Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.09.2021 15:57
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin 50 illik yubileyinin təşkili ilə bağlı müzakirələr aparılıb

Şəki Regional Elmi Mərkəzinin 50 illik yubileyinin təşkili ilə bağlı müzakirələr aparılıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Elmi şurasının növbəti iclası keçirilib.

İclası açan ŞREM-in direktoru, fiz.ü.f.d., dosent Yusif Şükürlü şuranın üzvü, Genetik Ehtiyatlar İnstitutunun Şəki Regional Təcrübə Mərkəzinin müdiri, b.ü.f.d. Ş.Məmmədovun vəfatı ilə əlaqədar bir dəqiqəlik süküt elan edib.

Sonra gündəlikdəki birinci məsələ üzrə çıxış edən dosent Yusif Şükürlü bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydaları”nın 2.2. və 2.3.-cü bəndlərinə uyğun olaraq 2022-ci il üçün Nazirlər Kabinetinin İş Planına dair ŞREM tərəfindən təkliflər hazırlanıb, irəli sürülən təkliflərdə elmin dayanıqlı inkişafının təmin edilməsi, ümumtəhsil və ali ixtisas təhsili müəssisələrində “kiçik akademiyalar”ın yaradılması, elmlə təhsilin və texnologiyaların sintezi, idarəetmə sisteminin və infrastrukturun vəhdəti kimi mühüm məsələlər öz əksini tapıb.

Qurumun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Fərhad Əzizov isə AMEA Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategiya”nın hazırlanması haqqında 9 iyul 2021-ci il tarixli qərarının 3-cü bəndinin tələblərinə uyğun ŞREM tərəfindən hazırlanmış təklifləri şura üzvlərinin diqqətinə çatdırıb. Təkliflər ətrafında müzakirələr aparılıb, bəzi düzəliş və əlavələr edilməklə sənədin AMEA Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.

Sonra Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr “Anım günü”nün  qeyd edilməsi ilə bağlı tədbirlərin təşkili barədə mərkəzin Həmkarlar Təşkilatının sədri Coşqun Məmmədov məlumat verib. Tədbirlər planının hazırlanması məqsədilə Təşkilat komitəsi yaradılıb.

ŞREM əməkdaşlarının COVID-19-a qarşı vaksinasiyası barədə məlumat verən ümumi işlər üzrə direktor müavini Rəhim Abdurahmanov isə bildirib ki, 1 sentyabr 2021-ci il tarixinə qədər müəssisədə 87 nəfərə (91,5%) I doza, 80 nəfərə (84%) II doza üzrə peyvənd vurulub. Onun sözlərinə görə, bu məsələ ciddi nəzarətə götürülüb və işçilər arasında mütəmadi maarifləndirmə işləri aparılır.

İclasda çıxış edən qurumun elmi katibi Elşən Abdurahmanov qeyd edib ki, 2022-ci ildə Şəki Regional Elmi Mərkəzinin 50 illiyi tamam olur və bu məqsədlə Tədbirlər planının hazırlanması, yubiley tədbirlərinin keçirilməsi məqsədəmüvafiqdir. Məsələ ilə bağlı müzakirələr aparılıb, yubileylə əlaqədar tədbirlərin təşkili və həyata keçirilməsi məqsədilə Təşkilat komitəsi yaradılıb, bununla bağlı AMEA rəhbərliyinə müraciət olunması qərara alınıb.

Daha sonra gündəlikdəki digər məsələlər üzrə müzakirələr aparılaraq, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: