Azərbaycan Tibb Universitetində elm və təhsil müəssisələrində nəşr olunan jurnalların mövcud vəziyyəti, onların beynəlxalq tələblərə uyğunlaşdırılması və nüfuzlu elmi bazalarda təmsilçiliyinin təmin edilməsi məsələlərinin müzakirəsi məqsədilə görüş keçirilib.
Görüşdə universitetin rektoru, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev, şöbə müdiri Təhmasib Fətəliyev, texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılova və elmi işçi Rəhilə Həsənova, o cümlədən ATU jurnallarının elmi redaktorları, məsul katibləri iştirak ediblər.
Tədbirdə çıxış edən akademik Ə.Əmiraslanov universitetin tibbin müxtəlif sahələrini əhatə edən 18 jurnalının nəşr olunduğunu bildirərək Azərbaycan Tibb Jurnalı, “Sağlamlıq”, “Azərbaycan Ortopediya və Travmatologiya”, “Azərbaycan Onkologiya və Hemotologiya”, “Azərbaycan Təbabətinin müasir nailiyyətləri”, “Psixiatriya” və s. kimi dərgilərin Azərbaycanın səhiyyə və tibb elmi sahəsindəki yeniliklərin, innovativ nəticələrin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını qeyd edib. Ə.Əmiraslanov həmin jurnalların bəzi parametrlər üzrə qəbul olunmuş normativ beynəlxalq standartlara cavab vermədiyini söyləyib. Akademik bu faktın Azərbaycan elmində əldə olunmuş nəticələrin beynəlxalq aləmdə təbliğinə ciddi maneələr yaratdığını bildirib: “Jurnallarda dərc edilən məqalələrə olan tələblər yüksək olmalıdır. Məqalələrin səviyyəsi, o cümlədən jurnalların istər dizayn, istərsə də nəşr baxımından keyfiyyəti beynəlxalq tələblərə cavab verməlidir. Bundan əlavə, bu gün elmi məqalələrin nüfuzlu jurnallarda nəşr edilməsinə çalışmalı, həmin dərgilərdə elmi əsərlərin sayına görə yüksək göstəricilərə nail olmalıyıq”. Ə.Əmiraslanov impakt-faktorlu elmi jurnalların siyahısına düşmək üçün beynəlxalq standartların tətbiqinin vacibliyini ifadə edib.
Universitet rektoru BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun “Applied and Computational Mathematics” elmi jurnalının Azərbaycanda yeganə impakt-faktorlu dərgi olduğunu bildirərək jurnallarımızın “Thomson Reuters”, “Elsevier”, “Scopus” kimi elmi bazalarda təmsil olunmasının Azərbaycan elminin inkişafı, almilərimizin beynəlxalq aləmdə tanıdılması baxımından vacibliyini qeyd edib. Akademik beynəlxalq tələblərə cavab verməyən nəşrlərin fəaliyyətinin dayandırılacağını bildirib.
Tədbirdə texnika elmləri doktoru Ramiz Alıquliyev AMEA-nın təsisçiliyi ilə nəşr olunan elmi jurnalların monitorinqinin nəticələri haqqında təqdimatla çıxış edib. R.Alıquliyev Ali Attestasiya Komissiyasının siyahısında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən 292 elmi jurnaldan 56 jurnalın AMEA-nın təsisçiliyi ilə nəşr olunduğunu nəzərə çatdırıb.
R.Alıquliyev Biologiya və Tibb Elmləri Bölməsində 7 jurnalın nəşr edildiyini bildirərək, beynəlxalq elmi bazaların imkanları, Azərbaycan elminin bu bazalarda təmsil olunma səviyyəsi və jurnalın elmi bazalarda qeydiyyatı üçün qoyulan tələblər haqqında məlumat verib. Məruzəçi dərgilərin mövcud vəziyyətinin, beynəlxalq standartlara cavab vermə səviyyəsinin analiz edildiyini söyləyərək qoyulan tələblərin yerinə yetirilməsi ilə bağlı statistik göstəriciləri nəzərə çatdırıb. Dövri elmi nəşrin məzmununa, struktur və dizaynına dair irəli sürülən tələblər haqqında geniş məlumat verib.
Sonra aşkar edilmiş problemlərin mərhələli şəkildə həlli yolları müzakirə edilib və təkliflər irəli sürülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.