Respublikamızın ikinci şəhərində, eləcə də Qərb regionunda müasir elmi tədqiqatların təşkili və həyata keçirilməsində böyük rolu olan akademik Fuad Əliyevin 75 yaşının tamam olması münasibətilə Gəncənin elm və ali təhsil ocaqlarında təbrik görüşləri keçirilir.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Əməkdar elm xadimi, kimya elmləri doktoru, AMEA-nın Gəncə bölməsinin sədri akademik Fuad Əliyevin şərəfinə keçirilmiş tədbirdə institutun direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov yubilyarı müasir Azərbaycan elminin görkəmli nümayəndəsi, eləcə də bu sahənin inkişafında özünün yorulmaz təşkilatçılıq fəaliyyəti, həmçinin bilikli və bacarıqlı kadrlar yetişdirməsi ilə elm tariximizə düşmüş böyük şəxsiyyət kimi xarakterizə edib. O, Fuad Əliyevin Gəncənin iqtisadi və mədəni yüksəlişində də xüsusi rolunu vurğulayaraq, onun əməyinin hər zaman dövlətimiz tərəfindən qiymətləndirildiyini qeyd edib.
Təbrik sözləri ilə çıxışlarında Gəncənin ali təhsil və elmi-tədqiqat sahələrində fəaliyyət göstərən elmlər doktorları, professorlar - Əhəd Nəbiyev, Elman Mövsümov, Məntiq Cəfərov, Aynur Bayramova, Ələddin Tağıyev, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, fil.ü.f.d., Əlimuxtar Muxtarov və digərləri əsl alim və nəcib insan ömrü yaşamış Fuad Əliyevin həyatın və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu vurğulayıblar.
Yubilyara bu əlamətdar günü tarixə əbədi həkk edəcək bürünc xatirə lövhəciyi və möhtəşəm gül dəstəsi təqdim edilib.
Akademik Fuad Əliyev ölkəmizin tanınan elmi-tədqiqat müəssisələrindən olan BMTBETİ-nin rəhbərliyi və əməkdaşlarına, həmçinin Gəncənin digər elm və ali təhsil ocaqlarında fəaliyyət göstərən həmkarlarına göstərdiklər həssaslıq və ehtirama görə dərin minnətdarlığını bildirib. O, ölkəmizin inkişafı və elmimizin tərəqqisi naminə, Gəncənin alim və tədqiqatçılarının öz səylərini artıracaqlarına inandığını qeyd edib.
Akademik Fuad Əliyevin 75 illik yubileyi Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi şurasının genişləndirilmiş iclasında da qeyd olunub.
Universitetin rektoru dosent Zəfər Qurbanov təbrik nitqi ilə çıxış edib. O, akademik Fuad Əliyevi Azərbaycan elminin inkişafına əhəmiyyətli töhfələr verən tanınmış alim, həmçinin Gəncə və Qərb regionunun ictimai həyatında böyük rol oynayan şəxsiyyət kimi xarakterizə edib.
ADAU-nun Elmi şurasının katibi dosent Səbuhi Məmmədov çıxışında akademik Fuad Əliyevin Gəncənin elmi potensialının yüksəldilməsi, xüsusilə AMEA-nın Gəncə Bölməsinin yaradılması, onun inkişafının zamanın tələblərinə uyğun surətdə təmin olunmasında müstəsna rolu olduğunu qeyd edib.
ADAU-nun rəhbərliyi adından akademik Fuad Əliyevə yazılı xatirə suveniri təqdim edilib.
Akademik Fuad Əliyev çıxış edərək, Azərbaycanın qocaman elm və ali təhsil ocaqlarından biri, aqrar elmimizin inkişafında aparıcı mövqeyi və qabaqcıl ənənələri ilə seçilən ADAU-nun rəhbərliyi və əməkdaşlarına göstərdikləri diqqətə görə dərin minnətdarlığını bildirib. O, həmçinin rəhbərlik etdiyi elm ocağı – AMEA-nın Gəncə Bölməsində elmin səmərəliliyinin artırılması naminə, şəhərdə yerləşən ali təhsil ocaqlarında, o cümlədən ADAU-da çalışan alim və tədqiqatçılarla əməkdaşlığa daim diqqət verildiyini və bu qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.