Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Oxçuçay – bəşəriyyətə qarşı törədilən ekoloji terror
04.10.2021 12:11
  • A-
  • A
  • A+

Oxçuçay – bəşəriyyətə qarşı törədilən ekoloji terror

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının böyük hərbi-siyasi qələbəsi ilə yekunlaşdı. Xalqımız tarixə qanla yazılmış haqlı savaşında əldə etdiyi şanlı qələbə ilə işğalla barışmadığını, ədalətsizliyə, haqsızlığa baş əyməyən məğrur və böyük xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Qələbəmizin memarı, Qalib Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə müzəffər Azərbaycan ordusu beynəlxalq hüququn həll edə bilmədiyi münaqişəyə son qoydu və otuz ilə yaxın düşmən tapdağında inildəyən vətən torpaqlarını işğaldan azad edərək, şanlı Azərbaycan bayrağını şərəf və iftixar hissi ilə əzəli yurd-yerlərimizdə dalğalandırdı.

Tarixi torpaqlarımızı işğal edən, doğma yurd-yuvalarımızı tarmar edib dağıdan, dini inanc yerlərimizi viran qoyub donuz tövlələrinə çevirən, min illərə söykənən xalqımıza məxsus mədəni-mənəvi irsi məhv etməyə çalışan erməni barbarları öz layiq olduqları cavabı aldılar. Dəmir yumruq azğınlaşmış qarı düşmənin başını əzməklə, təkcə regionumuzu deyil, bütövlükdə dünyamızı erməni faşizmindən xilas etdi. Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı bu qələbə milli qürurumuzun xilası, milli iradəmizin və milli birliyimizin nümayişi idi.

Əfsuslar olsun ki, Dağlıq Qarabağ münaqişəsinin artıq geridə qaldığına baxmayaraq, tarix boyu xalqımıza qarşı sərgilənən düşmənçilik siyasəti bu gün də davam etməkdədir. Qalib Azərbaycan ordusunun önündən qaçan, onun qalibiyyətini həzm edə bilməyən Azərbaycanfob, türkfob hissləri ilə boğulan mənfur düşmən öz məkrli niyyətindən əl çəkməyərək, digər çirkin yollara əl atmaqdadır. Bunlardan biri də məhz Oxçuçay ekoloji terrorudur.

Başlanğıcını qədim yurd yerimiz Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürüb, indiki Ermənistanın Qafan rayonu və Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu ərazisindən keçən, ümumi uzunluğu 85 km (40 km-ə qədəri Azərbaycan ərazisinə düşən) və hövzəsinin sahəsi 1140 km² olan Oxçuçay bu gün ekoloji terrorla üz-üzədir.

Ekoloqlar tərəfindən ölkəmizin sərhəd çaylarının ekoloji vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin yanvar-iyun aylarında aparılan monitorinqlər zamanı Oxçuçaydan götürülən su nümunələrinin yerli və beynəlxalq laboratoriyalarda, o cümlədən Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında analizi zamanı yüksək miqdarda mis, molibden, manqan, dəmir, sink və xrom kimi ağır-toksik maddələr aşkar edilmişdir. Belə ki, monitorinq hesabatlarına əsasən, çirklənmə səviyyəsi normadan dəfələrlə artıq olan çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel 7 dəfə mövcud göstəricilərdən yüksək olmuş, çayın rəngi isə çirkələnmə səbəbindən vizual olaraq dəyişikliyə məruz qalmışdır.

Araşdırmalar zamanı o da müəyyən edilmişdir ki, çayın bu cür zərərli tullantılar ilə çirkləndirilməsində başlıca səbəb çayın Ermənistan ərazisindən keçən hissəsində fəaliyyət göstərən, Ermənistanın ən böyük vergi ödəyicisi hesab olunan və yüzdə 60% paya sahib Almaniyaya məxsus “Cronimet Holdinq” sənaye müəssisəsinin Qafanda fəaliyyət göstərən mis-filiz emalı zavodu və Qacaranda ölkənin ən iri həcmli dağ-mədən resursu hesab edilən mis-molibden yatağının istismarı ilə məşğul olan “Zangezur Copper-Molybdenum Combine (ZCMC)” şirkəti tərəfindən dağ-mədən sənayesinin ağır kimyəvi tullantılarının təmizlənmədən çaya axıdılmasıdır.

Beləliklə, bu gün Oxçuçay sənaye tullantılarının zərərsizləşdirilməsində sanki kollektor rolunu oynamaqla hədsiz dərəcədə çirklənməyə məruz qalmaqdadır. Bunun acı nəticəsidir ki, Oxçuçayın mövcud fauna və ekosisteminin pisləşməsi səbəbindən çayda balıqların kütləvi məhv olma faktları aşkarlanmışdır. Belə ki, aparılan vizual monitorinq zamanı Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş qızılxallı balığının (small trout, форел), şirbit və digər balıqların kütləvi şəkildə məhvi müşahidə edilmişdir. Bu acınacaqlı mənzərə çayda çirklənmə səviyyəsinin nə qədər kritik vəziyyətdə olduğunu bir daha göz önünə sərir.

Eyni zamanda təkzibolunmaz faktlara əsasən mədənlərdə istehsal həcminin artırılması ilə əlaqədar olaraq daha iri həcmdə su resursundan istifadə olunur ki, bu da Oxçuçayı yaxın gələcəkdə tamamilə quruyaraq yox olma təhlükəsi ilə üz-üzə qoyur.

Mədənlərdə istehsal həcminin artırılmasında başlıca səbəb isə son illər ərzində dünya bazarında mis, qızıl və digər qiymətli metallara olan tələbatın kəskin surətdə artmasıdır. Bu isə onsuz da iqtisadi tənəzzül dövrünü yaşayan, məhdud maliyyə resurslarına malik olan və maliyyə ehtiyatlarının artımını ölkənin və regionun ekoloji təhlükəsizliyindən üstün tutan Ermənistan höküməti üçün əlavə gəlir mənbəyi olaraq bir şans oldu. Xüsusilə 2009-cu ildə dünyada baş vermiş qlobal maliyyə böhranı səbəbindən ölkə iqtisadiyyatının geriləməsindən sonra dünya bazarında bu cür metal qiymətlərinin artımı Ermənistan Respublikasında yeni iş yerlərinin yaradılması və əlavə maliyyə resurslarının əldə olunması ilə mədən sənayesinin ümumi iqtisadiyyatda rolunun əhəmiyyətli dərəcədə artmasına səbəb oldu.

Belə ki, statistik göstəricilərə əsasən, son dövrlər ərzində ixrac əməliyyatlarının həcmində ümumi ixrac edilən mal və əmtəənin yarıdan çoxu (51%) dağ-mədən sənayesinin payına düşür. İstehsal sahələri üzrə sənaye məhsullarının quruluşunda isə dağ-mədən sənayesi təqribən 20%-ə yaxın olmaqla ikinci yeri tutur.

Ermənistanın Gömrük Xidmətinin statistik məlumatlarına əsasən, 2019-cu ildə ixrac edilən məhsullar arasında ilk yeri 627 milyon ABŞ dolları dəyərində mis kondensatı yer alır. Əvvəlki illə müqayisədə ixrac edilən mis kondensatında 32% artım qeydə alınmışdır ki, bunun da əsas səbəbi 2019-cu ilin iyul ayından etibarən qonşu Gürcüstan Respublikası ilə mübahisəli Teğut yatağının yenidən istismara verilməsidir.

Ümumilikdə isə bu gün Ermənistanın əsas filiz ixracatçıları Azərbaycan və İran İslam Respublikasının ekoloji vəziyyətinə təhlükə yaradan “Zangezur Copper-Molybdenum Combine CJSC” ilə yanaşı, “Agarak Copper Molybdenum Combine” CJSC, “Akhtala Mining and Processing Enterprise” CJSC və Gürcüstan Respublikası üçün ekoloji təhlükə mənbəyi hesab olunan və mübahisəli ərazidə fəaliyyət göstərən “Teghout Armenia” şirkətləridir.

Lakin Ermənistanda ölkə üzrə dağ-mədən sənaye məmulatlarının böyük hissəsi – 87%-i məhz Qərbi Zəngəzur bölgəsində istehsal olunur. Ermənistanın çirkləndirilmiş Oxçuçay kimi su mənbələrinin aşağı axarlarının qonşu ölkələrin (Azərbaycan, İran) ərazisində olması isə bu ölkələrin, xüsusilə ölkəmizin ətraf mühitinə və ekologiyasına böyük təhlükə yaratmaqdadır.

Hətta 2017-ci ildə Ermənistanın Ətraf Mühitin Monitorinqi və İnformasiya Mərkəzinin məlumatlarına əsasən aparılan araşdırmalar nəticəsində, Oxçuçayın suyunun 5-ci kateqoriyaya, yəni ən aşağı keyfiyyətə malik olması müəyyən edilmişdir. Bu səbəbdən çay ölkə ərazisində ən çox çirkləndirilən çay hesab olunduğundan irriqasiya məqsədləri üçün istifadəsi qadağan edilmişdir.

Transsərhəd çay olan Oxçuçayın Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalması regionda əkin sahələrinin suvarılmasına və içməli su təminatına da olduqca mənfi təsir göstərir. Ümumilikdə isə istər suvarma sahələrində, istərsə də su təminatı zamanı istifadə olunan çay əhalinin sağlamlığı üçün real təhlükə mənbəyidir. Belə ki, çirkləndirilmiş suyun istifadəsi insanlarda - mədə-bağırsaq traktının pozğunluqları, böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslər, ürək-damar, sinir sistemlərinin pozulması kimi son dərəcə ciddi fəsadlara yol aça bilər.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Oxçuçayın zərərli suları öncə Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına (Xudafərin su anbarına), sonda isə Xəzər dənizi hövzəsinə tökülməkdədir ki, bu da mövcud ekoloji faciənin miqyasını xeyli artırmaqla regionu daha böyük ekoloji böhrana sürükləməkdədir.

Ölkəmizin yerüstü su ehtiyatlarının təxminən 70%-nin qonşu ölkələrdə və transsərhəd su axınları hesabına formalaşdığını, eyni zamanda transsərhəd çayların böyük bir hissəsinin Ermənistandan Azərbaycan ərazisinə axdığını nəzərə alsaq, Ermənistanın hələ də beynəlxalq Helsinki Konvensiyasına qoşulmaması böyük təəssüf hissi doğurur.

Belə ki, Ermənistan bu günədək mövcud razılaşmaya qoşulmayıb Konvensiyanı ratifikasiya etməkdən boyun qaçıraraq, onun bütün prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Eyni zamanda Helsinki Konvensiyasının əhalinin sağlamlığının qorunması, su ehtiyatlarının daha yaxşı idarə edilməsi və çirkləndirilməsinin azaldılması prinsiplərini özündə əks etdirən “Su və sağlamlıq haqqında” Protokolu Ermənistan hökuməti tərəfindən 1999-cu ildə imzalansa da, bu günədək hələ də qüvvəyə minməmişdir. Bunun başlıca səbəbi isə Konvensiyada “çirkləndirən ödəyir” prinsipinin Ermənistan hökuməti tərəfindən qəbul edilməməsidir. Rəsmi İrəvan bu prinsipin yalnız ölkə daxilində tətbiq edilməsini uyğun görür və aşağı axarda yerləşən dövlətlərin (Azərbaycan, İran) hər hansı kompensasiya tələblərinə xidmət etməməli olduğuna israr edir.

Lakin Ermənistandan fərqli olaraq Azərbaycan Respublikası BMT-nin Avropa İqtisadi Komissiyasının “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” 1992-ci il tarixli Helsinki Konvensiyasının “Su və sağlamlıq haqqında” 1999-cu il 17 iyun tarixli Protokoluna qoşulmaq barədə 2002-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı 372-IIQ nömrəli, 22 oktyabr 2002-ci il tarixli Qanunu ratifikasiya etmiş, həmçinin üçhesabatlılıq dövründə iştirak etmişdir.

Ölkəmiz tərəfindən Oxçuçayın ekoloji böhranı, kritik vəziyyəti və çayın Ermənistan tərəfindən davamlı çirkləndirilməsinin qarşısının alınmasının zəruriliyi və təxirəsalınmaz tədbirlərin görülməsi barədə beynəlxalq təşkilatlara – UNEP-in Avropa ofisinə, UNECE-nin icraçı katibi və Konvensiya katiblərinə, o cümlədən Alman Bundestaqına, xüsusən Bundestaqın Ətraf Mühit, Təbiət Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsinə, həmçinin Yaşıllar fraksiyası nümayəndələrinə çoxsaylı müraciətlər ünvanlanmışdır. Həmçinin İran İslam Respublikası Ətraf Mühit İdarəsinə hər iki ölkənin ətraf mühitinə bu mənfi transsərhəd təsirin önlənməsi üçün ortaq iş birliyinin zəruriliyini əks etdirən müraciət ünvanlanmış və bu problemin birlikdə həll olunmasına xidmət edəcək ortaq işçi qrupun yaradılması da təklif edilmişdir.

Lakin çox təəssüflər olsun ki, bütün bu kimi rəsmi müraciətlərə və haqlı tələblərə rəğmən Ermənistan tərəfi hələ də qlobal miqyas alan mövcud vəziyyətin aradan qaldırılması istiqamətində aşkar şəkildə laqeydlik nümayiş etdirərək, heç bir əməli tədbir görməməkdədir.

Coşqun MƏMMƏDOV, AMEA-nın vitse-prezidentinin xidmətində elmi katib

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: