Azərbaycan ərazisində qədim heyvanların çanaqları və sümüklərinin tapılması tropik iqlim qurşağında məskən salmış heyvanların vaxtilə ölkəmizdə yaşadığını sübut edir. 120 milyon il əvvəl okeanda yaşamış ixtiozavr və balıq növləri, 25-30 milyon il əvvəl yaşamış 16 növ balinakimilər, dişli və dişsiz quşlar, dəniz tısbağaları, 8-10 milyon il əvvəl yaşamış xortumlular, zürafələr, kərgədanlar, nəhəng kaftarlar, 1 milyon 500 il əvvəl yaşamış cənubi, çöl və meşə filləri, nəhəng marallar, öküzlər, mastodontlar, dinoterilər, mağara şiri, bəbir, antilop qədim atlar, eləcə də dünyanın ən nadir tapıntılarından biri hesab olunan Binəqədi dördüncü dövr Fauna və Flora Təbiət Abidəsindən tapılmış çoxsaylı heyvan və bitki qalıqları AMEA-nın Təbiət Tarixi Muzeyində saxlanılan qiymətli nümunələr arasındadır. Binəqədi qır gölündən toplanan kolleksiya içərisində xordalılardan: 43 növ məməli, 111 növ quş, 2 növ sürünən, 1 növ suda-quruda yaşayan aşkar olunmuşdur. Onurğasız heyvanlardan isə böcəklərin 120-dən çox növü, molyuskların 1 növü təyin edilmişdir. Həmçinin bitkilərdən 22 növü müəyyən olunmuşdur.
Ümumilikdə isə 200-dən çox məməlilər, 250-dən çox quşlar, sürünənlərin 30 növü, suda-quruda yaşayanların 8 növü, balıqların 78 növü, böcəklərin 200-dən çox növü, 43 bitki növü, molyuskların 500-dən çox növü muzeyin zəngin kolleksiyalarında ziyarətçilərə təqdim olunur.
Muzeydə saxlanılan ən qədim paleontoloji materiallardan olan Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılmış paleozoy erasının devon dövründən nümunələrin yaşı 350 - 400 milyon ili əhatə edir.
Müsahibimiz AMEA Təbiət Tarixi Muzeyinin baş direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov bu barədə məlumat verib.
-Tariyel müəllim, məlum olduğu kimi, AMEA-nın Təbiət Tarixi Muzeyində Azərbaycanın geologiyası, paleontologiyası, mineralogiyası və faunası ilə bağlı eksponatlar geniş şəkildə ziyarətçilərə təqdim olunur. Muzeyin yaranma tarixi, burada nümayiş olunan ekspozisiyalar, qorunub-saxlanılan eksponatlar haqqında məlumat verərdiniz.
Təbiət Tarixi Muzeyi 1919-cu ilin avqustunda Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin təşəbbüsü ilə yaradılmış “İstiqlal “ və onun nəzdində 1920-ci ildə təşkil olunan Dövlət Muzeyi təbiət bölməsi kimi fəaliyyətə başlayıb. 1927-ci ildə ləğv edilən həmin muzeydəki təbiət bölməsinin bazası əsasında 1937-ci ildə Təbiət Tarixi Muzeyi yaradılıb. 1957-ci ildən isə muzey bir müddət indiki AMEA Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 20 oktyabr 2014-cü il tarixində “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə yeni Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, AMEA nəzdində geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyi yaradılıb.
Təbiət Tarixi Muzeyi 2017-ci ildən sərbəst qurum kimi fəaliyyət göstərir.
Devon dövründən holosenədək olan dövrü əhatə edən orqanizmlərin kolleksiyasının qorunduğu Təbiət Tarixi Muzeyində onurğalılar faunasının təbaşir dövrü, Pirəkəşkül faunasının paleogen-neogen dövrləri, Eldar faunasının miosen dövrü, Abşeron və Bakı faunasının pleystosen dövrü, Binəqədi dördüncü dövr onurğasızlar və onurğalılar faunası, Azərbaycanın qədim flora və fauna qazıntıları saxlanılır. Qazıntılardan başqa, muzeydə Azərbaycanın və həmsərhəd ölkələrin müasir fauna nümunələri də nümayiş etdirilir. İlk növbədə, burada Azərbaycan faunasının “Qırmızı kitabı”na daxil olan nadir endemik heyvanların (ceyran, bəbir, kaftar, muflon, qızılı mabuya və başqaları) müqəvvaları, skeletləri geniş şəkildə ziyarətçilərə təqdim olunur.
