Üzvlük diplomu elmi qurumun genişləndirilmiş iclasında təqdim olunub
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Gürcüstan Milli Elmlər Akademiyası Ümumi yığıncağının 10 iyul 2024-cü il tarixli qərarı ilə bu qurumun xarici üzvü seçilib.
Bu məqsədlə Tbilisi şəhərində Gürcüstan MEA Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.
Əvvəlcə akademik İsa Həbibbəyli gürcü həmkarı, Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Roin Metreveli ilə birlikdə Tbilisi şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Genişləndirilmiş iclası giriş sözü ilə açan Gürcüstan MEA-nın prezidenti akademik Roin Metreveli akademik İsa Həbibbəylini görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı və siyasi xadim kimi dəyərləndirərək onun Azərbaycan-Gürcüstan elmi əlaqələrinin inkişafındakı xidmətlərindən danışıb. İki dost və qardaş xalqlar arasında elmi-ədəbi əlaqələrin inkişafında böyük xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Sonra akademik Roin Metreveli Gürcüstan MEA-nın xarici üzvü diplomunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təqdim edib.
Tədbirdə Gürcüstan MEA-nın vitse-prezidenti akademik Ramaz Xuradze, akademik-katib akademik Vladimir Papava, Dil, Ədəbiyyat və İncəsənət Bölməsinin akademik-katibi akademik Elizbar Cavelidze, Gürcüstan MEA-nın sabiq prezidenti, Akademiyanın baş müşaviri akademik Georgi Kvesitadze, Kimya və Kimya Texnologiyaları Bölməsinin akademik-katibi akademik Vladimir Tsitsişvili, Mühəndis Elmləri və İnformasiya Texnologiyaları Bölməsinin akademik-katibinin müavini akademik Tamaz Şilakadze, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani və institutun elmi işlər üzrə direktor müavini professor Maka Elbakidze çıxış ediblər. Çıxışlarda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin çoxistiqamətli elmi yaradıcılığından danışılıb, iki dost və qardaş ölkənin elmi qurumları arasında yaradılmış möhkəm elmi-ədəbi əlaqələrin inkişafında akademik İsa Həbibbəylinin böyük xidmətləri xüsusi vurğulanıb. Görkəmli alim və elm təşkilatçısı akademik İsa Həbibbəyli tərəfindən Azərbaycan və Gürcüstanın Elmlər Akademiyaları arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsi üçün bundan sonra da əhəmiyyətli töhfələr veriləcəyinə əminliklərini ifadə ediblər.
Sonda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fəxri rütbəyə – Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçildiyinə görə Gürcüstan MEA-nın prezidenti akademik Roin Metreveliyə və Rəyasət Heyəti üzvlərinə minnətdarlığını bildirib, Azərbaycan və Gürcüstan arasında elmi əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün bundan sonra da əzmlə çalışacağını bildirib. Azərbaycan aliminin Gürcüstan MEA-nın xarici üzvü seçilməsini qardaş Gürcüstanın Azərbaycan elminə verdiyi yüksək qiymətin ifadəsi hesab edib.
Bununla da Gürcüstan MEA Rəyasət Heyətinin genişləndirilmiş iclası başa çatıb.
Sonra akademik İsa Həbibbəyli Gürcüstan Dövlət İncəsənət Muzeyini ziyarət edib, qurumun rəhbərliyi və burada çalışan alimlərlə görüşüb. Görüş zamanı qarşılıqlı elmi əlaqələrdən söhbət açılıb, fikir mübadiləsi aparılıb.
AMEA rəhbəri Tbilisinin azərbaycanlılar yaşayan məhəlləsini də gəzib.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor Givi Abduşelişvilinin müşayiəti ilə Tbilisidə Müasirlik Muzeyi ilə tanış olub. AMEA rəhbəri, həmçinin Kaxetiyanın Saqareco şəhərində “Bağ-Muzey”i ziyarət edərək burada professor Lali Qoqeliani və bir qrup alimlə görüşüb. Görüşdə iki ölkə alimlərinin qarşılıqlı elmi əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Akademik İsa Həbibbəyli Gürcüstanın fəxri xiyabanı hesab edilən Panteon Muzeyini də ziyarət edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.