13-18 iyul 2021-ci il tarixlərində Ankara şəhərində Türkiyənin Türk Eğitim-Sen təşkilatının və UNESCO Türkiyə Milli Komissiyasının dəstəyi ilə II Maarif Konqresi keçirilib.
Məlumdur ki, 15 iyul 1921-ci ildə Mustafa Kamal Atatürkün də qatıldığı və Türkiyənin hər yerindən gələn insanların iştirakı ilə Ankarada I Maarif Konqresi keçirilmişdi. Bir əsrdən sonra baş tutan II Maarif Konqresinin keçirilməsində əsas məqsəd bundan sonrakı dövrdə türk təhsili, türk elm həyatı və türk dövləti üçün insan resurslarının keyfiyyətini artırmaq, təhsil sahəsində yeni bir yol xəritəsini müəyyənləşdirmək olub.
Konqresin açılış mərasimi hazırda Türkiyə Cümhuriyyət Muzeyi kimi fəaliyyət göstərən II TBMM-nin Baş Məclis Salonunda keçirilib. Açılış iclasında Türkiyənin dövlət rəsmiləri, təşkilat rəhbərləri, elm adamları, müəllim və pedaqoqlar, eləcə də bir sıra xarici ölkələrdən gəlmiş nümayəndələr iştirak ediblər.
Tədbir Mustafa Kamal Atatürkün xatirəsinin bir dəqiqəlik sükutla anılması və Türkiyənin Dövlət Himninin səsləndirilməsilə başlayıb. Açılış tədbirində Türk Təhsil-Sen Başqanı Talip Geylan və Türkiyənin Milli Təhsil Naziri Ziya Səlçuk giriş nitqi ilə çıxış ediblər.
Konqresdə AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, Türk xalqları folkloru şöbəsinin əməkdaşı Vaqif Orucov və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin Analitik informasiya sektorunun aparıcı mütəxəssisi Aqil Məhərrəmov da iştirak ediblər.
300-ə yaxın məruzənin dinlənildiyi tədbirdə dosent T.Orucov “Qədim türklərdə - Hunlar və Göytürklərdə təhsil-tərbiyə məsələləri”, A.Məhərrəmov “Qurani-Kərim”də öyrətmə və öyrənmə məsələləri”, V.Orucov isə “Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Türkiyə-Azərbaycan təhsil əlaqələri” adlı məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, konqres iştirakçıları, həmçinin M.K.Atatürkün əbədi uyuduğu Anıtqəbiri ziyarət edib, onun məzarına əklil və gül dəstələri qoyublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.