussen, J.V.D. (2012). History as a Science: The Philosophy of R.G. Collingwood, London, Springer.

Köprülü, M.F. (1999). Edebiyat araştırması. Ankara: Türk Tarih Kurumu.

Xülasə Azərbaycan, rus və ingilis dillərində tərtib olunmalıdır (10 pt, məsafə 1). Açar sözlər 5-10 sözdən ibarət olmalıdır.

Konfransın dili – Azərbaycan dili.

Əlaqə telefonu: +994 (12) 498-16-21.

Koordinator: Qaybalıyeva Səkinə – fil.ü.f.d., dos. AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: