Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.10.2021 17:14
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans öz işinə başlayıb

Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq konfrans öz işinə başlayıb

Oktyabrın 4-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Günəş sistemi cisimlərinin fizika və dinamikasının tədqiqində müasir istiqamətlər” adlı onlayn beynəlxalq konfrans öz işinə başlayıb. Görkəmli astronom alim, rəsədxananın qurucusu akademik Hacıbəy Sultanovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda Rusiya, Ukrayna, Gürcüstan, Slovakiya, Qazaxıstan və Tacikistandan astronom alimlər iştirak edirlər.

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq konfrans iştirakçılarını Akademiya rəhbərliyi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi adından salamlayıb və akademik Hacıbəy Sultanovun həyat və elmi yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, H.Sultanov 1953-cü ildən Azərbaycanda astronomik rəsədxananın tikintisinə rəhbərlik edib, ŞAR-ın rəsmi yaradıldığı 1959-cu ildən 1981-ci ilədək direktoru olub. O, 1976-1981-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olub, 1981-2007-ci illər ərzində isə ŞAR-da Kiçik cisimlərin tədqiqi şöbəsinə rəhbərlik edib. H.Sultanov Azərbaycan Elmlər Akademiyasının həqiqi və Beynəlxalq Astronomiya İttifaqının üzvü olub. O, SSRİ-nin və müstəqil Azərbaycan  Respublikasının bir sıra dövlət mükafatları ilə təltif edilib.

Sonra çıxış edən AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə görkəmli alimlə bağlı xatirələrini bölüşüb, onun peşəkar işgüzar intizamından və gözəl insani keyfiyyətlərindən danışıb.

Daha sonra tədbirdə H.Sultanovun qızı Gülnar Sultanova çıxış edib. O, öz çıxışına tədbir təşkilatçılarına təşəkkür edərək başlayıb. G.Sultanova atasının elmə, astronomiyaya olan şövqündən danışıb, Hacıbəy Sultanovun Azərbaycanda açdığı astronomiya cığırından gedərək hal-hazırda görkəmli astronomların çalışdığı Şamaxı Astrofizika Rəsədxanasının kollektivinə gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Onlayn formada təşkil olunmuş beynəlxalq konfransda tanınmış rəssam Hüseyn Mirtəqəvi də çıxış edərək yubiley münasibətilə akademik H.Sultanovun ailə üzvlərini, həmçinin bütün astronomları təbrik edib. Sonra isə H.Sultanovun faner üzərində cərrah bıçağı ilə çəkilmiş portretini konfrans iştirakçılarına təqdim edib. Portretin üzərindəki müxtəlif əlavə təsvirlərin açıqlamasını verən rəssam öz əl işini rəsədxananın muzeyinə bağışlayıb.

Konfransda, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Tacikistan Astrofizika İnstitutunun direktoru Gülçöhrə Koxirovanın təbrik videoları izlənilib.

Memorial hissənin sonunda akademik Hacıbəy Sultanov haqqında sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, hazırda elmi məruzələr fonunda davam etdirilən beynəlxalq konfrans öz işini oktyabrın 5-də başa vuracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: