Akademiyanın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin apardığı uzunmüddətli tədqiqatlar müxtəlif kitab və monoqrafiyalarda, elmi və publisistik məqalələrdə əksini tapıb. 30-a yaxın kitab və monoqrafiyanın müəllifi olan alimin cari ildə daha 4 əsəri çapdan çıxıb. Bu əsərlər milli tarix elmini zənginləşdirməklə yanaşı, Naxçıvanşünaslığa yeni töhfədir.
“Naxçıvanda epiqrafik tədqiqatlar” monoqrafiyası
Naxçıvanın epiqrafik abidələri və onların tədqiqi tarixindən bəhs edən yeni monoqrafiya Naxçıvan şəhərində, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayonlarının bir sıra yaşayış məskənlərində aparılan epiqrafik tədqiqatların nəticələrinə həsr olunub. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin tövsiyəsi ilə çap edilən monoqrafiyanın elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçiləri isə dosentlər Elbrus İsayev, Məmməd Əliyev və İlhami Əliyevdir.
Monoqrafiya “Ön söz”, 8 başlıq, istifadə olunmuş ədəbiyyat siyahısı və epiqrafik abidələrin foto-şəkillərinin albomundan ibarətdir. Əsərdə Naxçıvan Muxtar Respublikası ərazisində 600-dən artıq müxtəlif təyinatlı kitabənin indiyədək qeydə alınaraq tədqiq olunduğuna diqqət çəkən müəllif bildirir ki, hazırda epiqrafik abidələrin öyrənilməsi istiqamətində işlər davam etdirilir.
Nəşrdə tədqiq olunan abidələrin qeydə alındığı Vənənd, Gənzə, Dəstə, Xaraba Gilan, Saltaq, Qarabağlar, Xıncab, Şahbuzkənd, Qaraboya, Kükü və başqa kəndlərin tarixi haqqında yığcam məlumat verilərək kitabələrin tarix-mədəniyyət abidələri kimi əhəmiyyəti açıqlanır. Professor H.Səfərli qeyd olunan toponimlərin elmi izahını verməklə yanaşı, həmin yaşayış yerlərinin yaranması ilə bağlı tarixi fakt və fikirləri oxuculara təqdim edir. Kitabə mətnlərinin Azərbaycan dilində tərcümələrinin, eləcə də təsvirlərinin verilməsi məlumatların asan anlaşılması və vizual təsəvvürün formalaşmasında olduqca əhəmiyyətlidir. 100-dən artıq elmi mənbədən istinadların yer aldığı əsərdə Gürcüstan Dövlət Muzeyində nümayiş etdirilən Ordubad bölgəsinə aid iki sənduqə tipli xatirə abidəsi haqqında məlumatlar da əksini tapıb.
“Qarabağ müharibəsinin Cəhrili şəhidləri” kitabı
Kitab dünyanın iri dövlətlərinin havadarlığı ilə hərəkət edən ermənilərin tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılması, onların Azərbaycana qarşı ərazi iddialarının başlanması və bu iddiaları həyata keçirmək üçün xalqımıza qarşı törədilən soyqırım və deportasiyalardan bəhs edir. 1988-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ problemi ilə başlayan I və II Qarabağ müharibələrinin nəticələrindən, Babək rayonunun Cəhri qəsəbəsində böyüyüb boya-başa çatan, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan bəhs edilir.
Burada mayor Rasim Məmmədov, baş leytenant Cəfər Cəfərov, əsgərlər Qulam Quliyev, Qoşqar Sadiqov, Qadir Məhərrəmov, Niyaməddin Bayramov, Seyran Hənifəyev və Xansu Qurbanovun tərcümeyi-halı, keçdikləri şərəfli döyüş yolu haqqında ətraflı məlumat verilir.
“Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər” monoqrafiyası
Alimin çapdan çıxan növbəti əsəri ingilis dilində nəşr olunan “Prominent persons on the epigraphic monuments of Nakhchivan” (“Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər”) adlı monoqrafiyadır. Türkiyənin İstanbul şəhərində işıq üzü görən nəşrdə muxtar respublika ərazisində günümüzə qədər gəlib çatmış müsəlman epiqrafikası abidələrinin təqdim etdiyi məlumatlar əsasında orta əsrlər zamanı Azərbaycan dövlətlərinə rəhbərlik etmiş 10 hökmdar və 97 görkəmli şəxsiyyət haqqında məlumat verilir.
“Tarix” ixtisası üzrə təhsil alan tələbələr və tədqiqatçılar, eləcə də bu sahə ilə maraqlananlar üçün nəzərdə tutulan kitabın xarici dildə nəşri onun təkcə ölkəmizdə deyil, başqa ölkələrdə də oxunması, Naxçıvan və naxçıvanlı mütəfəkkirlər haqqında məlumatları daha geniş oxucu kütləsinə çatdırmaq məqsədi daşıyır.
“Yusif Küseyr oğlu türbəsi” kitabı
Naxçıvan memarlıq məktəbinin, Əcəmi yaradıcılığının şedevrlərindən biri olan Yusif Küseyr oğlu türbəsindən bəhs edən eyni adlı kitabça alimin 2021-ci ildə nəşr edilən sayca dördüncü əsəridir. Burada abidənin strukturu, üzərindəki kitabələrin izahı təfsilatlı şəkildə izah olunur. Bildirilir ki, el arasında “Atababa günbəzi” adlanan türbə Naxçıvan qülləvari türbələri içərisində xronoloji cəhətdən ən qədim abidədir.
Orijinal quruluşuna görə fərqlənən abidənin bərpadan öncəki və sonrakı foto-şəkillərinin yer aldığı kitabça həm də tariximizə, mədəniyyətimizə, tarix-memarlıq abidələrimizə göstərilən dövlət qayğısının ən bariz nümunəsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.