Hər il dekabrın 4-dən 20-dək təkrarlanan “Geminid” meteor selinin piki ayın 13-dən 14-ə keçən gecə gözlənilir.
Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə “Geminidl”ər ən intensiv dövri meteor sellərindən biridir. Aysız səmada həmin vaxt saatda 150-dək meteoru müşahidə etmək mümkündür. Meteor yağışı əsasən Şimal yarımkürəsində daha aydın görünəcək, lakin Cənub yarımkürəsində də az intensivliklə izlənilə bilər. Qeyd olunub ki, selin radiantı əkizlər bürcünə uyğun gəldiyindən meteorlar əsasən bu bürc yaxınlığında peyda olacaqlar. Ən intensiv dövrü saat 02:00-da olacaq, lakin müşahidələr bütün gecə davam edə bilər.
Meteor selləri adətən komet mənşəli olurlar. Lakin “Geminid”lər 3200 “Faeton” adlı səma cismi ilə əlaqələndirilir. 1983-cü ildə Fred Uippl tərəfindən kəşf edilən bu obyekt yunan mifologiyasında Günəş tanrısının oğlu Faetonun adını daşıyır. Faetonun asteroid yoxsa komet olduğu hələ də dəqiq bilinmir. Çünki, Günəşə yaxınlaşdıqda “quyruq” yaratmır. Bu səbəbdən onun daş tərkibli yeni tip obyekt və ya “sönmüş” komet olduğu ehtimal edilir.
Meteor selini müşahidə etmək üçün işıq çirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlar seçilməlidir. Ayın tam fazaya yaxın olması səbəbindən, onun işığı müşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayına təsir göstərə bilər. Ay 14 dekabrda saat 06:56-da batacaq, bu isə qaranlıq səmada meteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq. Lakin 07:25-də artıq səhər ala-qaranlığı başlayacaq və müşahidələr çətinləşəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.