Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2026 11:46
  • A-
  • A
  • A+

Riyaziyyat İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Riyaziyyat İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 44 günlük Vətən müharibəsinin şanlı xronikasını, Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlığı və işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın əzəmətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Riyaziyyat İnstitutunun direktoru, texnika elmləri doktoru, dosent Elxan Səbziyev Azərbaycanın tarixi Zəfərinin əhəmiyyətindən bəhs edib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyünün qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərini qeyd edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi-siyasi strategiyasının və Azərbaycan Ordusunun rəşadətinin tarixi qələbəmizin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb.

Elxan Səbziyev böyük Zəfərin xalqımızın milli birliyinin, əyilməz iradəsinin və Vətən sevgisinin təntənəsi olduğunu bildirib. O, qazanılan qələbənin gələcək elmi-texnoloji inkişaf və milli təhlükəsizlik strategiyaları ilə vəhdət təşkil etdiyini diqqətə çatdırıb. İnstitutun direktoru kollektivi Zəfər Günü münasibətilə təbrik edərək, şəhid ailələrinə və qazilərə dərin ehtiramını ifadə edib.

Tədbirin dəvətli qonağı – “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Gənclərin hərbi-vətənpərvərlik və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev geniş məruzə ilə çıxış edib.

Polkovnik Azərbaycanın müasir hərb tarixinə və keçdiyi çətin, lakin şərəfli yola nəzər salaraq, Birinci və İkinci Qarabağ müharibələrinin xalqımızın tarixindəki həlledici məqamlarını təhlil edib.

O, ilk növbədə 1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsindən danışıb. Həmin dövrdə ölkədə hökm sürən siyasi xaos, ordu quruculuğundakı çatışmazlıqlar və silah-sursat qıtlığına baxmayaraq, xalqımızın və qəhrəman oğullarımızın torpaq uğrunda göstərdiyi fədakarlıqları xatırladıb. Polkovnik bildirib ki, Birinci Qarabağ müharibəsində verilən şəhidlər, çəkilən ağrılar və itirilən torpaqlar xalqımızın qəlbində Vətən sevgisini və torpaqlarımızın azadlığına olan sarsılmaz inamı daha da gücləndirib.

Çıxışında 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinə də toxunan Adil Haqverdiyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları sırasında yer alıb. O, 44 gün ərzində yazılan yeni hərb tarixinin, müasir hərbi texnologiyaların tətbiqinin və Azərbaycan əsgərinin rəşadətinin tarixi qələbənin əldə olunmasında həlledici rol oynadığını qeyd edib.

Daha sonra “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Gənclərin hərbi-vətənpərvərlik və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev çıxış edib. O, Zəfər Gününün Azərbaycan ziyalıları, elmi ictimaiyyəti və veteran hərəkatı üçün böyük mənəvi əhəmiyyət daşıdığını bildirib.

Nəbi Hacıyev institut əməkdaşlarına və ziyalılara müraciət edərək, qazanılmış hərbi Zəfərin qorunub saxlanılması və ideoloji baxımdan möhkəmləndirilməsi üçün gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsinin milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

Tədbirdə Riyaziyyat İnstitutunun Qeyri-xətti analiz laboratoriyasının elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, dosent Telman Qasımov da çıxış edib. O, döyüş meydanında qazanılan şanlı qələbənin arxa cəbhədə çalışan hər bir vətəndaşın, o cümlədən elmi ictimaiyyət nümayəndələrinin rəşadətli orduya göstərdiyi mənəvi dəstəyin və inamın təntənəsi olduğunu bildirib.

Telman Qasımov institut əməkdaşlarının bundan sonra da elmi nailiyyətləri ilə dövlətimizin güclənməsinə və işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına töhfə verməyə hazır olduqlarını qeyd edib. O, kollektivi Zəfər Günü münasibətilə təbrik edib.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: