Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Starship”in yeni sınaq uçuşunun tarixi məlum olub
10.01.2025 14:03
  • A-
  • A
  • A+

“Starship”in yeni sınaq uçuşunun tarixi məlum olub

İlon Maska məxsus SpaceX şirkəti növbəti sınaq uçuşunun tarixini açıqlayıb. Meqaraketin yenilənmiş versiyasının sınaq uçuşu yerli vaxtla 14 yanvar saat 02:00-a planlaşdırılır, bu, raketin 7-ci uçuşudur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, uçuş zamanı ilk dəfə olaraq Starship-dən faydalı yükün buraxılması planlaşdırılır. Belə ki, kosmik gəmi orbitə 10 eksperimental mini peyk çıxaracaq. Bu, sonradan Starlink peyklərinin daşınması üçündür. Starlink peykləri aşağı Yer orbitində yerləşdirilmiş, internet üçün istifadə olunan zəncirvari peyklər dəstidir və şirkət gələcəkdə onların sayını 40 000-ə çatdırmağı planlayır.

Təkrar istifadə üçün hazırlanmış bu konstruksiya iki hissədən ibarətdir - Starship kosmik gəmisi və Super Heavy daşıyıcısı. Ümumi hündürlüyü 123 metr olan konstruksiya SpaceX-in inkişafı tarixində ən hündür raketdir, Super Heavy daşıyıcısı NASA-nın Ay missiyaları üçün hazırladığı SLS raketindən iki dəfə güclüdür.

Starship Yer ətrafında orbitini tamamladıqdan sonra və Avstraliyanın şimal-qərb sahillərində Hind okeanına düşəcək. Super Heavy daşıyıcısı isə uçuş meydançasına qayıtmalı və tutucu qollar vasitəsilə tutulmalıdır.

Qeyd edək ki, raket daha əvvəl altı uçuş edib. Bu dəfə isə daşıyıcıda bir çox yeniliklər olunub və sistem optimallaşdırılıb. Dizayn təkmilləşdirmələri arasında ön sükan çarxlarının yeni tərtibatı da var ki, bu da onların qızmasını azaldır. Əvvəlki sınaqlar zamanı bu elementlər sona qədər öz funksiyalarını yerinə yetirmələrinə baxmayaraq, yenidən atmosferə daxil olduqda ciddi zədələnmişdilər. Bundan əlavə, yeddinci uçuş üçün Starship-in yanacaq tutumu 25% artırılıb. Həmçinin avionika, kompüterlər, rabitə və enerji paylama sistemləri də tamamilə yenilənib. Starshipin texnoloji imkanlarının hər dəfə yenilənməsi gələcəkdə Aya və Marsa missiyalara hazırlıqdır.

Uçuş Texas ştatının Boka-Çikada yerləşən Starbase platformasından həyata keçiriləcək. Şirkət uçuşu onlayn paylaşmağı planlaşdırır və canlı yayım uçuşdan təxminən 35 dəqiqə əvvəl başlayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: