AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Bakı Polimer İstehsalat” MMC Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışı üzrə aparıcı şirkətlərdən biridir.
Şirkət artıq bir aya yaxındır ki, YT Parkda qida və sənaye streçi, yapışqan lentlər və s. istehsal edir.
Bu yaxınlarda məhsulların xarici ölkələrə ixracı istiqamətində əhəmiyyətli işlər görülüb. Belə ki, şirkətin istehsal etdiyi məhsulların artıq Rusiya bazarına ixracına başlanılıb.
Qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq artıq böyük uğurlara imza atan “Bakı Polimer İstehsalat” MMC yaxın zamanda ixrac imkanlarını genişləndirərək digər ölkələrə də məhsulların satışını nəzərdə tutur.
Xatırladaq ki, şirkətin məhsullarını istehsal etdiyi avadanlıq ən son texnologiyalar əsasında hazırlanıb və 8 mikron qalınlığa qədər 5 qat streç film istehsalına imkan verir. Bu isə daha kiçik qalınlıqda ağırçəkili yüklərin qablaşdırılmasını mümkün edir.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən “Bakı Polimer İstehsalat” MMC-yə xarici biznes tərəfdaşları ilə sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsi istiqamətində dəstək göstərilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.