Muzeydə Zoologiya, Paleontologiya və Geologiya bölmələri fəaliyyət göstərir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontoloji şöbədə müasir və qazıntı halında tapılan canlılar saxlanılır. Paleontologiya bölməsinin böyük marağa səbəb olması burada nadir eksponatlar, o cümlədən Binəqədi qır gölündən, Pirəkəşkül, Eldar oyuğu, Quşquna, Bozdaq, Qaracadan tapılmış onurğalı heyvanların skeletlərinin qalıqlarının nümayiş olunması ilə əlaqədardır. Geoloji şöbədə isə respublikamızda məlum olan filiz və qeyri-filiz yataqlarından toplanılmış porfirit, bazalt, mərmər, perlit, dolomit, barit, hemotit, mis, kvars, sidorit kimi süxur və mineral nümunələri nümayiş etdirilir.
Muzeyin əsas fəaliyyət istiqamətlərinə, həmçinin yeni elm sahəsi olan, geoloji proseslərin insanın təkamülündə birbaşa və dolayı yollarla təsirini öyrənən arxegeologiya, arxegeologiyanın tərkib hissəsi olan, Azərbaycan və ətraf ərazilərdə arxeoloji tədqiqatlar nəticəsində tapılan sümüklərin və dişlərin təyinatı ilə məşğul olan arxezoologiya, eləcə də Xəzər suitinin təkamülü, ekologiyası və morfologiyasının öyrənilməsi aiddir.
-Muzeyin zəngin kolleksiyasında daha çox hansı əraziləri əhatə edən eksponatlara rast gəlmək olar?
Hazırda Təbiət Tarixi Muzeyində yüz minlərlə eksponat qorunub saxlanılır. Muzeydə saxlanılan hər bir fauna və flora nümunəsi öz dövrünün xüsusiyyətlərini əks etdirir. Tapıntıların əksəriyyəti təbiət abidələrindən toplanılıb: Pirəkəşkül maykop faunası, Eldar yuxarı sarmat faunası, Quşkuna ağçaqıl faunası, Azıx mağarası, Bozdaq və Qaraca pleystosen faunaları, Qobustan holosen faunası.
Azərbaycanda ilk dəfə 1870-ci ildə qazıntı halında tapılan ibtidai öküzün qalıqları muzeyin kolleksiyasını zənginləşdirir.
Burada qazıntılar zamanı tapılan heyvanların sümükləri müasir heyvanlarla müqayisə olunur, fərqlər müəyyənləşdirilir. Muzeyin əməkdaşları Balakənin Filizçay, Katex polimetal yatağından, Gədəbəyin Uğur, Köhnə Gədəbəy və Qədir filiz yataqlarından, eləcə də Daşkəsənin Alunit və Kobalt yataqlarından aşkar etdikləri geoloji və paleontoloji nümunələri muzeyin eksponatları sırasına daxil edirlər.
Qeyd edim ki, İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yaxın zamanda Kiçik Qafqaz ərazisində yerləşən Laçın, Kəlbəcər, o cümlədən Zəngilana ekspedisiyaların təşkili də nəzərdə tutulur.
Ümumiyyətlə, dünyanın nadir tapıntılarından olan Binəqədi dördüncü dövr fauna və florası ABŞ-ın Kaliforniya ştatındakı Ranco La Brea ərazisi ilə müqayisə olunur. Lakin Ranço La Breadakı eksponatların maksimal yaşı 35 mindən başlayır. Binəqədi qır gölündə aşkar edilən fauna və flora nümunələrinin isə 10 mindən 120 minədək yaşı var.
Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, muzeydə qorunub saxlanılan bütün nümunələrin ziyarətçilərə təqdim olunması üçün lazımi şərait yoxdur. Kolleksiyanın böyük bir qismi hazırda anbarda saxlanılır. Həmçinin muzeyin minlərlə kolleksiya nümunələri Binəqədi qır gölü ərazisində qorunur.
-Bildiyimiz kimi, Təbiət Tarixi Muzeyində paleontologiya sahəsində aparılan tədqiqatların nəticəsi olaraq toplanan nadir eksponatlar qorunur. Bu eksponatlar barədə fikirlərinizi bölüşərdiniz.
Muzeydə saxlanılan ən qədim paleontoloji materiallardan olan devonların yaşı 350-400 milyon ili əhatə edir.
Geoloji vaxt baxımından ən qədim eksponatlardan biri alt Təbaşir dövründə (145 mln. il öncə) dünya okeanlarında yaşamış və Azərbaycan sularında fəal həyat sürmüş molyusklar tipinin nümayəndəsi belemnitlərdir. Eksponat 1974-cü ildə “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri” sərgisinin bürünc medalına layiq görülmüşdür.
Bunlarla yanaşı, muzeydə qədim konxilofauna kolleksiyaları da nümayiş olunur: Mezozoy Yura dövründən (150-160 mln. il) və təbaşir dövründən (70-120 mln. il) molyusklar tipinin üç sinfinin (qastropodlar, ikitaylılar və başıayaqlılar) mindən çox nümunəsi olan kolleksiyalar.
