Günəşdəki aktivliyin dəyişməsi Yerə təsirsiz ötüşmədiyindən, bu ulduz daim diqqət mərkəzində saxlanılır. Xüsusilə də Günəşdə baş verən partlayışlar zamanı plazma atılmalarının Yerə doğru yönəlməsinin planetimizdəki təzahürləri həm astronomları, həm də dünya ictimaiyyətini maraqlandıran əsas məsələlərdən biridir.
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, hazırda Günəş 11 illik tsiklik aktivlik dövründə olduğundan bu partlayışlar daha da intensivləşib ki, bu da öz növbəsində plazma atılmalarının artmasına səbəb olub. Yerə doğru yönəlmiş plazma seli isə müxtəlif səviyyəli maqnit qasırğalarına səbəb olur.
Qeyd edək ki, Günəşdə periodik olaraq müşahidə olunan alışmalar zamanı Tac dəlikləri Günəş küləyi vasitəsilə kosmosa plazma seli yayır. Onların sürəti Yer orbitində bəzən 1000 km/san-ni belə aşır. Bu zərrəciklər əsasən proton və elektronlardan ibarətdir. Küləklə yayılan bu zərrəciklərin bir hissəsi Yerin maqnit qütblərindən atmosferə nüfuz edir. Yer atmosferi əsasən azot və oksigendən təşkil olunub ki, bu zərrəciklər də onların atom və ya molekulları ilə toqquşaraq daha yüksək enerji səviyyəsinə keçmələrinə səbəb olur. Atom və ya molekullar əvvəlki vəziyyətinə qayıtmaq üçün həmin enerjini işıq fotonları şəklində şüalandıraraq qütb parıltılarını yaradır. Qütb parıltılarına Avrora da deyilir. Avrora Roma mifologiyasında Şəfəq Tanrısı kimi təsvir olunur.
Məlumat üçün bildiririk ki, qütb parıltıları maqnit sahəsinə və atmosferə malik göy cisimlərində müşahidə olunur. Müxtəlif vaxtlarda Mars, Yupiter, Saturn, Uran və Neptunda, planetlərin bəzi peykləri, hətta kometdə belə avroralar müşahidə olunub.
Adətən səmada sakit halda avroral ovalın dimetri 3000 km-i əhatə edir. Qütb parıltıları 60-720 şimal və cənub paralelləri arasında gecələr görünür və atmosferin 60-1000 km aralığında meydana gəlir. Güclü geomaqnit qasırğaları zamanı isə orta enliklərədək müşahidə olunur. Yerin maqnit qütbü fırlanma oxu ilə 11°-lik bucaq təşkil edir və meyllilik Şimali Amerika istiqamətində olduğu üçün Avrasiyaya nisbətən daha aşağı enliklərədək qütb parıltılarını görmək mümkündür. Bakı Nyu-Yorkla eyni coğrafi enlikdə olmasına baxmayaraq, biz çox güclü maqnit qasırğaları zamanı belə qütb parıltılarını görə bilmirik, amma orada müşahidə olunur.
Qütblərə doğru getdikcə yaz və yayda qaranlıq saatların sayı azaldığından əsasən payızdan yazadək olan dövr avroraları müşahidə etmək üçün daha əlverişli sayılır. Əlavə olaraq qeyd edək ki, avroraların yaranması Günəş fəallığına bağlı olduğundan Günəşin aktivliyi 11 illik periodla dəyişdiyi üçün, tsiklin aktiv fazasında qütb parıltılarının da görülmə tezliyi artmış olur.
Avroraların rəngi geomaqnit sahəsinin intensivliyindən və yarandığı hündürlükdən asılı olaraq dəyişir. Yaşıl rəng avroralar ən çox rast gəlinəndir və oksigen atomlarının şüalanması nəticəsində yaranır. Qırmızı rəng daha yüksəkdə yarandığından və oksigen atomlarının sıxlığı hündürlük artdıqca azaldığından, əsasən güclü geomaqnit qasırğaları zamanı müşahidə olunur. Həmçinin azot molekullarına məxsus göy və bənövşəyi çalarlar da qırmızı rəng kimi geomaqnit sahəsinin intensivliyindən asılıdır və güclü geomaqnit qasırğaları zamanı ortaya çıxır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.