3-7 iyun 2025-ci il tarixlərində Çin Xalq Respublikasının Şandunq əyalətinin Jinan şəhərində Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının (MAAN) II Konqresi baş tutub.
Konqres Qilu Texnologiya Universitetinin və Şandunq Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Konqresdə Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinın müdir müavini yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova iştirak edib.
Konqresin açılış mərasimində dövlət rəsmiləri, Şandunq Elmlər Akademiyasının rəhbər heyəti və MAAN prezidenti iştirak edib və açılış nitqi söyləyiblər. Açılış mərasimindən sonra bir sıra müəssisələr arasında Anlaşma memorandumları imzalanıb. Konqres çərçivəsində AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Şandunq Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutu arasında Anlaşma memorandumu imzalanıb. Konqres müddətində bir sıra əlamətdar tədbirlər keçirilib, konfranslar təşkil olunub.
Təşkil edilmiş konfranslarda müxtəlif elmi istiqamətlər üzrə müzakirələr aparılıb. Enerji, Yeni materiallar və Texnologiya ilə əlaqəli olan plenar sessiyada AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev “Biokütlənin zənginləşdirilməsi üçün katalizatorlarının dizaynı: GVL-nin davamlı monomer istehsalına çevrilməsi üçün metodlar” adlı məruzə ilə çıxış edib. Həyat Elmlərinin Perspektivləri adlı sessiyada isə AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdir müavini yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova “Qafqazda üzvi aləmin təkamülünə geodinamik amillərin təsiri” adlı məruzə ilə çıxış ediblər.
Konqresin ikinci günü gənc alimlərin konfransı keçirilib. Gənc alimlərin konfransında dosent Elmir Babayev AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.