Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Əliağa Məmmədli: “Antropologiya Mərkəzi tərəfindən Azərbaycanda ölkə əhalisi arasında etnomədəni dəyişikliklərin xüsusiyyətləri tədqiq olunur”
18.08.2021 12:25
  • A-
  • A
  • A+

Əliağa Məmmədli: “Antropologiya Mərkəzi tərəfindən Azərbaycanda ölkə əhalisi arasında etnomədəni dəyişikliklərin xüsusiyyətləri tədqiq olunur”

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzi AMEA Rəyasət Heyətinin qərarı ilə 2018-ci ilin sonlarında yaradılmışdır. Azərbaycanda fiziki və sosial, mədəni antropologiyanın perspektivlərini nəzərə alaraq, müasir gündəmin tələblərinə uyğun insan inkişafı problemlərinin araşdırılması məqsədilə Antropologiya Mərkəzinin fəaliyyəti fiziki və sosial, mədəni antropologiyanın yeni perspektivli sahələrinin öyrənilməsini hədəfləyir.

Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli Mərkəzin fəaliyyəti, aparılan elmi-tədqiqatlar, görülən işlərlə bağlı suallarımızı cavablandırıb.

- Antropologiya Mərkəzi fəaliyyətini hansı istiqamətlər üzrə qurub? Mərkəzdə aparılan elmi-tədqiqatların əsasını hansı problemlər təşkil edir?

Humanitar elmlər sırasında xüsusi yeri və rolu olan elmlərdən biri də antropologiyadır. Rusiya Sovet elmi ənənəsinə uyğun olaraq ölkəmizdə antropologiyanı uzun illər yalnız fiziki antropologiya kimi təqdim edirdilər. Qeyd etməliyəm ki, bəzən bu gün də belə yanaşma ilə rastlaşırıq. Lakin dünyada antropologiya daha geniş mənada, ümumiyyətlə insan, onun mədəniyyəti haqqında elm kimi tanınır. Bir çox ölkələrdə antropologiyanın geniş mənada insan haqqında ümumi elm kimi  bəhs edilməsi təcrübəsi mövcuddur. Bununla müasir antropologiya insanın dünya ilə müxtəlif münasibətləri və əlaqələrini əhatə edir. İnsan həm bioloji təkamülün məhsulu, həm özünəməxsus genetik proqramlı təbii individ, həm də tarixi prosesin subyekti və obyekti şəxsiyyət kimi tədqiq olunur. Bu anlayışda antropologiya fiziki və ya bioloji, eləcə də sosial və mədəni antropologiyaya bölünür.

Bu baxımdan Azərbaycanda antropologiyanın inkişafı, onun müasir dünya antropologiyası ilə ayaqlaşması üçün müntəzəm olaraq prioritet mövzuları, müasir nəzəriyyələri, yeni yaranan istiqamətləri nəzərdən keçirərək tətbiq etmək zərurəti yaranır. Azərbaycanda həm fiziki, həm də sosial, mədəni antropologiyanın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Məhz qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyətinin qərarı ilə 2018-ci ilin sonlarında Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzi yaradılmışdır. Azərbaycanda fiziki və sosial, mədəni antropologiyanın perspektivlərini nəzərə alaraq, müasir gündəmin tələblərinə uyğun insan inkişafı problemlərinin araşdırılması məqsədilə Antropologiya Mərkəzinin fəaliyyəti fiziki və sosial, mədəni antropologiyanın yeni perspektivli sahələrinin öyrənilməsini hədəfləyir. Bu sahələrə Azərbaycanın qədim və müasir əhalisinin antropoloji xüsusiyyətlərinin tədqiqi, insan təkamülünün biologiyası, paleoekologiya, insan paleopatologiyası, paleodemoqrafiya, sosial, psixoloji, siyasi antropologiya və digər sahələr üzrə tədqiqat istiqamətləri daxildir.

Antropologiya Mərkəzinin Fiziki antropologiya sektorunun əsas istiqaməti Azərbaycanın qədim və müasir əhalisinin bioloji (irqi) xüsusiyyətlərinin tədqiq edilməsi, onların lokal qruplarının konkret xarakteristikaları və müxtəlifliyinin aşkar edilməsi, Avrasiyanın digər xalqlarına azərbaycanlıların genetik yaxınlığı dərəcəsinin, azərbaycanlıların antropoloji özünəməxsusluğunun formalaşması tarixinin, Azərbaycanın əhalisinin həyat fəaliyyətinə paleoekologiya və müasir ekologiyanın təsirinin öyrənilməsidir.

Ölkəmizdə müasir sosial antropoloji tədqiqatlar əhali arasında ictimai-siyasi, mədəni transformasiyalar şəraitində etnomədəni dəyişikliklərin xüsusiyyətlərinin öyrənilməsi istiqamətində aparılır. Sirr deyil ki, dünyada baş verən qlobal dəyişikliklər Azərbaycan xalqının həyat fəaliyyətinin bütün sahələrini əhatə edir. Bu proseslərin həyat fəaliyyətinin konkret sahələrindəki istiqamətləri, təsir gücü antropoloji tədqiqatların mövzusu kimi çıxış edir.

Müstəqillik dövründə azərbaycanlıların etnik şüurunun formalaşmasına və inkişafına maraq xeyli artmışdır. Antropoloji tədqiqatlar zamanı bu mövzu çərçivəsində azərbaycanlıların etnik kimlik məsələlərinin öyrənilməsi də diqqət mərkəzindədir. Bu tədqiqatlar zamanı kimlik proseslərini gücləndirən və ya zəiflədən amillərə xüsusi diqqət yetirilir.

Azərbaycanda sosial antropoloji tədqiqatların perspektivləri ölkənin sosial-iqtisadi və mədəni inkişafında müasir Azərbaycan cəmiyyətinin etnik və mədəni xüsusiyyətlərinin rolu ilə şərtlənir. Bu istiqamətdəki tədqiqatların ilkin nəticələrinə əsasən, son illərdə Azərbaycanda baş verən sosial-siyasi dəyişikliklərin xarakteri müəyyən dərəcədə cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrindəki etnik və mədəni xüsusiyyətlər ilə şərtlənir. Bu xüsusiyyətlərin müəyyənləşdirilməsi və tədqiqi Azərbaycanın inkişafının strateji istiqamətlərinin işlənib hazırlanması üçün tutarlı elmi baza kimi çıxış edə bilər.

İkinci Qarabağ müharibəsinin nəticələri Azərbaycan xalqının milli özünüdərk prosesində, kimlik hissinin daimi bərqərar olmasında mühüm bir mərhələnin başlanması kimi dəyərləndirilə bilər. Bu baxımdan sosial/mədəni antropoloqlar qarşısında elmi nöqteyi-nəzərdən çox maraqlı, eyni zamanda mürəkkəb olan qeyd etdiyimiz məsələlərin araşdırılması vacib vəzifələrdən hesab olunmalıdır. Xüsusilə, Qarabağdan məcburi köçkün olan insanlar arasında milli özünüdərkdə baş verən mümkün transformasiyalar, əhalinin müxtəlif yaş, sosial qrupları arasında bu transformasiyaların dərk edilməsinin öyrənilməsi, onların doğma torpaqlara qayıdışına, “yeni”-“köhnə” yaşayış yerlərinə adaptasiyasının (uyğunlaşmasının) uğurlu reallaşdırılması proqramlarının işlənib hazırlanmasına yardım edə bilər.

İşğaldan azad olunan ərazilərdə bütün kənd, qəsəbə, şəhərlər tam dağıdılıb ki, bu da bərpa işlərinin uzunmüddətli və genişmiqyaslı olmasını şərtləndirir. Lakin, eyni zamanda belə bir vəziyyət bərpa işlərinin yeni texnologiyaların tədbiq edilməsi ilə, memarlıq, infrastruktur, həyat təminatının müxtəlif sahələrinin yenidən qurulması ilə müşayiət olunacaq. Burada xüsusilə ənənəvi mədəniyyətin müasir şəraitə uyğunlaşma prosesini qeyd etmək olar. Qeyd olunan mövzu həyat təminatı sistemində (məskunluq mühiti, təsərrüfat yönümləri, əməyə münasibət, qida mədəniyyəti) dəyişmə proseslərini və dünyaqavranmasını (inanclar, etnotarixi yaddaş, mərasimlər və ənənələr) əhatə edir. Bu baxımdan ənənəvi həyat tərzi, davranış stereotipləri ilə innovasiyaların uzlaşması məsələsi xüsusilə diqqəti cəlb edir. İşğaldan azad olunan ərazilərə qayıdan insanların həyat tərzində dəyişikliklərin xarakterinin aşkar edilməsi, onların yeniliklərdən gözləntilərinin öyrənilməsi, bu proseslərlə etnik psixologiya arasında qarşılıqlı təsir dərəcəsinin araşdırılaraq üzə çıxarılması, təhlil edilməsi və bunların əsasında tövsiyələrin hazırlanması gələcək qayıdış proqramlarının işlənməsində istifadə oluna bilər.

- Bu gün ölkəmizdə antropologiyanın inkişafı, onun müasir dünya antropologiyası ilə uyğunlaşması istiqamətində nə kimi işlər görülür?

Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda antropologiya elminin inkişafı sahəsində bir çox çatışmazlıqlar var. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var və onların izahı çox vaxt apara bilər. Hazırda vacib məsələ mövcud çatışmazlıqları aradan qaldırmaqdır. Bu istiqamətdə hələ çox işlər görülməlidir. Yalnız Antropologiya Mərkəzinin yaradılması ilə kifayətlənmək olmaz. Bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması, onların təcrübə toplaması üçün dünya antropologiya mərkəzlərinə ezam edilməsi, Mərkəzin, xüsusilə Fiziki antropologiya sektorunun zəruri avadanlıqlarla təmin edilməsi və s. məsələlər yaxın zamanlarda öz həllini tapmalıdır.

Bir məsələni də qeyd etmək istərdim ki, xalqın, ölkənin dünyada tanıdılmasında antropologiyanın rolu böyükdür. Azərbaycan etnik, mədəni baхımdan zəngin ölkədir. Antropoloqların tədqiqatlarının bir istiqaməti də fərqliliklərlə yanaşı, azərbaycanlıların sosial mədəni birlik kimi formalaşmasını, oхşarlıqlarını üzə çıхarmaqdan ibarətdir. Antropoloqlar Azərbaycan xalqının tolerantlığının tarixi köklərini araşdırıb dünyaya bir nümunəvi təcrübə kimi təqdim etməyə çalışırlar.

Antropologiya Mərkəzi olaraq qeyd olunan sahələrdə öz işlərimizi aparmağa çalışırıq. Bu işlər arasında arxeoloji qazıntılar zamanı aşkar edilən insan qalıqları əsasında qədim insanların antropoloji ölçülərinin müəyyən edilməsi xüsusi qeyd olunmalıdır. Bu kimi tədqiqatların aparılması qədim dövrlərdə baş vermiş miqrasiya problemlərinin öyrənilməsi üçün mühüm amillərdən hesab edilir. Əməkdaşlarımız tərəfindən arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş insan skeletlərinin tədqiqi qədim dövrlərdə baş vermiş xəstəlikləri, insanların qida rasionunu (paleodieta), paleogenetikasını (arxeogenetikasını) və s. məsələləri müəyyən etməyə imkan verir.

Qeyd etdiyim kimi, Sosial antropologiya sektorunun əməkdaşları Azərbaycanda ölkə əhalisi arasında ictimai-siyasi, mədəni transformasiyalar şəraitində etnomədəni dəyişikliklərin xüsusiyyətlərini tədqiq edirlər, ölkənin sosial-iqtisadi və mədəni inkişafında müasir Azərbaycan cəmiyyətinin etnik və mədəni xüsusiyyətlərinin rolunu araşdırmağa çalışırlar.

- Məlum olduğu kimi, AMEA-da “Antropologiya” ixtisası üzrə magistraturaya qəbul həyata keçirilir. Mərkəzdə antropologiya sahəsində yüksəkixtisaslı kadr hazırlığına, gələcək antropoloqların yetişdirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə görülən işlər barədə məlumat verərdiniz.

Bir neçə il öncə AMEA nəzdində magistraturanın yaradılması çox düzgün və vaxtında verilmiş qərar idi. Xüsusilə bu, yeni elm sahələri üçün elmi kadrların hazırlanması baxımından təqdirəlayiq bir qərardır. Son 3 il ərzində bizim institutun magistraturasına “Antropologiya” ixtisası üzrə qəbul həyata keçirilib. Bu sahədə hər bir addım ilk olduğu üçün çətinliklər az deyil. Tədris olunan fənlərin seçilməsi, onların proqramlarının, mühazirələrinin hazırlanması, müvafiq elmi və tədris ədəbiyyatının seçilməsi kimi işlər asan başa gəlmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dilində ümumiyyətlə antropoloji ədəbiyyat yoxdur. Yeri gəlmişkən, onu da qeyd edim ki, bizim planlarımızda klassik antropoloji ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi və dərsliklərin tərtib edilməsi də var.

Bu il ilk dəfə “Sosial antropologiya” üzrə magistraturamızın buraxılışı olub və iki məzunumuz uğurla magistr dissertasiyalarını müdafiə edib. İki nəfər isə cari il “Mədəni antropologiya” ixtisası üzrə təhsilini davam etdirəcək. Ümid edirəm ki, gənc kadrlarımız Azərbaycan antropologiyasının inkişafına öz töhfələrini verəcəklər. Birinci növbədə, magistraturanı bitirmiş gənclərimizi Antropologiya Mərkəzində işlə təmin etmək lazımdır. Bununla yanaşı, onlar peşəkar mütəxəssis kimi yetişmək üçün təhsillərini davam etdirməlidirlər. Çox istərdim ki, bu təhsil xaricdə, dünya şöhrətli antropologiya mərkəzlərində davam etsin. Məsələn, Almaniyanın Halle şəhərində məşhur Sosial Antropologiya İnstitutu fəaliyyət göstərir.

Antropologiya sahəsində kadrların hazırlanması üçün təkcə Antropologiya Mərkəzinin məhdud imkanları kifayət etmir. Biz dəfələrlə təklif etmişik ki, aparıcı universitetlərdə, bütün dünya universitetlərində olduğu kimi, “Antropologiya” ixtisası üzrə kurslar açılsın. Bu, xüsusilə fiziki antropologiya sahəsinə aiddir. Bunun üçün Azərbaycan Tibb Universitetində, Bakı Dövlət Universitetinin Biologiya fakültəsində müvafiq ixtisas üzrə mütəxəssislər hazırlanmalıdır. Mərkəzimizdə Fiziki antropologiya adında sektor var, lakin formal olaraq “Fiziki antropologiya” adında ixtisas yoxdur.

- Ölkəmizdə fiziki və sosial-mədəni antropologiya sahəsində rast gəlinən əsas problemlər hansılardır?

Bir çox problemləri artıq qeyd etdim. Lakin qeyd olunanlar problemlərin yalnız bir hissəsidir. Kadr hazırlığının nə qədər önəmli olduğunu artıq vurğulamışam. Təcrübə mübadiləsi, master-klassların, seminarların keçirilməsi məqsədilə dünyanın aparıcı antropologiya mərkəzlərindən tanınmış antropoloqların Bakıya dəvət edilməsi üçün şərait yaradılmalıdır. Gənc kadrlarımız o mərkəzlərdə təcrübə keçməlidir. Antropologiya Mərkəzinin elmi fəaliyyəti üçün zəruri olan çöl materiallarının toplanması üçün ekspedisiyaların təşkil olunması vacib məsələlərdəndir. Fiziki antropologiya sahəsində tədqiqatların aparılması üçün müxtəlif ləvazimatlar (avadanlıq, proqram təminatı, alətlər) tələb olunur.

- Antropologiya Mərkəzinin fəaliyyətinin təşkilində hansı yeniliklər nəzərdə tutulur?

Hesab edirəm ki, Antropologiya Mərkəzinin qarşısında duran, yuxarıda qeyd etdiyim vəzifələri yerinə yetirsək, çoxsaylı problemlərin həll edilməsinə yaxın zamanlarda nail olsaq və nəhayət, araşdırmaları elmi planlara müvafiq aparsaq, bu, böyük uğur hesab oluna bilər. Məhz bu səbəbdən hesab edirəm ki, hələ yeniliklərdən danışmaq tezdir.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: