Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Qarabağ - qədim Azərbaycan diyarı
27.09.2021 11:42
  • A-
  • A
  • A+

Qarabağ - qədim Azərbaycan diyarı

Qarabağ əcdadlarımızdan bizə qalan ən dəyərli mirasdır, çox qədim tarixə malik olan bir ərazidir. Azərbaycan mədəniyyətinin beşiyi adlandırılan Qarabağ ölkəmizin qərb hissəsində, Ermənistan və İranla sərhəd bölgəsində yerləşir. Qarabağ torpaqları tarixən Qafqaz Albaniyasının tərkibində olub. 1812-ci ildə Qarabağ xanlığı güclü Rusiya imperiyası tərəfindən işğal edilir və bunun nəticəsində minlərlə erməni yavaş-yavaş Qarabağ ərazisinə köçürülməyə başlayır. XIX yüzilin 30-cu illərində ermənilərin məqsədyönlü şəkildə köçürülmə siyasəti davam etdirildi. Onlar əsəasən Qarabağın dağlıq hissəsində məskunlaşdırıldı.

Beləliklə 7 iyul 1923-cü ildə Qarabağın dağlıq hissəsinə muxtariyyət verildi və Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlandırıldı. Bir müddət sonra 6 oktyabr 1923-cü ildə DQMV-nin mərkəzi Xankəndi şəhəri ermənilərin müraciətinə əsasən dəyişdirilərək Stepanakert adlandırıldı. Bu dəyişiklik əslində erməniləşdirilmə siyasətinin başlanğıcı oldu. Fasilələrlə də olsa bölgədə erməniləşmə siyasəti dərinləşməyə başladı.

1987-ci ildə SSRİ MK baş katibi M. Qarboçovun müşaviri olan A. Aqanbekyanın təşəbbüsü ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi bəyanatı ilə qondarma Dağlıq Qarabağ problemi I Qarabağ savaşı ilə nəticələndi. 1 milyon azərbaycanlı dədə-baba yurdundan didərgin düşdü. Təkcə Qarabağın dağlıq hissəsi deyil, eyni zamanda Aran Qarabağ rayonları da erməni-şovinist dairələri tərəfindən darmadağın edildi, daş-daş üstündə qalmadı. Bütün Qarabağ irsi yağılar tərəfindən məhv edildi, saysız-hesabsız mədəniyyət abidələri viran edildi. Erməni işğalı nəticəsində 900 yaşayış məntəqəsi, 927 kitabxana, 9 tarixi əhəmiyyətli saray, 22 muzey, 4 rəsm qaleriyası, 40 min muzey eksponatı, 44 məbəd və 9 məscid talan edildikdən sonra yandırıldı.

Erməni “tarixçiləri” qədim mədəniyyət ocağı olan Qarabağın tarixini saxtalaşdıraraq  bölgədəki qədim mədəni irsə sahib çıxmağa cəhd edirdilər. Saxta “faktlar” toplayır, “hüquqi sənədlər” quraşdıraraq törətdikləri işğallara, Qarabağ torpaqlarının ermənilərə məxsus olduğuna qanuni don geyindirməyə çalışırdılar. Saxtakar erməni “arxeoloqları” Qarabağın alban xristian abidələrini “erməni abidələri” kimi qələmə verir, Kür və Araz çayları arasındakı ərazilərin “qədim erməni torpaqları” olduğunu iddia edirlər. Lakin bəllidir ki, ermənilər heç vaxt bu bölgələrdə, eləcə də Qafqazda XIX əsrədək kompakt şəkildə yaşamayıblar. Odur ki, Qarabağ tarixi və mədəniyyəti ta qədimdən  Azərbaycana məxsusdur. Qarabağ qədim Azərbaycan diyarıdır.

Qədim insan və onun düşüncəsi, təfəkkür tərzi, yaşayış məskənləri, var olan hər şeyi qoruyub saxlamaq, rəqabət, inkişaf haqqında düşüncələr müxtəlif tarixi dövrləri əhatə edən proseslərdən keçərək böyük inkişaf yolu keçmişdir. Yaradıcılıqla məşğul olmaq, idrakın və təfəkkürün inkişaf etməsi, dünyagörüşünün artması qədim insanla müasir insan arasında dərin fərq olduğunu aşkar etməyə imkan verir.

İngilis yazıçı və publisisti Herbert Uels ibtidai düşüncə haqqında mülahizələrində qeyd edir ki, “Çağdaş dövrdə mövcud olan geridəqalmış və ibtidai qəbilələr inkişaf etmiş dilə sahib olmazdan əvvəlki dövr insanın ruhi vəziyyətinə çox az işıq sala bilir. Bu günün geridəqalmış və ibtidai düşüncəli insanları isə canlarına hopan minilliklərin ənənələrindən qurtula bilmir. Öz əcdadlarının silah və metodlarını mənimsəyən həmin insanların düşüncələrində özlərindən əvvəlki nəsillərin düşüncələrində yaranan səthi təəssürat ötən əsrlərin süzgəcindən keçərək yeni gələn nəsillərə ötürülmüş, onların beynində dərin və qarmaqarışıq qırışlara çevrilmişdir ”.

İngilis yazıçısının qələmə aldığı bu ideya sanki erməni xislətini açığa çıxaran minillik ənənələrdən, talançılıq, vandallıq düşüncəsini heç vəchlə yaddan çıxara bilməyən bir tayfanı təsvir edir. XX yüzilliyin sonlarında erməni qəsbkarları ictimai-siyasi asayişdən istifadə edərək köhnə düşüncə və əqidə ilə növbəti “genişləndirmə” siyasəti yürüdərək Qarabağı zorla ələ keçirib qələbə və qürur hissi ilə “öz əzəli torpaqlarını” geri qaytardıqlarını bütün dünyaya bəyan etdilər. Müdrik bir kəlamla bunu belə izah etmək olar. Haqsızlıq öz gücünü cəhalətdən alır. Ona görə də cəhalətə qarşı savaşmaq haqsızlığa qarşı savaşmaq deməkdir.

Hər bir millətin özünəməxsus adət-ənənəsi, məişət tərzi, mədəniyyəti, milli-mənəvi dəyərlərə mənsub olması və s. onun varlğını əks etdirir. Bu kontekstdə milli ideologiyanın mövcud olması cəmiyyətin varlığının sübutudur desək yanılmarıq. Milli şüurun inkişafı, özünü dərk məhz ideologiya və mənəviyyatın vəhdətində bərqərar olur. İdeologiyanı müxtəlif prizmalarda tədqiq edən Qərbi Avropa filosofları ideologiyanı ümumiləşdirərək onu ideya haqqında anlayış kimi qəbul edir və ona ictimai-siyasi və sosial fəaliyyətdə tarix və fəlsəfənin qovşağında mövcud olan ideyalar sistemi kimi yanaşırlar. Millətin mənəvi tərəqqisi milli ideyanın ən mühüm vəzifəsi hesab olunur. Azərbaycan xalqının bir millət kimi formalaşmasında zəngin mənəvi dəyərlərə malik olması başlıca amildir. Ümummilli liderimiz Heydər Əliyev öz fikrini belə ifadə etmişdir: "Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik".

Azərbaycan xalqının və eləcə də Azərbaycan Respublikasının qədim xalq və qədim yaşayış məskəni olması artıq tarixi faktlarla sübut olunmuşdur. Bu barədə Azərbaycan alimləri çoxlu sayda kitablar və digər yazılı mənbələr ərsəyə gətirmişdir. Bu tarixi mənbələrdə Qarabağ haqqında da kifayət qədər məlumat verilmişdir. Azərbaycan şifahi xalq ədəbiyyatının abidəsi olan “Kitabi- Dədə Qorqud” boylarında da Qarabağın Azərbaycana məxsus olduğunu və bu diyarda müxtəlif türk etnosların hələ qədim zamanlardan yaşadıqlarını sübut edən dəlillər mövcuddur. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu göstərən ədəbiyyat və tarixi mənbələr yüzlərlədir.

Qədim mədəniyyət tarixinə mənsub olan Qarabağ bölgəsində insanlar əsrlər boyu şərəfli yaradıcılq yolu keçmişdir. Qədim məşğuliyyət növü olan əl sənəti, oyma, bəzək işləri inkişaf etmiş və memarlıq sənətinə qədər yüksəlmişdir. Arxeolji qazıntılar nəticəsində məlum olmuşdur ki, aşkar olunan maddi-mədəniyyət nümunələri bölgənin etno-mədəni vəziyyətini, əhalinin məişət şəraitini, ictimai və mədəni tarixini təcəssüm edir. Ağdam, Laçın, Kəlbəcər rayonlarında aşkar olunan əmək alətləri, qayaüstü rəsmlər, zəngin bəzəyə malik zərgərlik əşyaları, məişət əşyaları və s. qədim mədəniyyət nümunələridir.

V əsrin əvvəllərində mərkəzi Qarabağın qədim Bərdə şəhəri olan Albaniyada alban əlifbası və tədris ocaqları yaradılıb. O dövrdə erməni qəsbkarları Alban tarixinə də yiyələnmək üçün alban əlifbasını özününküləşdirmək istədilər, lakin həmin əlifbanın erməni dili ilə heç bir bağlılığı olmadığı sübut olunub.

Qarabağın Azərbaycanın ən qədim yaşayış məskəni olduğunu və bölgənin zaman-zaman düşmən basqınlarına məruz qaldığını təcəssüm etdirən klassik poeziya janrı olan bayatılar şifahi xalq ədəbiyyatının dili ilə tarixi hadisələri ifadə etmişdir.

Əziziyəm Qarabağa,

Qar yağıb Qarabağa,

Qarabağ talan olub,

Kimlər düşüb qabağa.

Bu bayatılarda Qarabağın tarixi, işğala məruz qalan xalqın kədəri, ağır dərdi elə şəkildə ifadə olunur ki, elmi istinad üçün əhəmiyyətli mənbə olur.

Əzizinəm Qarabağ

Qarabağda qara bax.

Cavannar şəhid oldu,

Qana döndü Qarabağ.

Yurdumuzun hər bölgəsinə məxsus müxtəlif məzmunda, ləhcə və dialektlərlə söylənən bayatılar xalqımızın yaddaşında möhkəmlənərək xalq yaradıcılığının bir janrı olan folklor xəzinəsinə çevrilib. Yarandığı mühitə uyğun fikir və duyğu ifadə edən bayatılar məzmun müxtəlifliyinə və bədii-estetik zənginliyinə görə fərqlənir.

Əzizinəm, quşam mən,

Qəfil dərdə tuşam mən.

Şuşasız, Kəlbəcərsiz

Bir qanadsız quşam mən.

Uzun illər saxtalaşdırılmış faktlarla Qərbi Avropada və dünyanın digər ölkələrində çaşqınlıq yaratmağa çalışan və buna bir müddət nail olan ermənilər müasir insan düşüncəsinə qədər inkişaf edə bilməyiblər. Onlarda daha çox özünə aid olmayanı mənimsəyərək kor-koranə şəkildə özününküləşdirmək ambisiyası çox yüksək olmuşdur. Lakin türklərdə belə bir deyim var “hər şər işdə bir xeyir vardır”, Qarabağın 30 illik əsarətdə qalması azərbaycan xalqının şüurunda oyanış yaratdı, ölkəmizə məxsus olan torpaqları, mədəniyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağın labüd olduğunu dərk etdik. Xain nəzərlərini ölkəmizdən heç zaman çəkməyən yağı düşmənin məkrli olduğunu yaddaşımıza həkk etdik. Azərbaycanda “Yalan ayaq tutar, yeriməz” kimi atalar sözünün olduğunu xatırlatmaq istərdim. Nəhayət ki, Ali Baş Komandan İlham Əliyevin və qüdrətli Milli Ordumuzun sayəsində ermənilərin yalanı ifşa olundu. Həm ideologiya, həm də hərbi cəbhədə Azərbaycan qalib ölkə oldu. Bütün həqiqətlər gec də olsa üzə çıxdı, ermənilərin haqsız savaşı dünyaya  bəyan edildi. Prezidentimiz ölkəyə rəhbərlik etdiyi müddətdə dəfələrlə bu münaqişəni sülh yolu ilə həll etmək üçün cəhd göstərmişdi. Təəssüf ki, ermənilər bu təklifi dəyərləndirməmiş və öz işğalçılıq siyasətini davam etdirmişdilər. Nəticədə isə Qarabağda törətdikləri faciələrdən və dəhşətli hadisələrdən  zövq alan məkrli düşmən öz xülyalarında boğularaq məğlub oldu. 

Məni hər zaman bir sual düşündürür: “Görəsən niyə bəzi insanlar aqressiv davranışı seçir, müharibəni sevirlər, yaxşılıqdan deyil pislikdən zövq alırlar? ”  

“Elm əqlin çırağıdır” belə bir deyim var dilimizdə. Azərbaycan alimləri, ziyalılar elmin işığında öz araşdırmalarını apardığından hər zaman doğru məlumatları, həqiqətləri axtarıb tapırlar. Elm sonsuzdur, sərhəd tanımır. Yaxşı olmazdı ki, ermənilər  “Böyük Ermənistan” yaratmaq xülyası əvəzinə elmin işığnda gözlərini açıb doğrunu görsünlər müharibəni hərbi meydanda deyil, elm sahələrində aparsınlar. O zaman öz ölkələrinin yerini, yaranma tarixini, sahəsini yanlış anlamazlar. Elm bir müharibə meydanını xatırladır. Yaradıcı alimlər ön cəbhədə olur və əsl döyüş də burada gedir. Arxa cəbhədə olanların vəzifəsi öndəkiləri silah-sursat və azuqə ilə təmin etmək, tutulmuş ərazilərdə səliqə-sahman yaratmaqdır. (Əbu Turxan). Elm hər dildə birdir. (Hüseyn Cavid). Bu bir neçə kəlmə çox şeyi izah edir.

Beynəlxalq arenada haqq uğrunda vuruşan, tanınan, nüfuzu olan multikultural bir ölkə olan Azərbaycanın mədəni sərvətini, Qarabağda əsrlər boyunca mövcud olan mədəniyyət abidələrini dağıdan mənfur, hiyləgər ermənilər hansı əsrdə yaşadıqlarını, elmin həqiqətləri üzə çıxarmağa qadir olduğunu unutdular.  XIX əsrdən bəri fasilələrlə bir neçə dəfə Azərbaycan torpaqlarını ələ keçirdikləri üçün kor-koranə şəkildə “Böyük Ermənistan” xülyası ilə yuxuya daldılar, ayılanda isə həqiqətlə üzləşdilər. Məğlubiyyətlə barışmaq çətin olsa da qismən gücsüz olduqlarını, dünyaya bəyan etdikləri yalanların ifşa olunduğunu görmək məcburiyyətində qaldılar. İtkilərimiz olsa da 30 ildən sonra güclü dövlət siyasəti, dövlət və xalq birliyi, Müzəffər Milli Ordumuzun qətiyyəti sayəsində Qarabağ torpaqlarını geri qaytara bildik. Bu Azərbaycan tarixində dəfələrlə təkrarlanan erməni-azərbaycan münaqişəsində əldə olunan Böyük Qələbədir.

Qədim tarixə malik olan Qarabağ bölgəsinin zəngin irsi hər zaman diqqəti cəlb etmişdir. Qarabağın zəngin mədəniyyət nümunələri, incəsənəti, tarixi abidələri, xalq sənətkarlıq nümunələri, xalçaçılığı, dünyaca məşhur musiqisi, özünəməxsus olan muğam üslubu vardır. Zaman-zaman aparılan elmi tədqiqatlar və arxeoloji qazıntılar zamanı aşkar olunan xalq sənət nümunələri, məişət əşyaları, onların üzərindəki naxışlar, zinət əşyaları üzərində olan rəsmlər Qarabağın qədim mədəniyyəti olduğunu sübut edir. Paris, London, Berlin, Roma, Tehran, İstanbul və s. kimi əzəmətli şəhərlərin zəngin muzey kolleksiyaları içərisində Azərbaycan incəsənətinin və xalq yaradıcılıq nümunəlinin bir çoxu məhz Qarabağ sənətkarlarının yaradıcılıq işləridir. Bununla yanaşı, dünyanın ən məşhur muzeylərində Qarabağ xalçaları sərgilənir. Zəngin rəng-boyaq palitrasına məxsus xalçalar müxtəlif çeşnilərdə toxunurdu. Qarabağın füsünkar təbiəti və onun rəngarəngliyi zərif çalarlarda əks olunurdu. Təsviri sənət nümunəsinin bir növü olan  Qarabağ xalçaları Cəbrayıl, Horadiz, Malıbəyli, Muradxanlı və Qarabağın digər mahallarında toxunurdu.

Qədim və zəngin tarixə malik olan Qarabağ el sənəti, gündəlik məişətdə istifadə olunan yaradıcılıq nümunələri bölgədə yaşayan insanların milli xüsusiyyətlərini, estetik zövqünü büruzə verir. Bu xüsusiyyətlərə bölgəyə məxsus olan geyim formalarında, bədii tikmə, toxuculuq və bəzək əşyalarında da rast gəlmək mümkündür. Bütün bunlar Qarabağın çoxəsrlik tarixindən və eləcə də özünəməxsus ənənəvi mədəniyyət elementlərindən xəbər verir.

Rəfiqə AĞAKİŞİYEVA,  AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: