Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycanın haqq işi nəticəsində müqəddəs bayrağımız Qarabağda zəfərlə dalğalandı
28.09.2021 14:42
  • A-
  • A
  • A+

Azərbaycanın haqq işi nəticəsində müqəddəs bayrağımız Qarabağda zəfərlə dalğalandı

Şəhidlər ölməz,

Vətən bölünməz!

Tarixən hər bir millət, hər bir dövlət öz şəxsiyyətləri, igidləri ilə tarixin səhifələrində özünəməxsus iz buraxmışlar. Bəşər tarixinin hər hansı bir zaman kəsiyində müəyyən bir millətin başını göylərə ucaldan və ya onun şərəfini qoruyan insanlar - həmin millətin tarixini yaradanlardır. Allahın ən böyük yaranmışı olan insan öz ömrünü adi bir həyat tərzi kimi də yaşaya bilər, heç bir iz qoymadan dünyadan gedər. Lakin elə insanlar da var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşaraq, özündən sonrakı nəsillərə örnək olur. Anadangəlmə insanlarda hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti, məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. Hər bir insanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Doğma vətənini, torpağını, millətini sevməyi bütün insanlara öyrədir. Bir anın içərisində insanlığa örnək olur, ən böyük qəhrəmana çevrilir. Vətənə, torpağa, ailəyə, el-obaya şərəf gətirir, adı gələndə hamı baş əyir. Məhz bir anda vətənin azadlığı uğrunda mübarizədə xalqının, millətinin dilləri əzbəri olanlar - Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, Rəşad Mahmudov, Yaşar Babayev, İlqar Zeynalllı, Vüqar Sadıqov, Elşad Məmmədov, Elçin Mustafazadə, Xəyyam Daşdəmirov, Mehrac Əhədov və Nazim İsmayılov.... Canları və qanları bahasına bir anda millətinin qəhrəmanına çevrildilər. Ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşdilər. Doğma torpaqları uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarix... Tarix yazan bu igidlər qısa bir ömür yaşadılar, əsl vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcu şərəflə yerinə yetirdilər. Gözlərini qırpmadan, dizləri titrəmədən, əlləri əsmədən, ürəyində qorxu xofu yaranmadan onlar şəhid oldular. Qəhrəmanlarımız bilirdilər ki, arxada vətən - Azərbaycan yaşayır. Şəhid qanları ilə suvarılan vətənin hər qarışı müqəddəsdir.

Şəhidlərimiz Azərbaycanın hər bölgəsində and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi məskən salmaqla gənclərimizə örnək oldular. Onlar ölümləri ilə bir həqiqəti təsdiqlədilər: qəhrəman o insandır ki, özünü həyat uğrunda mübarizələrdə ölümə qalib gəlməklə təsdiqləyir.

Sentyabrın 27-si başlayan döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla vətənin bölünməzliyinə imza atdılar. Şəhidlərimiz Azərbaycan bayrağının işğal altındakı doğma torpaqlarımızda dalğalanması naminə canlarından keçdilər. Bu yolda canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur. Azərbaycan yenilməz, mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə də təsdiqləyir. 

Bizim qəhrəman oğullarımızın üstünlüyü ondadır ki, düşmənlə üz-üzə gələndə qorxmur, həyatla vidalaşanda da əzəmətini qoruyub saxlaya bilir. Şəhid oğul və qızlarımız ölümləri ilə də ermənilərə qalib gəlirlər. Başqalarının torpaqlarını zəbt etdikləri üçün layiq olduqları cavabı alan, öldürülən erməniləri şəhid adlandırmaq olmaz. Ona görə ki, onlar özlərinə məxsus olmayan torpaqlara oğru kimi soxularaq  tarixi ərazilərimizə sahib çıxmaq istəyirlər. Lakin onu bilmirlər ki, özgə torpağına xor baxanın gözü kor, yurdu viran qalar, uzanan əli kəsilər. Əsgərlərimiz döyüş bacarığı, mətanəti, düşmənə qalib gəlmək əzmi ilə düşmənlərimizi qorxuya saldılar.

Şəhidlərimizin qanı yerdə qalmadı. Onların apardıqları haqq işinin nəticəsində müqəddəs, üçrəngli bayrağımız Qarabağımızda zəfərlə dalğalandı. Qüdrətli ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altında olan doğma toraqlarımız azad edildi və Azərbaycanın qələbəsi ilə başa çatdı. Xain düşmənin torpaqlarımızı murdarlayan nəfəsi kəsildi. Şəhidlərimizin nigaran ruhları rahatlıq tapdı, səmamızdan yurdumuza boylanaraq, “gözün aydın, vətən!” dedi.

Qələbə çalmağımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”, - deyən Azərbaycanın əsgər və zabitləri sözlərinin sahibi olduqlarını döyüşdə öz canlarından keçərək sübuta yetirdilər.

Dövlətimiz hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, ölkə başçısının Sərəncamına əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Döyüş meydanında Vətən uğrunda həlak olmuş, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi naminə canlarını qurban vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Fərid MUSTAFAYEV, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: