Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.09.2021 10:08
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Arxeologiya və Etnoqrafiya İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsi çərçivəsində növbəti tədbir Arxeologiya və Etnoqrafiya İnstitutunda baş tutub.

Tədbir iştirakçıları bir dəqiqəlik sükutla 44 günlük İkinci Qarabağ müharibəsində vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

İclası institutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova açaraq bildirib ki, erməni vandalları 30 ilə yaxın müddətdə Azərbaycanın tarixi torpağı olan Qarabağı işğal altında saxlayıb. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz əks-hücuma keçərək 44 günün içində işğal altında olan torpaqlarımızı azad edib.

Alim qeyd edib ki, işğal altında olan torpaqlarımızda 30 il ərzində ermənilər insanlığa sığmayan vəhşiliklər törədib, azərbaycanlılara məxsus şəhər və kəndləri, tarixi abidələri yer üzündən siliblər. Azərbaycan xalqına məxsus abidələrin bir qismini öz adlarına çıxarmağa çalışan ermənilər, hətta Azıx mağarası kimi qədim insan yaşayış yerində Azərbaycan dövlətinin icazəsi olmadan bəzi əcnəbi arxeoloqlarla birlikdə qanunsuz qazıntılar aparıblar.

M.Rəhimova Azıx mağarasında aparılmış qanunsuz qazıntılardan əldə edilmiş materialların bir qisminin instituta gətirilərək müəssisənin Arxeoloji fonduna yerləşdirildiyini vurğulayıb.

Daha sonra institutun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, professor Əsədulla Cəfərov məruzə ilə çıxış edib. Əsədulla Cəfərov bildirib ki, Azərbaycan torpağında böyümüş, bu torpağın suyunu içmiş hər bir vətən övladı başımıza gələn bəlaların tarixini yaxşı bilməlidir. XX əsrdən etibarən yeddinci dəfədir ki, erməni millətçiləri başımıza bu bəlanı gətirirlər. İlk dəfə 1905-1907-ci illərdə erməni millətçiləri o dövrdə çar Rusiyasında hakimiyyətdə onlara xidmət edənlərə, onları dəstəkləyənlərə arxalanaraq xalqımıza qarşı qanlı cinayətlər törədiblər. Hələ 1828-ci il martın 4-də rus çarı I Nikolayın fərmanı ilə ermənilər Osmanlı və Qacar imperiyalarından çar Rusiyasının işğal etdiyi Qarabağ və İrəvan xanlığına köçürülüblər. O dövrdə Qriboyedov, Veliçko kimi ziyalılar yazırdı ki, Azərbaycan xalqı köçürülmüş erməniləri duz-çörəklə qarşılayıb. Lakin ermənilərin xainliyi istər o zaman, istərsə də indi özünü göstərməkdədir. Alim qeyd edib ki, erməni xislətinin daha bir bariz nümunəsi şanlı qələbədən sonra erməni əhalisinin Azərbaycan torpaqlarını tərk edərkən yaşadıqları azərbaycanlıların evlərini, meşələrini yandıraraq məhv etməsidir.

Ə.Cəfərov 2021-ci il martın 17-də ziyalılardan və jurnalistlərdən ibarət 80 nəfərlik böyük bir qrupun içində “Jurnalistlər Prezidentin izi ilə” layihəsi çərçivəsində Azıxı, Füzulini, Tuğu, Tağları, Qarakollunu və digər erməni işğalından azad olmuş torpaqlarımızı, abidələrimizi ziyarət etdiyini bildirib.

İnstitutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, t.ü.f.d. Bəhlul İbrahimli çıxışında qeyd edib ki, 44 günlük müharibədən sonra dünyanın tanınmış hərbi məktəbləri, strateqləri bu müharibədə Azərbaycan Ordusunun göstərdiyi şücaəti və qələbəmizin səbəblərini öyrənirlər.

Daha sonra çıxış edən t.ü.f.d., etnoqraf Təranə Quluzadə bildirib ki, 30 il düşmən tapdağında qalan torpaqlarımızın geri alınması bizim əsgərlərimizin, şəhidlərimizin canı və qanı hesabına gerçəkləşib.

Tədbirin sonunda professor Maisə Rəhimova torpaqlarımızın azadlığını qanları hesabına təmin etmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: