AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fondunun əməkdaşları İkinci Qarabağ müharibəsində fəal iştirak etmiş, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalmış Bilal Qənbərovun məzarını ziyarət ediblər.
Ziyarət zamanı MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə və fondun əməkdaşları şəhidin 28-ci doğum günündə onun məzarı üstünə gül dəstələri düzərək, əziz xatirəsini hörmət və ehtiramla anıblar.
1993-cü il sentyabr ayının 29-da anadan olan Bilal Qənbərov Şuşa uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin ailəsi Birinci və İkinci Qarabağ müharibəsinin şəhid, qazi, iştirakçılarının adlarını əbədiləşdirmək məqsədilə yaradılan MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə yaxından tanış olub, Esmira Günəşin “Unutmadıq Şəhidim” kitabını fonda hədiyyə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.