Onurğalı heyvanlardan isə Dəvəçi apt çöküntülərindən (təbaşir dövrü, 120 mln. il ) ixtiozavrın, Pirəkəşkül ətrafında tapılan oliqosendən (30 mln.) tapılmış qədim yalançı dişli quşların və əsl quşların, eyni ərazidən oliqosen və miosendə yaşayan çox qədim dişli və dişsiz balinalar və delfinlər (15 növü) muzeyin müvafiq vitrinlərində öz yerini tapmışdır.
-Qeyd etdiyiniz kimi, ölkəmizin ərazisində aparılan qazıntılar nəticəsində tapılan sümüklərin əksəriyyəti muzeydə nümayiş etdirilir və öyrənilir. Son illərdə aparılan tədqiqatlara əsasən, hansı heyvanların vaxtilə ölkəmizdə yaşadığı sübut olunub?
Azərbaycan bitki və heyvan növlərinin geniş yayılması baxımından olduqca zəngin təbiətə malikdir. Ekspozisiyalarda ölkəmizin zəngin təbii sərvətləri yer alır. Tədqiqatlar nəticəsində Azərbaycanda 4 növ zürafənin yaşadığı məlum olub. Ölkəmizdə yaşamış kaftarlar isə müasir şirlərdən dəfələrlə daha nəhəng olublar.
Muzeyin vitrinlərində Xəzər dənizində yaşayan balıqların, ilk növbədə, nərəkimilər dəstəsindən olan bölgə, qaya balığı, nərə və uzunburun balıqların müqəvvaları və müasir balıqların eksponatları yer alıb. Azərbaycanda yaşamış 16 növ balinakimilərin sonuncusu 6-7 milyon yaşı olan sarmat balinasıdır. 30 milyon yaşı olan tuna balığı, 120- 200 milyon yaşı olan dəniz kirpilərinin qalıqları da muzeydə qorunub saxlanılır.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycanın Xəzər akvatoriyasında 1971-2020-ci illərdə aparılan ekoloji və morfoloji monitorinq nəticəsində Abşeron yarımadasının şimal sahilinə atılmış Xəzər suitisi cəsədlərinin say dinamikası və ümumilikdə Xəzərdə suiti sayı arasında korrelyasiya təsdiq edilib. Bu dinamika Xəzərdə suiti saylarının indikatorudur. Bundan başqa, muzeyin əməkdaşları Xəzər suitisinin qorunması məqsədilə İngiltərə hökumətinin “Darvin” qrant təşəbbüsü layihəsində fəal iştirak edir və Azərbaycanda bu layihəyə rəhbərlik edirlər.
Onu da qeyd edim ki, Azərbaycanın əksər bölgələrindən tapılan arxeoloji materiallar Təbiət Tarixi Muzeyinə gətirilir. Onların arasında paleontoloji və təbii dəyişikliklər əsasında müxtəlif canlıların skeletləri və bitki örtüyünün qalıqları daha çoxdur. Son zamanlar aparılan tədqiqatlar əsasında meşə fili, nəhəng ibtidai öküz, nəhəng maralın əcdadı, iki yeni növ kərgədanın vaxtilə Azərbaycanda yaşadığı məlum olub.
Muzeydə 100-150 il bundan öncə çap olunmuş kitabların saxlanıldığı kitabxana da fəaliyyət göstərir.
-Təbiət Tarixi Muzeyinin AMEA institutları ilə əməkdaşlıq əlaqələrindən bəhs edərdiniz.
AMEA-nın əksər institutları ilə əməkdaşlıq əlaqələrimiz mövcuddur. Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə aparılan ekspedisiyalar zamanı Mingəçevir ərazisindən nadir kərgadanın alt və üst çənəsi, nəhəng öküzün kəlləsi, çoxsaylı alətlər tapılıb.
Qeyd edim ki, aparılan tədqiqatların nəticəsində Mingəçevir su anbarının ətrafının dünyada analoqu olmayan, qazıntı halında tapılan onurğalı heyvanların nəhəng regionu olduğu aşkarlanıb və hazırda bu ərazinin qorunması üçün ona beynəlxalq “Təbiət abidəsi” statusu verilməsi aktualdır.
Arxeoloqlarla birgə Azərbaycanın ərazisində bir neçə yeni paleolit dayanacaqları aşkar olunub və paleontoloji cəhətdən əsaslandırılıb. Əməkdaşlıq çərçivəsində Azərbaycanda indiyədək tapılmamış çöl və meşə fillərinin və nəhəng maralın əcdad formasının qalıqları ötən il aşkarlanıb. Qobustan milli qoruğunda tapılan onurğalı faunanın reviziyası aparılıb və ekspozisiya hazırlanıb. İlk dəfə burada tapılan holosen quşlarının təyinatı aparılıb. Qayaüstü təsvirlərin geoloji və bioloji eroziyadan qorunması məqsədilə yeni metodlar təklif olunub.
Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlıq çərçivəsində isə ekspedisiyalar zamanı əldə edilən nümunələrin yaşı təyin olunur. Hazırda muzeydə Azərbaycanın qazıntı halında tapılan onurğalılar faunasının elektron kataloqu yaradılır və bu iş yaxın zamanda tamamlanaraq Geologiya və Geofizika İnstitutuna təqdim olunacaq.
Xüsusilə vurğulamaq istərdim ki, muzeyin nəhəng kolleksiyasından biri Azərbaycan Tibb Universitetinin kafedrasında saxlanılır. Burada müasir heyvanların 3 mindən çox növü qorunur.
Qeyd edim ki, muzeyimizdə Azərbaycanın müasir və geoloji keçmişində yaşamış onurğasız və onurğalı heyvanların bərpa edilmiş skelet və müqəvvalarının xüsusi vasitələr və məhlullar vasitəsilə restavrasiyası aparılır. Xəzər dənizindən olan balıqların, Sakit okean və Aralıq dənizindən gətirilmiş və vaxtilə Azərbaycanda yaşamış tısbağa növlərinin və digər qalıqları tapılmış canlıların formalin və spirt məhlulunda saxlanılan cəsədləri burada nümayiş etdirilir.
Bununla yanaşı, muzeydə qazıntılar zamanı tapılan nümunələrin təyin olunması üçün müasir avadanlıqların qurulmasına da böyük ehtiyac var. Hazırda nümunələrin böyük qismi İngiltərə, Belçika, Xorvatiya, Çexiya kimi ölkələrə aparılaraq yaşları və digər xüsusiyyətləri təyin olunur.
-Bildiyimiz kimi, respublikamızda ilk dəfə “Azərbaycanın paleontoloji atlası” nəşrə hazırlanır. Bununla bağlı həyata keçirilən tədbirlərdən danışardınız.
Atlasın hazırlanmasında Təbiət Tarixi Muzeyi də yaxından iştirak edir. Müasir dizayn və illüstrasiya standartlarına cavab verən atlasda Azərbaycanın fauna və florasının öyrənilmə dərəcəsi və stratiqrafik cəhətdən əhəmiyyətli olan orqanizm qruplarının tərkibi haqqında məlumatlar əks olunacaq.
Uzun illər ərzində toplanmış zəngin paleontoloji materiallar əsasında hazırlanan paleontoloji atlasın üç cilddə nəşr olunması nəzərdə tutulur. I cild Azərbaycanın onurğasızlar faunasına (mollyusklar, braxiopodlar, krinoideyalar, mikrofauna, mərcanlar və s.) həsr olunacaq. II cilddə Azərbaycanın onurğalılar faunası (hipporion fauna, məməlilər, sürünənlər, quşlar və s.) yer alacaq. III cilddə isə ölkəmizdə paleofloristik tədqiqatlarının nəticələri (yarpaq flora, bitkilərin spor-tozcuğu, diatomlar, dinosistlər, nanoplankton və s.) haqqında materiallar cəmlənəcək.
-Təbiət Tarixi Muzeyinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində gələcəkdə hansı işlərin görülməsi nəzərdə tutulur?
Muzeyin qarşısında duran əsas məsələlərdən biri vətəndaşlarımızı ölkəmizin təbii sərvətləri, fauna və florası ilə tanış etmək, onlara maddi-mənəvi sərvətlərimizin, ekologiyanın qorunmasının vacibliyi ilə bağlı tövsiyələr verməkdən ibarətdir.
Muzeyi ziyarət edənlər arasında baxça və şagird kollektivləri, tələbələr, gənc tədqiqatçılar, o cümlədən xarici qonaqlar üstünlük təşkil edir.
Ödənişsiz olaraq fəaliyyət göstərən muzey hazırda fəaliyyətini pandemiya dövrünün tələblərinə uyğun qurub. Muzeyə baş çəkən ziyarətçilərin COVID-19 pasportları yoxlanılır. Həmçinin muzeyə eyni anda 3 nəfərdən artıq ziyarətçinin daxil olmamasına nəzarət edilir.
Xalqımıza daha yaxşı xidmət göstərə bilmək üçün gələcəkdə mövcud poblemlərin aradan qaldırılması, muzeydə bütün kolleksiyanın nümayiş olunması üçün şəraitin yaradılmasında AMEA rəhbərliyi tərəfindən dəstək göstəriləcəyinə ümid edirik.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.