AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında könüllülük fəaliyyətində iştirak etmiş gənclərin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirin aparıcısı, “Elmi ekspozisiyanın təşkili” şöbəsinin əməkdaşı Nuranə Abdullayeva mərasimi açaraq iştirakçıları salamlayıb və tədbirin məqsədi barədə məlumat verib. Daha sonra İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Zaur Həsənova söz verilib. Dosent Zaur Həsənov könüllülərin muzey fəaliyyəti ilə yanaşı, iştirak etdikləri arxeoloji qazıntılardan da söz açıb. O, gənclərin sahə tədqiqatlarında iştirakının praktiki bilik və təcrübə qazanmaları baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Söz alan institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova çıxışında könüllülük fəaliyyətinin gənclərin bilik və bacarıqlarının inkişafında, onların elmi və ictimai fəaliyyətə cəlb olunmasında, eləcə də tarixi-mədəni irsin təbliğində əhəmiyyətini vurğulayıb.
İnstitutun rəqəmsal inkişaf üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək onların təşəbbüskarlığının və fəallığının əhəmiyyətini qeyd edib. Ümumi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Şövqü Həsənov da çıxışında könüllülük fəaliyyətinin gənclərin şəxsi və peşəkar inkişafındakı rolundan bəhs edərək bu təşəbbüsün əhəmiyyətini vurğulayıb.
“Elmi ekspozisiyanın təşkili” şöbəsinin müdiri Orxan Zamanov isə çıxışında könüllülük proqramının fəaliyyəti və nəticələri barədə statistik məlumatları diqqətə çatdırıb, proqram çərçivəsində görülən işlər və əldə olunan nəticələr haqqında məlumat verib.
Könüllülər adından çıxış edən Xəzər Universitetinin Tarix müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Nəzrin Quliyeva fəaliyyət müddətində əldə etdiyi bilik və təcrübədən, iştirak etdiyi işlərdən və yaradılan imkanlardan bəhs edib. O, institut rəhbərliyinə, layihənin təşkilində iştirak edən əməkdaşlara və könüllülük fəaliyyətinə dəstək göstərən hər kəsə təşəkkürünü bildirib.
Çıxışlardan sonra mükafatlandırma mərasiminə başlanılıb. Muzey-Sərgi zalında fəaliyyət göstərən könüllülərə göstərdikləri fəallığa, məsuliyyətli fəaliyyətlərinə və muzeyin maarifləndirici işinə verdikləri töhfəyə görə sertifikatlar, diplomlar və təşəkkürnamələr təqdim olunub, kiçik hədiyyələr verilib. Mükafatlandırma mərasiminin təşkili və həyata keçirilməsində “Elmi ekspozisiyanın təşkili” şöbəsinin əməkdaşı Türkən Əliyeva da iştirak edib.
Bununla yanaşı, yanvar ayında fəaliyyətə başlayan media komandasının ilk heyət üzvləri də fəaliyyətlərinə görə diplom, sertifikat və təşəkkürnamələrlə təltif olunublar. Həmçinin “Keçmişin sədası” sərgisinin təşkilində və həyata keçirilməsində fəallıq göstərmiş gənclərə də təşəkkürnamələr təqdim edilib.
Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.