Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.12.2024 09:45
  • A-
  • A
  • A+

Görkəmli ədəbiyyatşünas Salman Mümtazın anadan olmasının 140 illiyinə həsr olunmuş konfrans keçirilib

Görkəmli ədəbiyyatşünas Salman Mümtazın anadan olmasının 140 illiyinə həsr olunmuş konfrans keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsi və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas, mətnşünas və biblioqraf Salman Mümtazın anadan olmasının 140 illiyinə həsr olunmuş “Azərbaycan folklorşünaslığının yeni tarixi və aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında baş tutan konfransı giriş sözü ilə elmi müəssisənin direktoru akademik Teymur Kərimli açıb. Akademik tədbirin əhəmiyyətindən bəhs edib bildirib ki, bu il Azərbaycan ədəbiyyatının, klassik irsinin tədqiqində və tanıdılmasında böyük xidmətləri olan ziyalılarımızdan biri olan Salman Mümtazın anadan olmasının 140 ili tamam olur. Bu münasibətlə bir çox qurumlarda, elmi müəssisələrdə tədbirlər, konfranslar keçirilib. Lakin ədəbiyyatşünaslıq və folklorşünaslıq sahəsində apardığı əsaslı tədqiqatlarla, Azərbaycan mədəni irsinin qorunub saxlanılması və tanıdılmasında gördüyü işlərlə Salman Mümtaz həmişə xatırlanacaq, onun zəngin irsi həmişə aktual qalacaq.

Sonra millət vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək, Salman Mümtazın milli ədəbiyyatımızın tanınmasında göstərdiyi xidmətlərdən danışıb. Bildirib ki, Salman Mümtaz ömrünü folklor mətnlərinin, aşıq poeziyası nümunələrinin və klassik ədəbiyyatımızın nümayəndələrinin əlyazmalarının toplanması, şərhi və nəşrə hazırlanmasına sərf edib. Akademik vurğulayıb ki, Salman Mümtaz elə müstəsna şəxsiyyətdir ki, gərək həmişə təxəllüsü adından əvvəl çəkilə, çünki onun şəxsiyyətinə də, bütün fəaliyyətinə də mümtazlıq xasdır.

Salman Mümtazın Əlyazmalar İnstitutundakı arxivini hələ 1970-ci illərin ortalarında, tələbəlik dövründə araşdırdığını qeyd edən alim bildirib ki, Azərbaycanın repressiyaya məruz qalan digər şair və yazıçıları kimi, Salman Mümtazın da xatirəsi hər zaman dövlətimiz və xalqımız tərəfindən əziz tutulur. Bu fədakar şəxsiyyətin Azərbaycan ədəbiyyatının klassiklərinin zəngin irsinin gələcək nəsillərə çatdırılması naminə gördüyü işlər, Azərbaycan mətnşünaslığı sahəsində göstərdiyi müstəsna xidmətlər heç vaxt unudulmayacaq, xalqımız onu qəlbində və düşüncəsində saxlamağa həmişə borclu olacaq.

Daha sonra fil.ü.f.d., dos. Şəlalə Ana Hümmətlinin “Mümtaz alim, “Şəki savları” və Kaşğari “Divan”ı”, fil.e.d. Nailə Səmədovanın “Salman Mümtaz arxivində folklor nümunələri”, fil.ü.f.d. Xalidə Şaiqqızının (Məmmədova) “Salman Mümtazın xalq ədəbiyyatı sevgisi”, fil.ü.f.d. Qiymət Məhərrəmlinin “Ədəbiyyatşünaslıq elmi tariximizin Salman Mümtaz dönəmi: xalq yaradıcılığı xəzinəmizdən qaynaqlanan Salman Mümtaz tədqiqatları”, fil.ü.f.d., dos. Afaq Əliyevanın “Salman Mümtazın gizli imzaları”, fil.ü.f.d. Qumru Şəhriyarın “Salman Mümtaz tədqiqatlarında qarabağlı “El şairləri” və Aydın Mustafayevin “Salman Mümtazın folklorşünaslıq fəaliyyəti” mövzularında məruzələri dinlənilib.

Tədbirdə Salman Mümtazın nəvəsi şərqşünas alim Urxun Qalabəyli də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: