Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kursk şəhərində İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçı olduğu beynəlxalq konfrans keçirilir
16.09.2021 11:10
  • A-
  • A
  • A+

Kursk şəhərində İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçı olduğu beynəlxalq konfrans keçirilir

Rusiyanın Kursk şəhərində “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2021” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2021) XVI beynəlxalq elmi-texniki konfransı keçirilir.

Sentyabrın 17-dək davam edəcək tədbir Rusiyanın Təhsil və Elm Nazirliyinin rəhbərliyi altında Rusiya Elmlər Akademiyası (REA) “İnformatika və idarəetmə” Federal Tədqiqat Mərkəzi, REA Rəyasət Heyəti yanında Təsvirlərin Analizi və Obrazların Tanınması üzrə Milli Komitə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, “Elm və Texnologiya” Nəşriyyatı, Belarus Dövlət Universiteti, Milli Tədqiqat Tomsk Dövlət Universiteti, “REA-nın Kareliya Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzi və Cənub-Qərb Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutur.

Konfransın əsas istiqamətlərinə təsvirlərin riyazi emalı, analizi, tanınması nəzəriyyəsi, maşın sistemlərinin layihələndirilməsi və təhlili, informasiyanın işlənilməsinin alqoritmik, proqram və texniki vasitələri, ixtisaslaşdırılmış hesablama cihazları, paralel və paylanmış hesablamalar, optoelektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması və ona nəzarət, telekommunikasiya şəbəkələri və video informasiya xidmətləri sistemi, təhsildə yeni informasiya texnologiyaları və s. daxildir.

Artıq 6-cı ildir ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-texniki konfransa müəssisə əməkdaşlarının 12 elmi məqaləsi qəbul olunub.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev beynəlxalq konfransın proqram komitəsinin üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: