Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

27 sentyabr - müqəddəs zəfərin başlanğıc günüdür
27.09.2021 18:07
  • A-
  • A
  • A+

27 sentyabr - müqəddəs zəfərin başlanğıc günüdür

30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfəri ilə tamamlandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində qüdrətli ordumuz işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini elə “yenilməz erməni ordusu” mifi ilə bir yerdə darmadağın edərək öz yurd yerlərimizi düşmən tapdağından azad etdi.

Ordumuz əldə etdiyi bu zəfərlə bütün dünyaya öz qüdrətini və gücünü nümayiş etdirdi. Azərbaycan özünün əzəli torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı ərazilərimizi xilas etmək üçün başlatdığı uğurlu hərəkatla adını tarixə qızıl hərflərlə yazdı, həmçinin torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin, eləcə də terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.

Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-siyasi qələbəsi qlobal məkanda bir daha haqqın və ədalətin kimin tərəfində olduğunu göstərdi. Qüdrətli Azərbaycan mütərəqqi reallıqlar yaradaraq işğalçı Ermənistanı və ona havadarlıq edən dövlətləri bu reallıqlarla barışmağa vadar etdi. Bir sözlə, dostlarımızın qürur duyduğu “Dəmir yumruq” düşmanımıza göz dağı oldu.

Hər sabahı qəhrəmanlıq dastanları ilə başlayan 44 günlük Vətən müharibəsi dövründə ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə sinə gərdi. Prezident İlham Əliyev xüsusilə yenilməzlik və özünəməxsus prinsipiallıq nümayiş etdirərək xalqımızın milli maraqlarını qətiyyətlə müdafiə etdi, dahiyanə taktiki həmlələrlə ardıcıl və məqsədə köklənmiş siyasət apararaq möhtəşəm bir tarixi qələbə qazandı.

Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir mərmi belə atılmadan, şəhid verilmədən Azərbaycana qaytarılması ilə nəticələndi.

Bu cənab Prezidentin praqmatik və qətiyyətli siyasi addımları sayəsində əldə edilmiş daha bir möhtəşəm uğurdur. Bununla yanaşı Vətən müharibəsi zamanı ölkə başçısı 30-a yaxın beynəlxalq televiziya və media nümayəndələrinə geniş müsahibələr verdi. Məhz bu vasitə ilə ermənilər tərəfindən yayılan yanlış informasiyalar və Ermənistanın haqsız mövqeyi barədə ətraflı məlumat verən Prezident İlham Əliyev Azərbaycanın haqq səsini də dünyaya yaymış oldu.

Şübhəsiz ki, şanlı qələbəmiz “Nəyi nə vaxt, necə edəcəyimizi bilirik” deyən Müzəffər Ali Baş Komandanın müdrik bir sərkərdə qətiyyətinin məntiqi təzahürü, həm də dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunun bəyanı idi.

Təkrarolunmaz hərbi taktika və strategiyası ilə böyük rəğbət qazanan ordumuz istər texniki təchizatı, istər nizam-intizamı, istərsə də hərbi hazırlığı ilə beynəlxalq miqyasda nümunə göstərildi. Hazırda xarici hərbi ekspertlər ən müsair Azərbaycan Ordusunun Vətən müharibəsində göstərmiş olduğu şücaət və rəşadəti əsrimizin döyüş təcrübəsi kimi qiymətləndirirlər.

Bu gün Azərbaycanın müqəddəs üçrəngli bayrağı təkcə əziz Şuşada deyil, işğaldan azad edilmiş 6 şəhərdə, 5 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsində qürurla dalğalanmaqdadır. Bu zəfərin müəllifi Ali Baş Komandan, Azərbaycan Ordusu, öz qəhrəmanlıqları ilə ad qazanmış əsgər və zabitlərimizdir. Ata yurdlarımızı düşmən əsarətindən xilas edən igid Vətən oğulları mənfur düşməni rüsvayçı təslimçilik aktını imzalamağa məcbur etdi. Məhz Qarabağımızın bağrında yer alan, mədəniyyət paytaxtımız Şuşa şəhərinin işğaldan azad olunması Ermənistanın diz çökməsi ilə nəticələndi. Davamında 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat ölkəmizin hərbi-siyasi qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının təqdimatı oldu.

İkinci Qarabağ müharibəsi dövründə cənab Ali Baş Komandan İlham Əliyev xalqımıza etdiyi bütün müraciətlərində həm qələbə xəbərlərini çatdırır, həmdə ordumuz tərəfindən məhv edilmiş və ya hərbi qənimət kimi götürülmüş düşmənə aid texnika və silah-sursatların siyahısını paylaşırdı. Hansı ki, bu texnika və silah-sursatlar daha sonra 10 dekabr – Zəfər paradında, Azadlıq meydanında nümayiş olundu.

Qazandığımız tarixi Zəfər milli qürur və kimliyimizi özümüzə qaytardı. Biz artıq hər keçən gün sabaha daha böyük inamla addımlayırıq. Məlumdur ki, 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə başlandı. Hazırda “Böyük Qayıdış” üçün genişmiqyaslı layihələr icra olunmaqdadır.

İşğaldan azad etdiyimiz ərazilərimizin iqtisadiyyatı da digər sahələr kimi yenidən qurulacaq. Xüsusilə Kəlbəcər, Laçın və Zəngilan rayonlarının yeraltı və yürüstü təbii zənginlikləri, qızıl, civə, perlit, xromit, mərmər, mineral su və digər bu kimi faydalı ehtiyatlara malik olması, eləcə də geniş turizm potensialının mövcudluğu imkan verəcək ki, bu kimi təbii resursları cəlb etməklə ölkəmizin qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin yüksəlişini təmin etsin.

Qarabağda çiçəklənmənin ilk mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə əsası qoyulmuş 3 hava limanından biri olan Füzuli Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib, Laçın və Zəngilan hava limanlarının tikintisi isə davam etdirilir. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası əsasında qurulacaq yaşayış məntəqələri, həmçinin Füzuli-Şuşa avtomobil yolu və Bərdə-Ağdam dəmir yolunun tikintisi və digər bu kimi iri infrastruktur layihələrinin icrası yüksək sürətlə davam etdirilir.

30 ilə yaxın düşmən tapdağı altında qalmış, daşı daş üstə qalmayan, viranə qoyulmuş bütün yurd yerlərimiz tezliklə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tikinti-quruculuq və abadlıq meydanına çevrilərək göz oxşayacaq.

Bu gün birlik və bərabərlik nümunəsi olan Azərbaycanda hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı bir tarix yazan qəhrəman şəhid və qazilərimizlə fəxr edir.

Bu gün o müqəddəs zəfərin əbədi daşıyıcısı üçrəngli bayrağımıza bürünən 2904 şəhidimizin ruhu rahatdır, onların əziz xatirəsi daim qəlblərimizdə yaşayacaq.

Məhz bunun nəticəsidir ki, cənab Prezident 2 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı və dekabrın 4-də, saat 12:00-da bütün dünya xalqımızın öz şəhidlərinin xatirəsini necə böyük hörmət və ehtiramla andığını gördü.

Həmin Sərəncama əsasən hər il sentyabrın 27-i ölkəmizdə “Anım Günü” kimi qeyd olunacaq.

Ən mühüm məqamlardan biri də budur ki, doğma Azərbaycan öz müstəqilliyinin 30-cu ildönümünü cənab Prezident İlham Əliyevin uzaqgörən liderlik keyfiyyətləri və qətiyyəti, şanlı ordumuzun şücaəti, xalqımızın birlik və həmrəyliyi sayəsində ərazi bütövlüyünü bərpa etmiş, düşməndən azad etdiyi əzəli və əbədi torpaqlarında üçrəngli bayrağı dalğalanan, həmçinin 30 ilin işğalına 44 gündə son qoyan qalib bir dövlət olaraq qeyd edəcək.

27 sentyabr - Anım Günü münasibəti ilə bu müqəddəs Vətən uğrunda dəyərli canlarından keçmiş, igidliklə ölümün gözünə dik baxan şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca tanrıdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

İslam MUSTAFAYEV, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: