AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) və Böyük Britaniyanın Oksford Universiteti arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr davam etdirilir.
İyulun 14-də Oksford Universitetinin professoru, AMEA-nın müxbir üzvü Rəşid Cavanşir Respublika Seysmoloji Xidmət Mərkəzində olub. Görüşdə AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İbrahim Quliyev, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Mərkəzin baş direktorunun elmi işlər üzrə müavini Rauf Muradov, eləcə də müvafiq şöbələrin rəhbərləri iştirak ediblər.
Görüş zamanı RSXM-də zəlzələlərin öyrənilməsi sahəsində tətbiq edilən tədqiqat metodları, eləcə də geodinamiki və geofiziki tədqiqatlara dair məsələlər müzakirə olunub. Həmçinin müzakirələrdə Böyük Britaniyanın Oksford Universiteti ilə əməkdaşlıq ediləcək sahələr üzrə məsələlərə də baxılıb və qarşılıqlı təcrübə mübadiləsinə dair təkliflər irəli sürülüb.
Seysmoloji Mərkəzin fəaliyyətinə dair məlumatı qurumun Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təqdim edib.
Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında Oksford Universitetinin professoru Riçard Voalkerin Azərbaycana səfəri nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.