Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

“Gənc tərcüməçilərimiz ana dilimizin incəliklərinə dərindən yiyələnməlidirlər” – Akademik Möhsün Nağısoylu ilə müsahibə
10.09.2021 10:04
  • A-
  • A
  • A+

“Gənc tərcüməçilərimiz ana dilimizin incəliklərinə dərindən yiyələnməlidirlər” – Akademik Möhsün Nağısoylu ilə müsahibə

Azərbaycanda şərqşünaslığın, əlyazmaşünaslığın, ədəbi dil tarixinin, bütövlükdə dilçiliyin tədqiqi sahəsində mühüm xidmətləri olan görkəmli alim akademik Möhsün Nağısoylu bu ilin sentyabr ayında 75 illik yubileyini qeyd edir.

Səmərəli elmi fəaliyyəti ilə filologiya elmimizə əhəmiyyətli töhfələr vermiş alimin çoxşaxəli elmi yaradıcılığı, xüsusilə də farsdilli və türkdilli əlyazmaların tədqiqi və nəşri sahəsindəki fəaliyyəti əvəzsizdir.

350-dən çox elmi və elmi-kütləvi məqalənin, o cümlədən 48 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisi olmuş, ölkəmizin ən qabaqcıl universitetlərində Azərbaycan və türk dilləri fənlərini tədris etmiş görkəmli şərqşünas-dilçi alimin elmi araşdırmaları əsasən XV-XVI əsrlərdə Azərbaycan tərcümə abidələrinin paleoqrafiya, orfoqrafiya və tərcümə məsələlərinə həsr olunub.

M.Nağısoylu M.Füzulinin “Hədiqətüs-süəda” (1993), M.Nəsirinin “Lisanüt-teyr” (2000), “Şeyx Səfi təzkirəsi” (2006) əsərlərini ilk dəfə tərtib və çap edənlərdən biridir. Akademik, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi rəhbər, “Dilçilik İnstitutunun əsərləri” jurnalının redaktoru, “Türkologiya” jurnalının redaktor müavini, AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdindəki ixtisaslaşdırılmış müdafiə şurasının sədri, eləcə də Əlyazmalar İnstitutu nəzdində yaradılan birdəfəlik müdafiə şurasının üzvüdür. Alim 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

M.Nağısoylu filologiya elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı (2001) və AMEA Rəyasət Heyətinin Fəxri fərmanı (2014) ilə təltif olunub.

Akademik Möhsün Nağısoylu ilə müsahibəmiz əsnasında görkəmli şərqşünas-dilçi alim elmi fəaliyyəti ilə bağlı bir çox maraqlı məqamlara toxunub.

-Möhsün müəllim, “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” adlı tərcüməniz həm dissertasiya mövzunuz, həm də peşəkar bir tərcüməçi kimi elmi fəaliyyətinizin başlanğıc nöqtəsi olmuşdur. Bu haqda qısa məlumat verərdiniz.

- Mənə “XVI əsr Azərbaycan tərcümə əsəri “Şühədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusu hörmətli professor, eyni zamanda elmi rəhbərim Cahangir Qəhrəmanov tərəfindən tövsiyə olunduqda bu mövzuya qədər “Şühədanamə” haqqında məlumatım olmayıb. Lakin elmi rəhbərimin tövsiyəsi ilə götürüb işlədiyim tədqiqat işim dövrün bir çox görkəmli dilçi-alimləri (Ə.M.Dəmirçizadə, M.Şirəliyev, V.Aslanov və b.) tərəfindən müsbət rəy aldıqda və Ə.Şükürlü Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) elmi işimin müzakirəsində “Ali Attestasiya Komissiyası bu dissertasiyanın qarşısında aciz qalacaq”, - deyə fikrini bildirəndə seçimimdə yanılmadığımı anladım. Düşünürəm ki, bu kimi nadir əlyazmalar dərindən araşdırılmalı, tərcümə və nəşr edilməlidir. Çünki “Şühədanamə” milli sərvətimiz, tariximiz olmaqla yanaşı, günümüzlə də yaxından səsləşir. Mən fəxr edirəm ki, müstəqillik dövrü dilimizin bu nadir incilərini nəşr edib gələcək nəsillərə ötürmək üçün bizə şərait yaratdı.

-Tərcümələrinizin əksəriyyəti orta əsrlərdə Azərbaycanda tərcümə sənətinin inkişafı və tədqiqi ilə bağlıdır. Bəs müasir Azərbaycan tərcümə sənətinin hazırkı vəziyyəti Sizi bir alim kimi qane edirmi?

- “Şühədanamə”ni yazanda C.Qəhramanov mənə orta əsrlərdə yazılmış digər əsərlərin də tərcüməsi və tədqiqi ilə məşğul olmağı tövsiyə etdi. Buna görə də “Hədiqətüs-süəda”, “Gülşəni-raz”, “Əsrarnamə”, “Hədisi-ərbəin” kimi tərcümələr zamanla tədqiqat obyektimə çevrildilər. Araşdırmalarımız zamanı maraqlı faktlarla qarşılaşırdıq. Diqqətinizə çatdırım ki, bizim araşdırmalarımıza qədər nə Vəli Şirazi, nə də ki, Həzini təxəllüslü şair-tərcüməçi haqqında ədəbiyyat tariximizdə heç bir məlumat yox idi. İlk dəfə araşdırmalarımız nəticəsində məlum oldu ki, 1524-cü ildə, orijinalı ərəb dilində yazılmış “Hədisi-ərbəin”i (40 hədis) ana dilimizə, nəzmlə tərcümə edən məhz Həzini olmuşdur. Bu da çox maraqlı və faydalı faktlardan biridir.

Müasir dövrümüzdə də maraqlı və qənaətbəxş  tərcümələr var. Amma hiss edirəm ki, bu sahədə də müəyyən gözəçarpan nöqsanlar mövcuddur və bunlar mütləq aradan qaldırılmalıdır. Məsələn, televiziya məkanında filmləri, cizgi filmlərini hərfi tərcümə edirlər. Bu, yanlış metoddur. Tərcümə yaradıcı və məzmunlu şəkildə olmalıdır. Buna görə də, tərcümələr zamanı peşəkarlara müraciət edilməlidir.

-Uzun illər Əfqanıstanda fars dili üzrə tərcüməçi kimi fəaliyyət göstərmisiniz. Xatirələrinizi bizimlə bölüşərdiniz.

- Əfqanıstanla bağlı xatirələrim çoxdur. Çünki bu ölkənin hər bir qarışını gəzmişəm. Lakin buraya olan ikinci səfərimi heç unutmaram. Böyük özbək şairi Əlişir Nəvainin Heratda olan məzarını ziyarət etmişdim və 1972-ci ildə burada çəkdirdiyim şəkli böyüdüb 2018-ci ildə Özbəkistanda Ə.Nəvai günləri keçiriləndə Nəvai şəhərinin qubernatoruna təqdim etmişdim. Bu hadisə mənim üçün ən unudulmaz anlardan biri idi. Daha sonrakı gəlişlərim müharibə illərinə təsadüf etməsinə və hətta bura gəlişimdən peşman olmağıma rəğmən düşünürəm ki, bunun özü də mənim üçün bir həyat dərsi olub.

-Elmi araşdırmalarınız Azərbaycan dilçilik elminin inkişafında əvəzsiz rol oynamışdır. Bu səbəblə, irsinizin davamçıları üçün Siz həm müəllim, həm də ustadsınız. Bəs Möhsün müəllimin ustadı kim olub?

- Erkən yaşlarımda dünyagörüşümün formalaşmasında xüsusi rol oynamış və ilk dəfə mənə yazı yazmağı öyrətmiş ilk müəllimim Tağı Əhmədovu, Cahangir Qəhrəmanovu, Məmmədağa Sultanovu, Tofiq Hacıyevi özümə həm ustad, həm də müəllim sayıram.

-Son olaraq Möhsün Nağısoylunun gənc tərcüməçilərə tövsiyələri nələrdir?

- İlk növbədə, gənc tərcüməçilərimizə tövsiyəm odur ki, ana dilimizin incəliklərinə (xalq deyimlərinə, frazeoloji birləşmələrə və s.) dərindən yiyələnsinlər. Tərcümə etdikləri ikinci dili də ana dili səviyyəsində mükəmməl bilsinlər və ən əsası, gördükləri hər bir işdə xalqımızın mənafeyini, vətənpərvərliyi, milli dəyərlərimizi qoruyub saxlasınlar.

Müsahibəni apardı: Alidə Zeynalova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin aparıcı mütəxəssisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: