Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Xəzər” TV YT Parkda istehsal olunan məhsullar haqqında süjet yayımlayıb
20.09.2021 11:52
  • A-
  • A
  • A+

“Xəzər” TV YT Parkda istehsal olunan məhsullar haqqında süjet yayımlayıb

“Xəzər” TV-nin “Xəzər xəbər” buraxılışında AMEA-nın Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar haqqında süjet yayımlanıb.

Videosüjetdə bildirilib ki, texnoparkda fəaliyyət göstərən rezidentlərdən olan “Elm və Texnologiyalar Parkı” MMC-nin istehsal etdiyi müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (dronlar) yerli mütəxəssislər tərəfindən sifarişlər əsasında hazırlanır.

Qeyd olunub ki, uçuşun davam etmə müddəti, yükdaşıma və küləyədavamlılığı ilə fərqlənən bu dronlar foto və video çəkilişlərini real zamanda ötürmək imkanına malikdirlər.

Müəssisədə əsasən kənd təsərrüfatında istifadə olunan dronların istehsal edildiyini bildirən “Elm və Texnologiyalar Parkı” MMC-nin direktoru Zahir Nəsibov dronların üstün cəhətlərindən bəhs edib.

Süjetdə, həmçinin digər rezident, Azərbaycanda yerli baza yağları əsasında mühərrik yağları istehsal edən ilk və yeganə sınaq müəssisəsi olan AMEA-nın Təcrübə-Sənaye Zavodu haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, son texnologiyalar əsasında yerli bazar üçün məhsullar istehsalı ilə məşğul olan zavod kənd təsərrüfatı texnikalarının işləməsi üçün zəruri olan yüksək keyfiyyətli mühərrik yağlarının istehsalı sahəsində xüsusilə fərqlənir.

Videosüjetdə texnoparkın baş direktoru Vasif Abbasov bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi mühərrik yağları ilə yerli bazarı təmin etməklə yanaşı, gələcəkdə onları xaricə ixrac etməkdir: “Zavodda hazırda əksəriyyəti yerli xammal bazası əsasında hazırlanmış 80-ə yaxın istehsal çeşidi təqdim olunur”. 

Vurğulanıb ki, gələcəkdə parkın ərazisində digər strateji məhsulların istehsalı da planlaşdırılır.

Videosüjeti təqdim edirik:

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: