Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Aşqarlar Kimyası İnstitutu qardaş və dost ölkələrlə əməkdaşlığa önəm verir
07.07.2021 14:49
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu qardaş və dost ölkələrlə əməkdaşlığa önəm verir

Vətən müharibəsində böyük qələbənin qazanılmasının şəriksiz memarı Müzəffər Ali Baş Komandan və onun qəhrəman Azərbaycan ordusudur. Çünki igid əsgərlərimiz 44 gün ərzində bir dəfə olsun geri addım atmadılar, daim irəliyə getmək əsas hədəfləri oldu. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq dastanı yazan cəngavərlərimiz xalqımızın illər boyu gözlədiyi intizara son qoydular. 30 ilə yaxın işğal altında qalan tarixi və əzəli torpaqlarımız erməni işğalından qurtuldu, ərazi bütövlüyümüz bərpa olundu. Bu haqda nə qədər yazılsa da, deyilsə də, yenə azdır. Amma bu məsələdə başqa bir bir məqama toxunmaq istəyirik. Müharibənin ilk günlərindən xarici ölkələrin Azərbaycana münasibətdə tutduğu yer və sərgilədikləri mövqe diqqət cəlb edir. Təbii ki, xarici erməni lobbilərinin təsiri altında özlərini onların yalanlarına inandıran bir sıra ölkələri çıxmaq şərti ilə qalanlarının mövqeyini qənaətbəxş saymaq olar. Çünki bu düzgün mövqeyin nəticəsi idi ki, Azərbaycan kəskin beynəlxalq təzyiqlərə məruz qalmadı. Halbuki işğal faktını təsdiq edən və Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurasının iki dəfə fövqəladə iclasını çağıraraq ölkəmizi haqq savaşında durdurmağa və müəyyən siyasi-iqtisadi sanksiyalar tətbiq etməyə cəhdlər olundu. Ancaq Azərbaycana qardaş, dost və müttəfiq olan ölkələrin qabaqlayıcı tədbirləri bu arzuolunmayan halların qarşısını vaxtında ala bildi.

Vətən müharibəsi dövründə Azərbaycana ən böyük siyasi və mənəvi dəstək verən ölkələr siyahısında ilk növbədə Türkiyə, daha sonra Pakistan və İsrailin adı xüsusi qeyd edilməlidir desək, heç də yanılmarıq. Ümummilli lider mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisinin təkcə sözdən ibarət olmadığını əməlləri ilə təsdiq edən böyük qardaşlarımız II Qarabağ müharibəsinin ilk günündən sonuna qədər rəsmi vəzifəli şəxslərindən başlayaraq sadə vətəndaşlarına kimi hamısının bir ağızdan “dost və qardaş Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik”, - söyləmələri necə də qürurverici idi. Sirr deyil ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri, xüsusən “...əgər bu münaqişədə qırmızı xəttimiz keçilərsə, inciməsinlər, atamızın oğlu da olsa, gözümüz görməz”, - kəlmələri Azərbaycanın işğalda olan ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verdi.

Dost Pakistan da baş nazirləri İmran xanın dilindən “bu müharibədə haqq-ədalət tərəfi olan Azərbaycanın yanındayıq. Lazım gələrsə, qardaşlarımıza hər cür dəstək verməyə hazırıq”, - fikirləri sözün əsl mənasında gücümüzə güc qatmaqdaydı.

Xoş sözləri siyasi-mənəvi dəstək nümayiş etdirən İsrail, Ukrayna, Belarus və sair ölkələr, onların rəhbərləri və xalqları haqqında da söyləmək olar. Bəli, birmənalı qeyd etmək olar ki, həm dost, qardaş ölkələrin, müttəfiqlərimizin mənəvi dəstəyi, digərlərinin də Azərbaycan və Ermənistana münasibətdə ən azı tərəfsizliklərini qoruyub saxlamaları Qarabağ probleminin birdəfəlik həll edilməsində və ərazi bütövlüyümüzün bərpa olunmasında öz sözünü dedi.

Vətən müharibəsindən sonra yaranmış reallıq bizə dost olan və olmayan ölkələri ayırd etməyə yardımçı oldu. Ona görə də bu yeni reallıq həm də haqq savaşında ölkəmizə yaxından dəstək verən ölkələrlə siyasi, mədəni, elm, təhsil və sair sahələrdə vahid əməkdaşlıq platformaların yaradılması məsələsini nəinki gündəmə gətirdi, hətta tezliklə reallaşmasını obyektiv zərurətə çevirmiş oldu. Elmi nöqteyi-nəzərdən əməkdaşlıq imkanlarını nəzərə alsaq, görərik ki, qardaş, dost, müttəfiq ölkələrlə belə bir elmi platformanın yaranması daha real görünür. Çünki mərkəzləşmiş elmi siyasəti həyata keçirən, akademik elmin mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun elmi-tədqiqat müəssəsələri və Yüksək Texnologiyalar Parkı kimi təşkilatları onsuz da ayrı-ayrılıqda yuxarıda qeyd etdiyimiz ölkələrin elmi mərkəzləri ilə bu və ya digər formada əməkdaşlıq edirlər. Məsələn, AMEA akad. Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) fundamental və tətbiqi sahədə həyata keçirdiyi müştərək beynəlxalq tədqiqatlarda Türkiyə, Pakistan, Ukrayna, Belarusun aparıcı elm mərkəzlərinə önəm verməkdədir. Belə ki, 2015-ci ildən qardaş Türkiyənin aparıcı elm mərkəzləri sayılan, dünyanın məşhur universitetlərinin reytinq siyahısında ön sıralarda yer alan ali təhsil müəssisələri – Orta Doğu Texnik, Hacettepe, İstanbul Texnik, Atatürk, Bartin, Ege universitetləri ilə fundamental nəzəri tədqiqatlar sahəsində əməkdaşlıq edir. Hər bir universitetlə imzalanmış əməkdaşlıq müqavilələrində gənclərin təcrübə keçməyə cəlb edilməsindən tutmuş, müştərək beynəlxalq laboratoriyaların yaradılması və yüksək ixtisaslı kadr hazırlığı və ən əsası beynəlxalq səviyyəli birgə tədqiqatların aparılmasına qədər bütün bunları əhatə edən akademik təcrübə mübadiləsinin reallaşdırılması praktik olaraq razılaşdırılmış və həyata keçirilməkdədir. Ötən müddətdə ilk dəfə olaraq AKİ-də sintez olunan yeni fizioloji fəal maddələrin antioksidant aktivliyi, enzim-izoenzimlər üzərində inhibitor təsirləri Atatürk və Bartin universitetlərində analiz olunmuş və yüksək təsirə malik olmaları təsdiq edilmişdir. Yekun nəticələrə görə, alınan maddələr bədxassəli şiş (xərçəng), mədə traktı, tənəffüs yollarının iltihabı, Alzheimer (yaddaşitmə, ağıl zəifliyi), qlaukoma, şəkərli diabet, yüksək hipertoniya və sair xəstəlik doğuran patoloji proseslərə yüksək inhibitor təsir göstərirlər. Hətta onlar standart dərman kimi tətbiq olunan takrin, α-tokoferol və troloksa nisbətən 10 dəfə yüksək təsirə malikdir.

Bu tədqiqatların mühüm nəticələri dünyanın “Springer”, “Elsevier”, “Wiley”, “Taylor & Francis” kimi nüfuzlu nəşriyyatlarına daxil olan, impakt faktoru yüksək, “Web of Science”, “Scopus” kimi tanınmış elm bazalarında arxivləşmiş jurnallarda 50-yə yaxın məqalə şəklində çap olunmuş, onlara dünya alimləri tərəfindən 2000-ə yaxın istinad edilmişdir.

Bu günlərdə türkiyəli həmkarlarla birgə həyata keçirilən müştərək elmi tədqiqatların nəticələrinə həsr olunan beynəlxalq elmi seminarın da təşkil olunmasının əsas məqsədi indiyə qədər aparılmış tədqiqatların əsas nəticələrini bir daha müzakirə etmək və gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirmək olmuşdur. Bu xüsusda Qarabağın zəngin flora örtüyünə malik olduğunu nəzərə alaraq, növbəti mərhələdə oradan toplanılan dərman bitkilərinin ekstraktlarının fizioloji fəallıqlarının öyrənilməsi ilə bağlı birgə tədqiqatların keyfiyyətcə yeni istiqamətdə aparılmasını mümkün edəcəkdir.

AKİ tərəfindən dost, müttəfiq ölkələrlə fundamental tədqiqatlarla yanaşı, tətbiqi işlər sahəsində də önəmli nailiyyətlər əldə edilmişdir. Məlumdur ki, institut strateji məhsul hesab edilən sürtkü yağlarına, yanacaqlara, yağlayıcı-soyuducu mayelərə aşqarların yaradılması və onların əsasında müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı yüksək keyfiyyətli sürtkü və yanacaq kompozisiyaları, yağlayıcı-soyuducu mayelərin işlənməsi və istehsalın təşkili üzrə elmi-tədqiqat işləri aparır. Motor, transmissiya və sənaye yağlarının istehsalını təmin edən bir sıra aşqarlar AMEA AKİ tərəfindən hələ SSRİ dövründə yaradılmış və sənaye istehsalı Azərbaycan (Bakı, Sumqayıt), Rusiya (Ufa, Perm, Yaroslavl, Novo-Kuybışevsk), Ukrayna (Şostka, Xarkov) və Belarus Respublikasında (Novopolotsk) təşkil edilmişdir. O cümlədən, bir sıra xüsusi təyinatlı sürtkü yağları yaradılmış və istehsalı təşkil olunmuşdur. Bu yağlardan biri də Ukraynanın Xarkov şəhərində yerləşən zavodda istehsal edilən və T-80 markalı tankda istifadə edilən xüsusi təyinatlı, yüksək gücə malik dizel mühərriki üçün yaradılmış yağ olmuşdur.

Azərbaycan suverenlik əldə etdikdən sonra AKİ əməkdaşları Bakı baza yağları və mövcud aşqarlardan istifadə edərək əvvəlki yağın analoqunu yaratmış, istehsalını institutun nəzdində fəaliyyət göstərən “Aşqar” XTB-də təşkil etmiş və 100 tonlarla AR Müdafiə Nazirliyinə təqdim etmişdir.

Məlumdur ki, hər bir texnika, ələlxüsus hərbi texnika ildən-ilə təkmilləşir və yeni nəsil texnika meydana gəlir. Ukrayna xüsusi təyinatlı texnika zavodu bu istiqamətdə fəaliyyət göstərərək yeni nəsil tanklarda istifadə ediləcək yüksək gücləndirilmiş müasir dizel mühərriki yaratmışdır. AKİ-nin əvvəl yaratdığı motor yağının keyfiyyət göstəriciləri yeni yaradılmış dizel mühərrikinin tələblərinə cavab vermədiyi üçün qeyd olunan dizel mühərrikin tələblərini təmin edən yüksək keyfiyyətli yeni xüsusi təyinatlı motor yağının yaradılması ehtiyacı gündəmə gəldi.

2019-cu ilin iyul ayında Ukrayna zavodu tərəfindən yeni xüsusi təyinatlı yağın yaradılması ilə əlaqədar AKİ-yə müraciət olundu. Həmin müəssisənin nümayəndələri 2019-cu ildə tələb olunan sürtkü yağına aid müzakirələr aparmaq və Əməkdaşlıq haqqında Niyyət protokolu imzalamaq üçün Azərbaycanda oldular. Ardınca AKİ qısa müddətdə tələb olunan sürtkü yağını yaratdı və laboratoriya sınaqlarının nəticələri bu yağın əvvəlki yağlardan xeyli üstün olduğunu təsdiq etdi.

2020-ci ildə AMEA-nın Təcrübə-Sənaye Zavodunda yeni yağın 600 litr miqdarında nümunəsi hazırlanıb və motor sınaqları üçün Ukraynanın Xarkov şəhərinə yuxarıda qeyd olunan zavoda göndərilmişdi. Həmin yağın sınaqları başqa şirkətlər tərəfindən təklif olunan və hazırda istifadədə olan yağlarla müqayisəli olaraq aparılmışdır. Müqayisəli sınaqların nəticələri zavod tərəfindən tərtib edilmiş 43 səhifədən ibarət rəsmi sənəddə öz əksini tapmışdır. Sənəddə birmənalı qeyd olunmuşdur ki, AKİ-nin yeni yağı xeyli üstün keyfiyyət göstəricilərini nümayiş etdirmişdir. Bu yağın tətbiqi ilə əlaqədar əsaslandırılmış qərarın qəbulu üçün zavod nümayəndələri bu yaxınlarda yenidən instituta səfər edəcəklər.

Qeyd etmək lazımdır ki, analoji müraciətlər bizə dost və qardaş ölkə olan Pakistandan da olunmuş, eyni yağ ilə ölkələrinin təchizi təklif edilmişdir.

Məlumat üçün onu da qeyd edək ki, son nəsil xüsusi təyinatlı dizel mühərrikləri üçün AKİ tərəfindən motor yağının yaradılması və həmin yağın müsbət sınaq nəticələri haqqında AR Müdafiə Nazirliyinə məlumat verildikdə, nazirlik də qeyd olunan motor yağına maraq kəsb etmiş və öz növbəsində bəzi sınaqların aparılması üçün yağ nümunəsinin əldə edilməsi barədə müraciət etmişdir.

Yuxarıda qeyd olunduğu kimi, fundamental tədqiqatlar sahəsində birgə əməkdaşlıq ölkələrin qarşılıqlı olaraq malik olduğu elminin dünya elminə inteqrasiyasını sürətləndirirsə, tətbiqi sahədə müştərək elmi işlər, eyni zamanda o ölkələrin iqtisadi inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə müəyyən töhfə vermiş olur. Xüsusən də o ölkələrin strateji məhsullarla təchizat məsələsi meydana gəldikdə, Azərbaycanla analoji problemləri yaşayan Ukrayna, Pakistan kimi ölkələr üçün bu faydanın miqyası dəfələrlə artmış olur. Ən əsası da hegemon, super ölkələrin idxal asılılığından azad olacaqlar. Bu amili nəzərə alaraq AKİ Ukrayna və Pakistanla olduğu kimi, qardaş Türkiyə ilə də tətbiqi sahədə əməkdaşlığın aparılmasını məqsəduyğun sayır və hazırda bu istiqamətdə TÜBİTAK və TUBA xətti ilə müzakirələr aparmaqdadır.

Hesab edirik ki, Vətən müharibəsinin gətirdiyi reallıqlar nəzərə almaqla, AKİ-nin timsalında AMEA-nın digər elmi-tədqiqat müəssislərinin də beynəlxalq əlaqələrdə Azərbaycana əsl qardaşlıq və dostluq telləri ilə bağlı olan ölkələrin analoji elmi müəssislərinə önəm verməsi elmi əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoymuş olacaq. Bu isə əlaqələrin daha da yaxınlaşmasını, uğurlu təcrübə mübadiləsini, sonda vahid əməkdaşlıq platformasının yaradılmasını təmin edəcək. Məsələnin maraq doğuran bir tərəfi də odur ki, vətənimizin çətin günündə - 44 günlük müharibə zamanı bizi tək qoymayan qardaş və dost ölkələrə bu yolla minnətdarlıq etmiş oluruq.

Dostluq və qardaşlığımız daim olsun!!!

Vaqif FƏRZƏLİYEV, AMEA-nın Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: