Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.09.2021 15:16
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda 27 sentyabr - Anım günü ilə bağlı tədbir keçirilib

Genetik Ehtiyatlar İnstitutunda 27 sentyabr - Anım günü ilə bağlı tədbir keçirilib

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsi çərçivəsində növbəti tədbir Genetik Ehtiyatlar İnstitutunda baş tutub.

Sözügedən müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbir “İkinci Qarabağ müharibəsinin şəhidlərini tanıyaq və tanıdaq”, “Zəfərə gedən yol” və “Qarabağa qayıdış” mövzularını əhatə edib.

Tədbirdə ilk öncə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olmuş bütün şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

İclasda Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Günel Musayeva çıxış edərək ən müasir hərbi texnika ilə təchiz olunmuş Azərbaycan Ordusunun qələbəsinin hər gününü yüksək sevinc və çox böyük həyacanla izlədikləri 44 günü bir daha tədbir iştirakçılarına xatırladıb. O, böyük qələbədən sonra gənc alimlərin ruh yüksəkliyi ilə elmi-tədqiqat aparmaq əzmində olduqlarını bildirib.

Daha sonra “İkinci Qarabağ müharibəsinin şəhidlərini tanıyaq və tanıdaq” mövzusunda videoçarx nümayiş olunub. Təqdim olunan videoçarxın nümayişindən sonra “Zəfərə gedən yol” və “Qarabağa qayıdış” mövzuları da daxil olmaqla gənc alimlərin baş vermiş hadisələrə münasibəti, təəssüratları dinlənilib.

İnstitutun şöbə müdiri, b.ü.f.d. Ayaz Məmmədov, Gənc Alimlər və Mütəxəssislər Şurasının sədr müavini Nahid Nəzərov, şura üzvlərindən Orxan Bayramlı, Gülər İsmayılova, Zərxara Hüseynzadə və başqaları çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: