Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

AMEA-nın müxbir üzvü Musa Qasımlı: “15 sentyabr Azərbaycan-Türkiyə silah qardaşlığının rəmzidir”
15.09.2021 10:08
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Musa Qasımlı: “15 sentyabr Azərbaycan-Türkiyə silah qardaşlığının rəmzidir”

Qafqaz İslam Ordusunun 1918-ci il sentyabrın 15-də Bakı şəhərini yadelli qüvvələrdən azad etməsindən 103 il keçir. Bununla bağlı Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlının Bakıda 1918-ci il 15 sentyabr hadisələrinin hərbi-siyasi, tarixi və mənəvi-psixoloji əhəmiyyətinə dair “15 sentyabr Azərbaycan-Türkiyə silah qardaşlığının rəmzidir” məqaləsini təqdim edirik:

Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra Qafqaz cəbhəsindən geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Anarxiyanın hökm sürdüyü Cənubi Qafqazda bu zaman rəsmi və qeyri-rəsmi olaraq üç hakimiyyət - müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Rusiya hərbçiləri silahlarını buna qədər Anadoluda dinc türk-müsəlman əhaliyə qarşı qırğın törətmiş, geri çəkilərkən isə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində qanlar tökən erməni bandalarına vermişdilər. Türk və müsəlman olduqlarından etibar etmədiyi üçün çarizmin hərbi xidmətə çağırmadığı azərbaycanlıların ordusu yox idi, yalnız könüllülərdən ibarət “Vəhşi diviziya” var idi. Hərbi xidmətə çağırılmayan azərbaycanlılar hərb sənətini, özünümüdafiəni yadırğayır, eyni zamanda, vergi ödəyirdilər. Bakıda qurulan sovet hakimiyyəti dinc türk-müsəlman əhaliyə zülm edirdi. Qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində törədilən soyqırımı oldu. Cənubi Qafqazın digər yerlərində də davam etdirilən qırğınların qarşısını əvvəlcə Transqafqaz Komissarlığı, sonra isə onun yerində qurulan Transqafqaz Seymi ala bilmədi.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi Tiflisdə elan edildi və Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər - ərazi və əhali mövcud idi, hökumət də quruldu. Gəncə şəhəri Azərbaycanın müvəqqəti paytaxtı elan edildi. Lakin ölkənin baş şəhəri olan Bakı yadellilərin əlində idi. Azərbaycan dövlətinin şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə təəhhüd olaraq götürmüşdü. Azərbaycan yardım üçün müraciət etdi. Osmanlının hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı altında Qafqaz hərəkatı başladı. Cərgələrini yerli əhalidən doldurmaqdan və Bakı şəhəri azad edildikdən sonra problem yaranmamasından ötrü ordu Qafqaz İslam Ordusu adlandırıldı. Hərəkatın hüquqi-siyasi təməlini Batum müqaviləsi təşkil edirdi. Bu hərəkatın milli-mənəvi əsasları da var idi. Dünya türklüyünün və islamın mərkəzi olan Osmanlı dövləti Cənubi Qafqazda milli və dini əlamətlərə görə öldürülən türk və müsəlmanlara yardım etməli idi. Türklər və müsəlmanlar Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Osmanlı ilə dil, din, mədəniyyət baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Qeyd etmək lazımdır ki, buna qədər çoxlu azərbaycanlı gənc Balkan savaşlarında və Çanakkala döyüşlərində türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti olaraq getmişdilər. Bakı hərəkatının hərbi-strateji və iqtisadi səbəbləri də var idi. Dünyanın nəhəng dövlətlərindən biri olan Osmanlının təbii olaraq bu regionda geniş maraqları mövcud idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi hesab edilirdi. Bakıya sahib olan təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarət qazanırdı. Xəzər üzərində nəzarət Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya yiyələnmək demək idi. Dünyanın ürəyinə gedən yol qızıl körpü olan Azərbaycandan, Bakıdan keçirdi.

Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda iki neft mənbəyi – Mosul və Bakı uğrunda müharibə gedirdi. Müharibə həm də neft savaşı idi. Osmanlı dövlətinin bu strateji yola, mövqelərə və neft mənbəyinə yiyələnməsi üçün milli və mənəvi baxımdan problemi mövcud deyildi. Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin 3 milyon nəfəri türk və müsəlman idi.

Qafqaz İslam Ordusunun hücumları qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti iyulun 31-də devrildi. Onun yerində xarici yardımlarla qurulan və əslində koalisiyalı hökumət olan Sentrokaspi diktaturası general Leonel Denstervil başda olmaqla ingilis qüvvələrini Bakıya dəvət etdi. Bakı uğrunda təkcə amansız döyüşlər deyil, eyni zamanda, diplomatik-siyasi mübarizə gedirdi. Hər bir dövlət əlverişli coğrafi-siyasi mövqeyi və zəngin neft mənbələri olan Azərbaycana yiyələnməyə çalışırdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün hərəkətə keçən bolşevik Rusiyası müharibədə Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də bir müqavilə imzaladı. Müqaviləyə görə, Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bu göstərdi ki, Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildi. Lakin oynanılan oyunlar Qafqaz İslam Ordusunun yürüşünü dayandıra bilmədi. İqtisadi baxımdan ətraf ərazilərdən asılı olan Bakı mühasirəyə alındıqdan sonra şəhərin ərzaq təchizatı kəsildi və ağır vəziyyət yarandı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağıdılmadı. İngilislər və Sentrokaspi diktaturası türk hücumları qarşısında şəhəri qoyub qaçdılar. Bakıya gələrkən ermənilərə arxalanan L.Denstervil onları qorxaqlıqla təqsirləndirdi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Sentyabrın 17-də isə Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü. Azərbaycan dövləti milli-mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi”.

Bakının azad edilməsi əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu. Şəhərin azad edilməsi Azərbaycan və türk silah qardaşlığının rəmzi idi. Qardaşların birliyi Bakıya dair iyrənc planları darmadağın etdi. Bu hadisə göstərdi ki, Azərbaycan və Türkiyə birgə hərəkət etdikdə heç kim onları dayandıra bilməz. Milli ruhu yüksələn azərbaycanlılar Azərbaycanın şimal torpaqları çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar. Qardaşlıq yardımları sonrakı illərdə də davam etdirildi. İşğal edilib sovetləşdirildikdən sonra Azərbaycan xalqı türk qardaşlarının istiqlal savaşına yardımlar etdi. Sovet dövründə ağır şərtlər altında yaşamasına, 30-cu illərin sonlarından-50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətrafına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi. SSRİ-nin hələ mövcud olduğu bir zamanda Türkiyə qətiyyətli hərəkət edərək 1991-ci il noyabrın 8-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıdı. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qardaşlıq münasibətləri daha da möhkəmləndi. 1918-ci il 31 Mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərimizin dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakı Türk Şəhidliyi abidəsi ucaldıldı. Bu, təkcə ziyarət edilərək əklil qoyulan bir abidə deyil, qanı torpaqlarımızda bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının, əbədi birliyinin rəmzidir. Nəhayət, 44 günlük müharibədə qardaş Türkiyə Azərbaycanın haqq işini birmənalı olaraq diplomatik-siyasi və mənəvi-psixoloji baxımdan müdafiə etdi. Bu il ilk dəfə olaraq biz sentyabrın 15-ni Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun ərazilərimizi Ermənistan işğalından azad etmiş olduğu şəraitdə qalib millət və qalib dövlət kimi qeyd edirik.

Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi münasibətləri yeni səviyyəyə çıxardı. Kökləri dərin olan qardaşlığımız əbədidir. Biz birlikdə güclüyük!

AzərTac

  • Paylaş: