Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Vətən müharibəsinin qələbə marşına çevrilən nidası - “Qarabağ Azərbaycandır!”
27.09.2021 12:54
  • A-
  • A
  • A+

Vətən müharibəsinin qələbə marşına çevrilən nidası - “Qarabağ Azərbaycandır!”

“Qarabağ Azərbaycandır!” kəlməsinin ehtiva etdiyi məna təkcə 30 illik işğal altında olan torpaqlarımızın azad edilməsinə istiqamətlənmiş bir hədəf deyil, eyni zamanda əsrlər boyu xalqımızın daşnak ermənilərin xain və məkrli planlarının tamamilə alt-üst edilməsinə yönələn bir çağırış idi.

Bu kəlmə illərlə ədəbiyyatımızı ağuşuna almış kədərli, miskin məğlub Qarabağ obrazını hər qarışında üçrəngli bayrağımız dalğalanan qalib Qarabağ obrazı ilə əvəzlədi. “Qarabağ Azərbaycandır!” iradəsi vaxtilə “Bu gecə yuxuma girmişdi Şuşa, Cabbar ağlayırdı, Xan ağlayırdı, Dönmüşdü qanadı qırılmış quşa, Qarabağ boyaboy qan ağlayırdı” (Z.Yaqub), - deyə fəryad qoparan şairlərimizə bu gün artıq Cabbarın və Xanın ağlamadığını, həm də Qarabağın qan ağlamadığı ruhunu qaytardı.

“Qarabağ Azərbaycandır!” kəlməsilə yola çıxan Ali Baş Komandan və onun müzəffər ordusu Azərbaycan dövlətinin haqq səsini dünyaya eşitdirdi və “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” düşüncəsində olanlara tarixi bir sərkərdə silləsi vurdu.

44 günlük Vətən müharibəsi Qarabağ arzusu gözündə dünyasını dəyişənlərin ruhuna bir məlhəm olmaqla yanaşı, yaşayan millətimizi də dünya xalqları müvazinəsində qalib xalq müstəvisinə yüksəltdi. “Qarabağ Azərbaycandır!” məfkurəsinin tarixin dərin qatlarına nüfuz etməsinə nəzər salsaq, xalqımız üçün o qədər də xeyirli ola bilməyəcək təkərrürlərin qarşısını aldığının şahidi olarıq. Sirr deyil ki, unutqanlığımız nəticəsində bir əsrdə iki dəfə 1918-ci il 31 mart soyqırımı və 26 fevral 1992-ci il Xocalı soyqırımını yaşayan xalqımız məhz “Qarabağ Azərbaycandır!” marşı ilə növbəti belə təxribatın həm qarşısını aldı, həm də onu törədənlərə əsrlərlə yaddaşlardan çıxmayacaq bir dərs verdi. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ideyası siyasi müstəvilərdən qələbə ilə keçərək hərb meydanında Azərbaycan ordusunun parlaq qələbəsi ilə öz məntiqi sonluğuna yetişdi.

“Qarabağ Azərbaycandır!” çağırışı vaxtilə ölkəmizin ikiyə parçalanmasını ürək ağrısı ilə “Gülüstan” poemasında dilə gətirərək:

Qoy ildırım çaxsın, titrəsin cahan!

Ürəklər qəzəbdən coşsun, partlasın.

Daim haqq yolunda qılınc qaldıran

İgid babaların goru çatlasın.

deyə hayqıran Bəxtiyar Vahabzadə və onun kimi bir çox mütəfəkkirlərimizin gerçəkləşmiş arzusu oldu. Demək olar ki, bir neçə əsrdə daim doğma torpaqlarını itirən Azərbaycan “Qarabağ Azərbaycandır!” sədasının bayrağı altında belə üzücü tarixi təkrarın qarşısını aldı.

Bəxtiyar Vahabzadənin igid babalar dediyi ulularımızın nəvələri tarix yazdılar və düşməni öz havadarları ilə Ali Baş Komandanın ifadəsilə yerlərinə oturtdular.

“Qarabağ Azərbaycandır!” nida cümləsi təkcə ölkəmizdə yaşayan və vətənlərinin daşı olan vətəndaşlarımızı deyil, həm də dünyanın hər yerində yaşayan soydaşlarımızın da birlik, bərabərlik nəğməsinə çevrildi. Elə məhz bu birlik və bərabərliyin vəhdəti halında Azərbaycan ordusu tarixi qələbə qazandı. Vətən müharibəsində meydana gələn birliyi bəlkə də bir çoxlarımız filmlərdə görmüşdü, ancaq xalqımızın sərgilədiyi bu qardaşlıq bütün bunların bir yuxu olmadığını, xalq və dövlət bağlılığından doğan bir günəş olduğunu göstərdi.

“Qarabağ Azərbaycandır!” ideyası rütbəsindən aslı olmayaraq hər bir şəxsi heyətin və könüllü olaraq ordu sıralarına yazılan hər bir vətəndaşımızın vətən nəğməsinə çevrildi. Bu ideya dünya ictimaiyyətinə sübut etdi ki, əsgər rütbəsilə deyil, çaldığı qələbə ilə tanınır.

Əsgər var, sədası hər yandan gəlir,

Zabit var, tanınır tək rütbəsilə

Əsgərlər paqonla tanınmır, xeyr

Tanınır çaldığı qələbəsilə

Rəşadətli Azərbaycan ordusu “Qarabağ Azərbaycandır!” nidası ilə yola çıxaraq rütbəsindən aslı olmayaraq, hamısı biri, biri də hamısı üçün çalışaraq qəhrəmanlıq salnaməsi yazdılar.

“Qarabağ Azərbaycandır!” nidası həm də ana dilimizin qorunmasına, gələcək nəsillərə qalib dünya dili kimi ərməğan edilməsinə yönələn bir nida idi. Firidun bəy Köçərli qeyd edirdi ki, bir xalqı məhv etmək istəyirsənsə, topa tüfəngə ehtiyac yoxdur, sadəcə həmin xalqın dilini məhv etsən, o xalq yer üzərindən silinəcəkdir. Biz də o mövqedən yanaşsaq, deyə bilərik ki, 30 ildə təkcə torpaqlarımız deyil, həmin ərazilərdə yerləşən tarixi abidələrimiz, tarixi toponimləriniz öz ana dillərindəki gözəl adlarından uzaqlaşdırılaraq, ölkə başçısının dediyi kimi, eybəcər adlarla adlandırılmışdır.

Deməli, 30 ildə işğal altında olan ərazilərimizdə doğma ana dilimiz də tamamilə sıxışdırılmış və işğal edilmişdir. Azərbaycan xalqının tarixi zəfəri yenidən doğma torpaqlarımızda ana dilimizin yenidən intişar tapmasına səbəb olmuşdur.

Beləliklə, Ali Baş Komandan və rəşadətli Azərbaycan ordusu dünyaya səsləndi ki, tarixə dəllallıq edənlər utansınlar, çünki tarix qapısını açan söz vardır ki, o da bütün qondarma cildlərə girənlərə tarixi sillə kimi vurulan “Qarabağ Azərbaycandır!” kəlməsidir.

Əlimuxtar MUXTAROV, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: