Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.06.2021 10:45
  • A-
  • A
  • A+

Azərbaycanda ilk dəfə “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə dissertasiya işi müdafiə olunub

Azərbaycanda ilk dəfə “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə dissertasiya işi müdafiə olunub

İyunun 29-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən BED 1.25 Birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, Dissertasiya şurasının sədri, akademik İradə Hüseynova gündəlikdə duran məsələ haqqında məlumat verib. Akademik iclasın Rəfiqə Məsməliyevanın “Riyazi biologiya, bioinformatika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Atom yerdəyişmə parametrlərinin statistik analizi və validasiyası” mövzusunda təqdim etdiyi dissertasiyanın müdafiəsinə həsr olunduğunu və bu ixtisas üzrə Azərbaycanda ilk müdafiə olduğunu bildirib.

Alim qeyd edib ki, 12 nəfərdən təşkil olunmuş Dissertasiya şurasının 2 üzvü AMEA-nın həqiqi, 8 üzvü müxbir, 2 nəfəri biologiya üzrə fəlsəfə doktoru, 1 üzvü isə dosentdir. Şuranın 3 üzvü xaricdə fəaliyyət göstərən tanınmış alimlərdir.

İradə Hüseynova dissertasiya işinin AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri, Kembric Universitetinin professoru Qərib Mürşüdovun elmi rəhbərliyi ilə yerinə yetirildiyini diqqətə çatdırıb. Bildirib ki, Q.Mürşüdovun təşkilatçılığı ilə 2012-ci ildə yaradılmış bu laboratoriya qeyd olunan istiqamət üzrə böyük nailiyyətlərə imza atıb, laboratoriyanın ilk doktorantı Rəfiqə Məsməliyeva tərəfindən dissertasiya işi işlənib hazırlanıb.

Daha sonra Dissertasiya Şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayev Rəfiqə Məsməliyevanın şəxsi işində olan məlumatlarla şura üzvlərini tanış edib.

Sonra iddiaçı Rəfiqə Məsməliyeva dissertasiya işini təqdim edərək işin giriş, 5 fəsil, yekun, nəticə, 247 adda ədəbiyyat siyahısından ibarət olduğunu, dissertasiyanın əsas məzmununun 45 şəkil və 10 cədvəl daxil olmaqla 152 səhifədə şərh edildiyini söyləyib.

İddiaçı mövzunun aktuallığı, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verib.

Bildirib ki, dissertasiya işinin əsas məqsədi Atom Yerdəyişmə Parametrlərinin (AYP) paylanmasının statistik modelinin qurulması və bu modeldən istifadə edərək Zülalların Verilənlər Bankındakı (ZVB) quruluşların validasiyasını həyata keçirmək, eləcə də atomların nisbi dolğunluq qiymətlərinin analizini apararaq atom quruluş modelindəki lokal səhvləri aşkarlamaqdır.

Rəfiqə Məsməliyeva işin elmi yeniliyindən danışaraq qeyd edib ki, dissertasiya işində ilk dəfə olaraq atom yerdəyişmə parametrlərinin ehtimal paylanmasının Sürüşən Tərs Qamma Paylanmasına (STQP) uyğun gəldiyi göstərilib, bu parametrlərin statistik analizinə əsaslanan, makromolekulyar quruluşların atom modellərinin validasiyasını həyata keçirən yeni metod hazırlanıb. STQP-yə Ehtimalın maksimallaşdırılması alqoritmi tətbiq edilib. Həmçinin atomların və liqandların atom yerdəyişmə parametrlərinin ətraf atomlar ilə müqayisəsinə əsaslanan “Lokal analiz” adlandırılan validasiya metodu inkişaf etdirilib və zülal verilənlər bankındakı zülal quruluşlarına tətbiq olunub.

Müdafiəyə çıxarılan əsas müddəalardan bəhs edən iddiaçı diqqətə çatdırıb ki, multimodal atom yerdəyişmə parametrlərinin paylanması sürüşən tərs qamma paylanmalarının qarışığı kimi modelləşdirilə bilər. Vizual cəhətdən yaxşı alınan elektron paylanmaların hesablanması və atom modellərin qurulması üçün atom yerdəyişmə parametrlərinin mütləq qiymətinin əvəzinə paylanmasından istifadə etmək daha optimaldır. Atom yerdəyişmə parametrlərinin paylanmasının parametrlərindən istifadə etməklə hazırlanan validasiya strategiyası makromolekulyar quruluşların depositləşdirmədən əvvəl və sonra yoxlanılmasında əhəmiyyətli validasiya metodudur və ayırdetmədən və atom yerdəyişmə parametrlərinin qiymətlərindən asılı olan atom yerdəyişmə parametrlərinin müqayisəli analizi atom modellərində səhvlərin tapılmasına imkan verir.

O, həmçinin lokal və qlobal analizin nəticələrini təqdim edib. İddiaçı atom/liqand və ətrafı arasında ayırdetmədən və atom yerdəyişmə parametrlərindən asılı olan nisbi elektron paylanmalarının zirvə hündürlüklərinin müqayisəli analizi əsasında atomların/liqandların validasiya metodunun hazırlandığını, ZVB-dəki quruluşların atom modellərində izortopik atom yerdəyişmə parametrlərinin statistik analizinin aparıldığını qeyd edib: “İzortopik atom yerdəyişmə parametrlərinin ehtimal paylanması STQP-yə bu parametrlərin ehtimal paylanmasının multimodal hallarında atom yerdəyişmə parametrlərinin ehtimal paylanması sürüşən tərs qamma paylanmalarının qarışığı modelinə uyğun gəlir”.

Rəfiqə Məsməliyeva əlavə edib ki, ZVB-də rentgen kristalloqrafiyası metodu ilə alınmış 100 minə yaxın quruluşdan təxminən 10%-nin atom yerdəyişmə parametrlərinin paylanmasının multimodallıq nümayiş etdirdiyi müəyyən olunub. İddiaçının sözlərinə görə, ZVB-dəki bütün quruluşların atom yerdəyişmə parametrlərinin STQP-nin parametrlərinə əsasən hazırlanmış alfa-beta kontur qrafiki validasiya üçün proksi kimi istifadə edilir. ToBvalid metodu atom yerdəyişmə parametrləri paylanmasının statistik analizi və validasiyasını, atomların və liqandların lokal validasiyasını həyata keçirən proqram təminatı və Python kitabxanası şəklində hazırlanıb və “Mozilla Public License version 2.0” lisenziyası ilə GitHub və PyPi plaformalarına yerləşdirilərək tədqiqatçıların istifadəsinə verilib.

Sonra Rəfiqə Məsməliyeva dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırıb. Dissertasiyanın nəticələri üzrə 7 məqalə və 4 tezis olmaqla, 11 əsərin çap edildiyini bildirib.

Rəsmi opponentlər – AMEA-nın müxbir üzvü Oktay Qasımov, biologiya elmləri doktorları, professorlar İradə Əliyeva və Elimxan Cəfərov öz çıxışlarında tədqiqat işinin riyazi biologiya və bioinformatika sahəsində aparılmış tamamlanmış, dolğun, əhatəli iş olduğunu bildiriblər. Əldə olunan elmi yeniliklərin orijinal olduğunu, kompleks məsələlərin uğurla həll edildiyini, göstərilən iradların əsasən tövsiyə xarakteri daşıdığını vurğulayıblar. Opponentlər dissertasiya işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) fəlsəfə doktoru dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyini, iddiaçının “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu bildiriblər, eləcə də irad və tövsiyələrini nəzərə çatdırıblar.

Daha sonra iddiaçı iradları cavablandırıb.

Müzakirələrdə iştirak edən Bakı Dövlət Universitetinin Riyazi-fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri, AMEA-nın müxbir üzvü Xəlil Qasımov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov və Bakı Mühəndislik Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, texnika üzrə fəlsəfə doktoru, dosent Manafəddin Məmmədov dissertasiya işinə dair sual, təklif və tövsiyələrini diqqətə çatdırıblar. Çıxış edənlər iddiaçının yerinə yetirdiyi tədqiqat işinin aktual mövzuya həsr edildiyini, elmi-praktiki baxımdan maraq doğurduğunu və elmi yeniliyə malik olduğunu bildiriblər.

Qeyd olunub ki, riyazi biologiya və bioinformatika sahəsində mühüm yenilik olan bu dissertasiya işində həm fundamental, həm də tətbiqi əhəmiyyətə malik AYP-nin statistik paylanması qurulub. Rəfiqə Məsməliyevanın müəllifi olduğu elmi məqalələrin nüfuzlu beynəlxalq jurnallarda çap olunması dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini bir daha sübut edir.

Sonra çıxış edən akademik İradə Hüseynova, dissertasiya işinin elmi rəhbəri, professor Qərib Mürşüdov, akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvləri İlham Şahmuradov, Novruz Quliyev, Ramiz Alıquliyev, Xəlil Qasımov və Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü Viktor Anatolyeviç Kunax iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu və elmi yeniliyə malik olduğunu bildiriblər. Onlar dissertasiya işində elmtutumlu araşdırmaların aparıldığını, beynəlxalq təcrübənin öyrənildiyini, mühüm elmi nəticələrin əldə olunduğunu, problemin həlli üçün yeni yanaşmaların ortaya qoyulduğunu nəzərə çatdırıblar. Çıxış edənlər gərgin əməyin nəticəsi olan tədqiqat işini yüksək qiymətləndirərək, onun AAK-ın “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyalarının tələblərinə tam cavab verdiyini vurğulayıblar.

İddiaçının yekun sözləri dinlənildikdən sonra AAK-ın rəsmi saytında “Şəxsi kabinet”ə daxil olmaqla gizli elektron səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Rəfiqə Məsməliyevaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: