Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da şəffaflığın təmin olunması istiqamətində tədbirlər və struktur islahatları aparılır
11.06.2021 09:40
  • A-
  • A
  • A+

AMEA-da şəffaflığın təmin olunması istiqamətində tədbirlər və struktur islahatları aparılır

AMEA-nın “Elm TV” internet televiziyasında akademiyada şəffaflığın təmin olunması istiqamətində tədbirlər və struktur islahatları ilə bağlı videosüjet yayımlanıb.

Süjetdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Akademiyanın 27 may 2021-ci il tarixində keçirilən Ümumi yığıncağında səsləndirdiyi fikirlər barədə məlumat verilib. Akademik tədbirdə qeyd edib ki, AMEA-da ötən illər nöqsanların yaranmasına gətirib çıxaran amillər arasında qüsurlu idarəçilik sistemi birinci yeri tutub. İdarəçiliyin pərakəndə olması, məsuliyyətsizlik, tələbkarlığın zəif olması Akademiyada ciddi problemlərə və özbaşınalığa səbəb olub. R.Mehdiyev bu elm ocağında olan qüsurlar barədə hər kəsin məlumatlı olmasının və onların aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Videosüjetdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-da aparılan struktur islahatları ilə yanaşı, eyni zamanda şəffaflıq istiqamətində də həyata keçirilən tədbirlərin Akademiyanın müasir dövrdəki əsas simasını müəyyən etdiyini deyib. Əlavə edib ki, Ümumi yığıncaqda AMEA-nın Nizamnaməsinə edilən əlavə və dəyişikliklər Akademiyada struktur islahatlarının hüquqi baxımdan tənzimlənməsinə, genişlənməsinə və tamamlanmasına şərait yaradacaq. Bu struktur islahatları öz bəhrəsini idarəetmədə və nəticədə elmin keyfiyyətində tapacaqdır.

Alim AMEA-da şəffaflıq istiqamətində aparılan yoxlamaların uzun illərdən bəri yığılıb qalmış nöqsanların aşkara çıxarılmasına, onların aradan qaldırılması yollarının müəyyən edilməsinə və bu yöndə ilk addımların atılmasına doğru icra olunan çoxistiqamətli fəaliyyətin həyata keçirilməsinə xidmət etdiyini deyib.

Reportajda  bildirilir ki, akademik Ramiz Mehdiyev Ümumi yığıncaqda ötən illər ərzində AMEA-nın bir sıra müəssisələrində, o cümlədən Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyətində ciddi nöqsanlar aşkar edildiyini deyib. AMEA rəhbəri, həmçinin bu kimi hallara hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıb.

Videosüjetdə AMEA-nın İşlər idarəsinin müdir müavini Natiq Allahverdiyev qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin YT Parkın AMEA nəzdində fəaliyyət göstərməsi ilə bağlı 2014-cü il tarixli müvafiq Sərəncamından sonra elmdə əldə olunan nailiyyətlərin iqtisadiyyatda tətbiqi, yeni yaradıcılıq sahələrinin təmini və inkişafı məqsədilə Parka dövlət büdcəsindən 1,5 milyon vəsait ayrılıb: “Bundan əlavə, vaxtilə AMEA Təcrübə-Sənaye Zavodunun torpaq ərazisi dövlət başçısının Sərəncamı ilə YT Parka verilmişdir. Lakin öncəki sənədlərdəki rəqəmlərlə son göstəricilər uzlaşmır”.

Bildirilib ki, illik hesabat zamanı AMEA prezidenti R.Mehdiyev həqiqətlərin üzə çıxarılması məqsədilə komissiyanın yaradılması, Akademiyanın bütün elmi müəssisə və təşkilatlarının torpaq ərazilərinin dəqiqləşdirilməsi və sənədlərin üzləşməsinin həyata keçirilməsinə dair göstəriş verildiyini deyib. İclasda akademik R.Mehdiyev institut direktorlarının rəhbərlik etdikləri müəsisələrin fəaliyyətinin bütün istiqamətlərinə görə məsuliyyət daşıdıqlarını bildirib. Bu məqsədlə bəzi institutlarda yeni təyinatlar həyata keçirilib.

Videosüjetin sonunda akademik İ.Həbibbəyli vurğulayıb ki, AMEA rəhbərinin göstərişi ilə Akademiyanın elmi-tədqiqat institutlarının fəaliyyətinin dövlət quruculuğu prosesinə töhfə verməyə doğru istiqamətləndirilməsi sahəsində atılan addımlar artıq öz bəhrəsini verməkdədir. AMEA institutlarının bir neçə nazirliklə bağladığı müqavilələr, Akademiyada dövlət səviyyəsində baş verən proseslərə elmin dəstəyinin təmin olunması 2020-ci ili əvvəlki illərdən fərqləndirən əsas xüsusiyyətlərdən olub.  

“Elm TV”də yayımlanmış videosüjeti təqdim edirik:

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: