Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Qara Gözəl”də su izləri tapılıb
03.12.2024 09:54
  • A-
  • A
  • A+

“Qara Gözəl”də su izləri tapılıb

Alimlər qeyri-adi rəng çalarlarına görə “Qara Gözəl” adı verilmiş Mars mənşəli NWA 7034 meteoridinin kimyəvi analizi nəticəsində hidrotermal proseslərin izlərini aşkar ediblər.

NWA 7034 meteoridi 2011-ci ildə Saxara səhrasında tapılıb və təxminən 320 qramdır. Mars atmosferinin kimyəvi tərkibi ilə meteoridin tərkibindəki qazın izotoplarının nisbəti müqayisə olunaraq, onun Mars mənşəli olduğu müəyyən edilib. Bu üsulla 200-dən çox Mars mənşəli meteorid müəyyən olunub. Hesab olunur ki, bu qalıqlar 10 milyon il əvvəl böyük ölçülü asteroidlərin Marsla toqquşması nəticəsində qoparaq kosmosa yayılıblar. Planetoloqların fikrincə NWA 7034 Karrat krateri yaxınlığındakı ərazilərə aiddir.

Meteoridin yaşı 4.4 mliyard il qiymətləndirilir. Günəş sistemi 4.6 milyard il əvvəl formalaşdığı üçün meteorid həmin dövrə aid informasiyanı özündə daşıyır, həmçinin meteoridin tərkibində digər nümünələrdən daha çox su var.

Qeyd edək ki, alimlər ilk olaraq onu adi vulkanik suxurlara aid etsələr də, sonradan onun tərkibində dəmir, alüminium və natriumun mövcud olduğunu müəyyən ediblər. Belə nəticəyə gəliblər ki, maqma adi yolla deyil, yüksək temperaturda hidrotermal hadisə zamanı formalaşıb. Bu isə o deməkdir ki, maqmanın kristallaşması prosesi suyun iştirakı ilə gedib.

Tədqiqat işi “Science Advances” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: