Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

IV Beynəlxalq Dədə Qorqud Türk mədəniyyəti, tarixi və ədəbiyyatı konfransı keçirilib
03.09.2021 10:15
  • A-
  • A
  • A+

IV Beynəlxalq Dədə Qorqud Türk mədəniyyəti, tarixi və ədəbiyyatı konfransı keçirilib

AMEA-nın Folklor İnstitutu, Türkiyənin Ege Universiteti Türk Dünyası  Araşdırmaları İnstitutu və İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD)  birgə təşkilatçılığı ilə IV Beynəlxalq Dədə Qorqud Türk mədəniyyəti, tarixi və ədəbiyyatı konfransı keçirilib.

Onlayn formatda təşkil olunan konfransı giriş sözü ilə AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri və eyniadlı dərginin baş redaktoru, filologiya elmləri doktoru Ramazan Qafarlı açaraq bildirib ki, bu konfrans ortaq tariximizin qələbə və zəfərlərlə dolu olan bir çağında keçirilir. Alimin sözlərinə görə, dünya tarixinin son 1500 illik çağında türk ən aparıcı qüvvə olsa da, bir əlində qılınc, bir əlində Qurani-Kərim tutub, ədalətin, barışın, haqqın müdafiəsində dursa da, daim mənfur qonşuları tərəfindən xəyanətlə rastlaşıb. Türkün döyüş ruhunu əks yöndə ifşa edənlər onun  haqqında yalançı tayfa mifi yaradıb geniş arealda yaymış və dahi Nizaminin dediyi kimi, “taxt-tacı ədalət üstündə qurulan" ulu xalqı gözdən salmağa can atıblar. Ancaq mədəni dünya hər zaman ulu türkün döyüşkənliyi ilə yanaşı, maddi-mənəvi abidələr yaratmaqda da yer üzündə məskunlaşan heç bir xalqdan geri qalmadığının, bəzən daha üstün mövqedə dayandığının şahidi olub. 

Alim Qarabağın işğaldan azad olunmasının ildönümü ərəfəsində bu konfransın keçirilməsinin əhəmiyyətini, Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk xalq bilimi anabilim bölməsinin rəhbəri, prof. Mətin Əkicinin tərəflərdən biri olduğunu xüsusilə vurğulayaraq,  prof. M.Əkicinin “Koroğlu” və Dədə Qorqud eposlarının yorulmaz araşdırıcısı kimi çoxçeşidli elmi-pedaqoji və ictimai fəaliyyətini, eləcə də "Koroğlu" eposunun dünya xalqları arasında mövcud olan variantlarını müqayisəli şəkildə araşdırmasını, alimin səyi nəticəsində Dədə Qorqudun İranda tapılan yeni əlyazmasının elmi dövriyyəyə təqdimini yüksək qiymətləndirib.

Daha sonra söz alan Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun Türk xalq bilimi anabilim bölməsi rəhbəri, profesor Mətin Əkici çıxış edərək belə bir iş birliyi üçün Folklor İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib və iki millət bir dövlət olmaq yolunda hər gün uğurlu addımlar atan Türkiyə-Azərbaycan qardaşlığının qeyri-maddi mədəni irsə verdiyi dəyərin əhəmiyyətindən bəhs edib. O, "Kitabi-Dədə Qorqud"un və Qorqud ata hekayələrinin bu gün əlimizə üç nüsxə şəklində gəlib çatdığını vurğulayaraq, dastanda istifadə edilən dilin türk millətinin ruhunu canlandırdığını diqqətə çatdırıb. Prof. M.Əkici çıxışının sonunda konfransın təşkilində əməyi keçənlərə təşəkkür edərək, gələn il bu tədbirin İzmir Ege Universitetində üz-üzə  keçirilməsini arzu etdiyini ifadə edib.

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy çıxışı zamanı Dədə Qorqudun oğuz xalqlarının milli kimliyinin, keçmişinin, bugününün və gələcəyinin kitabı olduğunu və hər gələn nəslin bu kitabda yeniliklər tapacağını vurğulayıb. Professor çıxışının sonunda bildirib ki, biz “Kitabi-Dədə Qorqud”a və türkologiyaya yeni nəfəs gətirməli, Azərbaycan türkologiyası ilə Türkiyə türkologiyasını birləşdirməklə, onun potensialını bir-birinə qovuşdurmaqla yanaşı dünyaya qapıları açmalıyıq.

Açılış panelində institutun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlu da çıxış edərək Dədə Qorqud adına keçirilən bu konfransın böyük önəm daşıdığını diqqətə çatdırıb. O bildirib ki, “Kitabi-Dədə Qorqud” kitabı türk xalqlarının tarixini, ədəbiyyatını, hərb və dövlətçilik tarixini öyrənmək baxımından əvəzedilməz bir mənbədir. Dədə Qorqud dastanlarını təkrar-təkrar oxuyan alim hər oxuduqca yeniliklərlə üzləşdiyini də gizlətməyib.

Sonda söz Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) Azərbaycan təmsilçisi Əlvan Cəfərliyə verilib. O, təmsil etdiyi qurum adından konfrans iştirakçılarına və konfransın fəaliyyətinə uğurlar arzu edib.

Açılış panelindən sonra IV Beynəlxalq Dədə Qorqud Türk mədəniyyəti, tarixi və ədəbiyyatı konfransı öz işini üç bölmədə 30-a yaxın məruzə ilə davam etdirib. Sonda konfrans iştirakçıları sertifikatla təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: